BƏY OĞLU VAHİD

Ələmdar MƏMMƏDOV, keçmiş prokuror

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Cinayət hüququ kafedrasının müdiri, professor Vahid Qəhrəmanov hüquq elmləri doktoru alimlik dərəcəsi almış ilk azərbaycanlı idi (1950). Deyirdilər ki, bəy nəslindəndir. Qəbələnin məşhur bəylərindən Pənah bəyin oğlu idi. Azərbaycanda Sovet hakimiyyəti qurularkən, qəbələli Qəhrəman bəy və Pənah bəy bütün var-dövlətlərini yeni hakimiyyətə verdiklərindən N.Nərimanovun köməkliyi ilə onlara toxunmamışdılar.

Vahid müəllimin həmişə gülər üzü, ahıl görkəmi, səmimi söhbətləri, həyat həqiqətləri ilə dolu mühazirələri ona tələbələr arasında böyük hörmət və nüfüz qazandırmışdı. Deyirdilər ki, pedoqoji fəaliyyəti dövründə heç kimə qeyri-kafi qiymət yazmamışdı. Tələbələr onu özünə yaxın, məhrəm adam hesab edirdilər. Onun məşhur müraciət forması - “nadürüst” hamıya xoş gəlirdi. Tələbələri olmuş gənc müəllimlərimizə də, bu cür müraciət edirdi. Vahid müəllim deyirdi ki, bağda fiziklər (akademiyanın prezidenti Həsən Abdullayev onun kürəkəni idi) qurğu düzəldiblər. Qapı açılan kimi, projektor yanır və onun “Ə, nadürüst, burada nə işin var?” sözləri səslənirdi. Maraqlı söhbətlərindən bir neçəsini yazmaq istəyirəm.

1932-ci ildə Bakı Şəhər Prokurorluğunda işləyərkən, milis idarəsindən zəng edirlər ki, Cəfər adlı şübhəli şəxs gətirmişik, sizinlə tanış olduğunu deyir. Vahid müəllim gətirilənin familiyasını soruşur.

- Familiyası Cabbarlıdır, yoldaş Qəhrəmanov, deyə cavab verirlər.

Vahid müəllim tez milis idarəsinə gəlir. Saxlanılan şəxs böyük dramaturqumuz Cəfər Cabbarlı idi. C.Cabbarlı “Sevil” filmini çəkmək üçün qız axtarır. Tramvayda bir nəfəri görüb, onun arxasınca düşür. Qız bunu hiss edib, addımlarını sürətləndirir. C.Cabbarlı qızı izləməkdə davam edir. Məhləyə catanda qız hay-küy salır. Yaxınlıqda olan milis işçiləri C.Cabbarlını tutub idarəyə aparırlar. Vahid müəllim deyirdi ki, C.Cabbarlı o qədər təvazökar və həyalı insan idi ki, bir neçə saat ərzində kimliyini bildirməmişdi.

Rüşvətxorluqla mübarizədən danışarkən, bir məsələni xatırlayardı. Bir dəfə “Baksovet”in sədri Ayna Sultanova zəng edərək, məni yanına dəvət etdi. İçəri girən kimi, qapını arxadan bağladı. Pərdələri çəkdi və üz-üzə oturub pıçıltı ilə “Vahid, belə söhbət gəzir ki, mənzil bölgüsündə bir nəfər rüşvət alıb” - deyə bildirdikdə, mən diksindim.

Vahid müəllim demək olar ki, hər gün dərsdən sonra, şüşəli bazardan 4-5 kq meyvə alirdı. Onun bazarlığında mütləq bir nəfər iştirak etməli idi. Tələbələrdən hansını bekar görsəydi müraciət edərdi. Mən də dərsdən yayınmağa meyilli tələbələrdən idim. Bir dəfə kitabxanaya girəndə məni görüb, xoş təbəssümlə soruşdu:

- Ə, şahmatist, burda nə oturmusan?

- Vahid müəllim, kitab oxuyacağam.

- Sən onsuz da kitab oxuyan deyilsən, gəl bir az mənimlə yol-yoldaşlığı elə.

Məmnuniyyətlə razılaşdım. Fakültəmiz AMEA-nın yanında idi. İndiki İstiqlal küçəsi ilə asta addımlarla yeriyir, gəlib-gedənlərlə salamlaşır, bəziləri ilə dayanıb bir neçə dəqiqə söhbət edirdi. AMEA ilə Sabir bağının tinində dayanıb dedi:

- Bakının ən küləkli yeridir. 1935-ci ildə yolu keçərkən, Müşviq məni səslədi. Vahid, gəl, bura Bakının ən küləkli yeridir. O gəlib-keçən qızlara şeir ərmağan edirdi…

Həmin gün Vahid müəllim şüşəli bazardan alver etdi və mən meyvə dolu səbəti onun evinə apardm. Bir neçə gündən sonra, Vahid müəllim yenə mənə yaxınlaşdı: “Mənimlə yol-yoldaşlığı edərsənmi?” Cavab verdim ki, Vahid müəllim, yorulmuşam. O da “Bala canı, 400 metr yol gedəcəyik” deyə, israr etdi.

Şüşəli bazardan çıxıb evə yaxınlaşarkən, saymağa başladım. 397, 398, 399… Vahid müəllim təəccüblə mənə baxırdı. 400 metr tamamında səbəti yerə qoyub, aralanarkən, o, “hara gedirsən” - deyə, soruşdu.

- Vahid müəllim, 400 metr demişdiniz, o da tamam oldu…

- Bala, cəmi 50 metr qalıb, gələn dəfə 450 metr deyəyəcəyəm…

Keçən əsrin 70-ci illərinin əvvəllərində Şahbanu Fərəh xanım (İran şahının arvadı) anası ilə Bakıya gəlir. Vahid müəllim də qarşılayanlar arasında olur. Bir müddət keçdikdən sonra Fərəh xanım Vahid müəllimin hüquq doktoru olduğunu bilib, təkrar ona yaxınlaşıb görüşür və xeyli səmimi söhbət edirlər.

***

II kursda oxuyurduq. Bir dəfə Vahid müəllim cibindən bəzəkli, həmin vaxtlar çətin tapılan diyircəkli qələm çıxarıb dedi ki, nəvəm Amerikadan mənə pay alıb gətirib. Amma pastası qurtarıb. Bilmirəm harada doldurum. Yoldaşlarımızdan biri dedi ki, 9 Yanvar bağının yanında həmin qələmlərə pasta doldururlar. Verin, mən doldurtduraram. Vahid müəllim yarızarafat-yarıgerçək “Ə, nadürüst, sənə inanmaq olmaz” deyib, qələmi pasta ilə doldurmaq üçün sevimli tələbələrindən birinə verdi. Növbəti dərsdə Vahid müəllim “sevimli tələbədən” qələmi soruşduqda, o dedi ki, Vahid müəllim, qələm yadımdan çıxıb, auditoriyada qalıb. Bizdən sonra dərs keçən yoldaşlardan da soruşmuşam, gördüm deyən yoxdur. Bir neçə gün bütün otaqları ələk-vələk elədik, lakin qələm tapılmadı. Vahid müəllim hər dəfə həmin tələbəni dərs danışmağa şağırarkən “Ə, nadürüst, qələmi də itirdin, gəl lövhəyə” - deyərdi. Bir müddətdən sonra bildik ki, ”sevimli tələbə” qələmi pasta ilə doldurduqdan sonra, axşam sevgilisi ilə görüşərkən qızın qələmdən xoşu gəlir: Qız “Əgər məni sevirsənsə, qələmi ver mənə” deyir. ”Sevimli tələbə” də çarəsiz qalıb, qələmi sevgilisinə bağışlayır. Beləliklə, Vahid müəllimin qələmi “yoxa çıxır”.

1938-ci ildə evdə tək olarkən, saat 1 radələrində iki nəfər qapını döyüb, Siz bizimlə getməlisiniz deyirlər. Məktub yazmaq üçün icazə istəyir. Qardaşına, uşaqlardan və ailəsindən muğayat olması barədə məktub yazır. Qara “M”-də arxada oturub, həyəcanla yola baxır. İstiqamətin vaqzal tərəfə oldğunu hiss edəndə, bir qədər sakitləşir. Dəmiryol vağzalına gəlirlər. Kənarda dayanmış vaqonların birinə yaxılaşıb, içəri girərkən Mircəfər Bağırovu görur. Bir qədər keçmiş Mikoyan və Vışinski də gəlirlər. Vahid müəllim Vışinskinin qızı ilə bir yerdə oxuduğundan, onunla tanışlığı var idi. Ermənistan Xalq Komissarları Soveti sədrinin müavini 4-cü mərtəbədən özünü atıb öldürmüşdü. Hadisə Stalinə məruzə ediləndə inanmır. “Mən onu yaxşı tanıyırdım, intihar edən adam deyil, məsələni dərindən araşdırmaq lazımdır” - deyə, Mikoyan və Vışinskini Bakıya göndərir. Cinayət işinin istintaqını Vahid müəllimə tapşırırlar. İki köməkçisi ilə bir ay Yerevanda istintaq aparır və məlum olur ki, onu öldürüb, izi itirmək üçün 4-cü mərtəbədən atıblar...

Belə deyim var ki, insanın adı onun mahiyyətinin göstəricisidir. Vahid müəllim doğrudan da təkrarolunmaz idi. Birinci idi. Vahid idi.

635x100

Şərhlər

cins 2018-01-10 00:40:29

azpolitika!!bəy oğlu varsa deməli dilənçi və qul oğlu da var.elə deyilmi?...

dadaşyev 2018-01-10 00:40:29

Vahid müəllim Sovet Bakısının ən ləyaqətli adamlarından idi.Prokurorların sevimli müəllimiydi.Sovetin ilk vaxtlarında Naxçıvan qəzasının prokuroru olub.Oğlu Cahangir Qəhrəmanov da şəhərin çox hörmətli ziyalılarından idi,Nəsiminin divanını Vatikandan 60-cı illərdə bir təsadüf üzündən tapmış və ilk dəfə bəşəriyyətə məlum etmişdi.Əlyazmalar institutundakı mənsəbpərəstlər müstəqilliyimizin ilk illərində yazığa qarşı elə cəbhə açdılar ki,adam qan təzyiqindən həyata əlvida dedi.Hər ikisinə Allah rəhmət eləsin.

dadaşyev 2018-01-10 00:40:29

davamı;Sosializmdən sonrakı bu həyasızlığizm və vicdansızlığizm illərimizdə Vahid tipli əsl kişiləri gündüzlər çıraqla axtarsaq tapammarıq.Adam bir şeyə heyrət etməyə bilmir vallah.Bu tipli adamları Sovet tərbiyəsi yetirmişdi.Yəni bəyənmədiyimiz rus,Moskva.Amma indi hər şey özümüzün əlində olduğu halda niyə bezilerinin siması qalmayıb?Niyə?

Son yazılar