Ötən il rekord sayda ipoteka krediti verilib

Dərc olunub: 12/01/2018 - 15:08

ipoteka-ev-dollarİpoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb.

İpoteka və Kredit Zəmanət Fondundan “APA-Economics”ə verilən xəbərə görə, nəticədə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib.

2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 sayda müraciət daxil olub, 203,1 mln. manat məbləğində isə 3109 ipoteka krediti verilib.

Ötən il ərzində verilmiş kreditlərin 1 076 ədədi (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd etmək lazımdır ki, Cəmiyyətin vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. Güzəştli kreditlər dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir və dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitlər tam şəkildə bu kreditlərin maliyyələşdirilməsinə yönəldilir.

2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilib. Ümumilikdə, 2006-2017-ci illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib.








loading...


Fikrinizi bildirin