“Bakı Metropoliteni"nin strukturu genişləndirildi- - 4 sədr müavini, 11 törəmə müəssisə və 11 təşkilat

Nazirlər Kabineti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edib. “Media forum” saytı xəbər verir ki, iyulun 4-də həmin qərar, eyni zamanda “Bakı Metropoliteni”nin nizamnamə və strukturu Nazirlər Kabinetinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Bakı Metropoliteni” QSC bu il fevralın 27-də prezident Ilham Əliyevin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Bakı Metropolitenin və “Azərtunelmetrotikinti”nin bütün hüquq və öhdəlikləri, habelə əmlakı “Bakı Metropoliteni” QSC-yə keçib.

“Bakı Metropoliteni” QSC-nin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 770 milyon 950 min manatdan çoxdur, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 14 manat 14 qəpik olan 125 milyon 244 mindən çox adi səhmdən ibarətdir

“Bakı Metropoliteni” QSC-nin kollegial icra orqanı Idarə Heyətidir. Idarə Heyətinin tərkibi 5 nəfərdən - “Bakı Metropoliteni”nin sədrindən və 4 sədr müavinindən ibarətdir. Idarə Heyətinin işinə “Bakı Metropoliteni” QSC-nin sədri rəhbərlik edir.

“Bakı Metropoliteni” QSC-nin sədrinin və onun müavinlərinin (Idarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsini Azərbaycan prezidenti həyata keçirir.

“Bakı Metropoliteni” QSC-nin strukturu QSC-nin aparatından, törəmə müəssisələrindən və QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardan ibarətdir.

Bakı Metropoliteni”nin törəmə müəssisələri bunlardır: 1 saylı Tunel Tikinti Idarəsi; 2 saylı Tunel Tikinti Idarəsi; 3 saylı Tunel Tikinti Idarəsi; Xüsusi Tamamlama Işlər Idarəsi; Xüsusi Hidrotexniki Işlər Idarəsi; Dəmir Beton Konstruksiyalar Zavodu; Mexanikləşdirmə Idarəsi; Avtonəqliyyat Müəssisəsi; “Bakımetrolayihə” Institutu; Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi; Istehsalat Texniki Komplektləşdirmə Idarəsi.

“Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar bunlardır: Hərəkət Xidməti; Yol Xidməti; Tunel Qurğuları Xidməti; Elektrik Təchizatı Xidməti; Işarəvermə və Rabitə Xidməti; Elektromexanika Xidməti; Əsaslı Təmir Xidməti; Depolar üzrə iş Departamenti; Birləşmiş emalatxanalar; Avtomotonəqliyyat Xidməti; “Bakı Metropoliteni”nin Sağlamlıq Mərkəzi.

Iyulun 4-də “Bakı Metropoliteni” QSC-nin sözçüsü Nəsimi Paşayev “Media forum”saytına bildirib ki, QSC-nin dövlət qeydiyyatından keçirilməsi üçün sənədlər hazırlanır: “Yeni işçilər qurum qeydiyyatdan keçəndən sonra təyin olacaq. Ona kimi işə qəbul olunma və ya işçilərin işdən azad olunması ilə bağlı heç bir proses həyata keçirilməyəcək. Qurumun sədr müavinlərini isə, bəlli olduğu kimi, prezident təyin edəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar