İSLAHATÇILAR İRANI BÜRÜMÜŞ AKSİYALARA NİYƏ QATILMADILAR? – “Biz xalqımıza deməliyik ki…”

Dərc olunub: 09/01/2018 - 01:32

iran

İranı nəhəng etirazlar dalğası bürüdü. Bu etiraz hərəkatları əyalətlərdə başladı və onun konkret liderləri olmadığına görə müəyyən mənada ərəb baharı üsyanlarını xatırlatdı. İran islahatçıları belə etirazların liderliyini tamamilə öz üzərinə götürə biləcək bir qrupdur. Amma hələlik onlar baş verənlərdən kənarda dayanmağa çalışırlar.

Bəzi ekspertlərin fikrinə görə, islahatçıların bu məsələlərə müdaxilə etməmək istəyi onların İranın Suriyanın taleyi ilə qarşılaşa biləcəyi qorxusu ilə izah olunur. Digər tərəfdən isə, etirazçıların aqressiv taktikası islahatçıların dinc metodlarına uyğun gəlmir.

Bu etirazlara nə üçün lider lazımdır?

Liderlərin olmaması qısamüddətli perspektivdə bu cür hərəkatlar üçün faydalı ola bilər. İndiki hərəkat heç bir konkret məqsəd irəli sürmür və belə olan halda rejim nəyə qarşı mübarizə aparacağını tam müəyyənləşdirə bilmir. Lakin uzunmüddətli perspektivdə liderlərin yoxluğu xeyli sayda problemlər yaradır. Çünki hərəkatın strategiyasının ardıcılları olmadığı üçün hakimiyyət qarşısında etirazçıların tələblərini irəli sürən və bu istiqamətdə hökumətlə danışıqlar aparacaq qüvvə də olmur.

İran islahatçıları 2009-cu ildə lider rolunda çıxış edirdilər. Onda yüz minlərlə insan seçkilərin saxtalaşdırılmasına etiraz əlaməti olaraq küçələrə axışmışdı. Həmin seçkilərdə Mahmud Əhmədinecad yenidən prezident seçilmişdi. 2009-cu ildə etiraz hərəkatı əsasən Tehranda cəmləşmişdi və demək olar ki, əyalətlərə yayılmamışdı. Yəni ən mühümü o idi ki, ölkənin fəhlə sinfi həmin etirazlardan kənarda qalmışdı. Aktivistlərin və ekspertlərin fikrinə görə, onların etirazının müəyyənləşdirici xüsusiyyəti “Yaşıl hərəkat”ın nümayəndələrinin orta sinifdən və Tehran əhalisindən ibarət olmasıydı. Bu isə onun uğursuzluğun başlıca səbəbi sayıla bilər.

8

İndiki etiraz dalğası Tehran ilə əyalət və həmçinin də cəmiyyətin aşağı təbəqəsi və orta sinif arasındakı boşluğun aradan qaldırlmasının mümkünlüyünü göstərir. Amma hələlik bu baş verməyib. Hal-hazırda islahatçılar bu etiraz dalğasından məsafə saxlayaraq, özləri ilə etirazçılar arasında dəqiq sərhəd xətti çəkiblər.

İslahatçıların tanınmış strateqi Həmid Rza Cəlaypur hesab edir ki, bu cür etirazlar İranı məhvə sürükləyib, onu Əfqanıstana döndərə bilər. O, bildirir ki, etirazçıların tələbləri mütləq dinlənilməlidir. Amma buna baxmayaraq, o, deyib: ”Biz xalqımıza deməliyik ki, ölkəmizin problemlərini küçə etirazları vasitəsi ilə həll etmək mümkün deyil”.

2009-cu ilin etirazlarından sonra bir neçə il həbsdə olmuş nüfuzlu islahatçı Mustafa Taczadə bildirib: “İslahatçıların borcu toqquşmaların və İranın Suriyaya çevrilməsinin qarşısının alınmasıdır”.

İslahatçıların digər görkəmli lideri Abbas Abdi etirazları plansız və irrasional adlandırıb.

Sosial şəbəkələrdə islahatçılar özlərinin islahatçılar anlayışını bölüşmək və indiki etiraz dalğasından nə üçün aralı durduqlarını izah etmək üçün “#BelieveinReforms” heşteqindən istifadə edirlər. Sosial şəbəkədəki islahatçılardan biri yazır ki, hələ heç bir ölkədə küçə yürüşləri vasitəsilə demokratiya qurmaq müyəssər olmayıb. Digərləri isə onu dəstəkləyərək bildirirlər ki, bu etirazlar yalnız represiyaların sərtləşdirilməsinə yol açacaq.
Bəs, islahatçılar nə üçün etirazçıların tərəfində durmadılar?

Hərçənd ki, bu əhval-ruhiyyə məlumdur. Çünki küçə yürüşlərinə qarşı münasibət öz kökləri ilə islahat hərəkatlarının formalaşması dövrünə gedib çıxır. 1990-cı illərin sonlarında islahatçılar rejimin içindəki fraksiya idilər və İranı daxildən demokratikləşdirməyə cəhd göstərirdilər. Hakimiyyətin icra və qanunverici şaxələrinin içindən yüksələn islahat hərakatı 1997-ci ildə intellektualların, tələbələrin və orta sinifin nümayəndələrinin kütləvi səfərbərliyi ilə üst-üstə düşmüşdü. Onlar demokratikləşmədə, insanlara sosial azadlıqlar verilməsində və qanunun diktaturasının bərqərar olmasında israr edirdilər.

İrandakı cəmiyyətin problemləri o qədər ciddi və dərindir ki, islahatçılar kütləvi səfərbərliyin radikalizmə və vətəndaş müharibəsinə gətirə biləcəyindən ehtiyatlanırlar.

Mühafizəkarlar hər dəfə islahatçıların üzərinə düşəndə və onların hökumət daxilindəki təşəbbüslərini əngəlləyəndə, islahatçıların liderləri və ziyalılar öz tərəfdarlarını sakit olmağa çağırırlar. Məsələn, nüfuzlu islahatçılardan birini həbs edən zaman, tərəfdaş qəzetlərdən biri yazmışdı: ”Bu emosiyaların coşmasının istənilməsi planının tərkib hissəsi ola bilər, ona görə də, biz represiyaların başlamasına heç bir bəhanə verməməliyik. İndiki halda istənilən etiraz aksiyası avtoritar hakimiyyətin maraqlarına xidmət edir”.

Hətta islahatçı təşkilatlardan biri bunu ifadə edə biləcək xüsusi termin düşünüb: ”Aktiv sakitlik”. Yəni burada məqsəd islahatçıların qarşıdurmaya getmədən öz tələblərində israr etməsindən və beləliklə də, mühafizəkarların etibarını qazanmaqdan ibarətdir. Digər tərəfdən isə, islahatçılar həmişə səsverməni dinc siyasi dəyişiklərə aparan əsas yol hesab edirlər. Bu isə kütləvi səfərbərliyə uyğun gəlmir.

Bəs onda islahatçılar nəyə görə 2009-cu ildə “Yaşıl hərəkat” zamanındakı kütləvi səfərbərlikdə iştirak ediblər?

Çünki 2009-cu ildəki çıxışlar, seçkilərin nəticələrinin elan olunmasından sonra baş verdi və seçkilərdən öncə baş vermiş küçə yürüşlərinin davamı idi. 12 iyun tarixində səsvermənin nəticələri elan ediləndən sonra qəzəblənmiş Tehran sakinlərinin etirazları başladı. Etirazçılar islahatçıların onları yürüşlərdə iştiraka dəvət etmələrini gözləmədilər.

98

İslahatçıların liderləri nümayiş keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdilər, lakin rədd cavabı aldılar. Müxalifətin əsas namizədləri Mir Hüseyin Musavi və Mehdi Kərrubi həmin gün etiraz aksiyalarının keçirildiyi yerə getdilər. Onlar buraya insanları kütləvi səfərbərliyə çağırmaq üçün deyil, onlara hakimiyyətin yürüş keçirməyə icazə verməməsini bildirmək üçün getmişdilər. Yəni onlar etirazçıların qeyri-qanuni nümayişlərdə iştirak etdiyini demək istəyirdilər. Amma müxalifət namizədləri gördülər ki, etirazçılar üçün icazənin verilib-verilməməsinin heç bir əhəmiyyəti yoxdur.

Milyonlarla insan həmin aksiyalarda iştirak etdi. Bu aksiyalar 1979-cu-il islam inqilabından sonrakı ən iri nümayişlər idi və islahatçı liderlərin dəstəklənməsinə çağırışlar olunurdu. Amma etirazçılar həmin liderlərin fikri ilə maraqlanmadan küçələrə axışmışdılar.

“Yaşıl hərəkat” üsyanının dinamikası 2009-cu ildəki prezident seçkilərinin xüsusiyyətindən qaynaqlanırdı və islahatçıların liderləri etiraz hərəkatına rəhbərlik etmək üçün sadə insanların arzu və tələblərinin arxasınca getməliydi. Həmin hərəkat zamanı meydana gəlmiş həmrəylik hissi bəzi islahatçıları kütləvi səfərbərliyin müsbət tərəflərini görməyə yönəltdi. Lakin etiraz hərəkatının zəifləməsi və represiyaların başlaması, islahatçılarda aqressiv kollektiv fəaliyyətlərin siyasi dəyişiklərə gətirib çıxarmayacağına tam əminlik yaratdı.

İrandakı etirazların indiki dalğası artıq rejimın və cəmiyyətin siyasi landşaftını pozub. Bəzi gənc aktivistlər küçə yürüşləri vasitəsilə bu etiraz dalğasını islahatçı partiyaların tələbləri istiqamətinə çəkməyi təklif edirlər. Ancaq islahatçılar kənarda dayanmaqda davam edirlər. Əgər islahatçılar qrupu küçə yürüşləri ilə bağlı öz qorxularının öhdəsindən gələ bilməslər, onda uzunmüddətli perspektivdə onlar demokratik dəyişiklərin həyata keçilməsinin aparıcı qüvvəsi statusundan məhrum ola bilərlər.

(“The Washington Post”)


loading...




Fikrinizi bildirin