“Repressiya qurbanlarının "delo"larını oxuyanda infarkt keçirdim...” - Araşdırmaçı Aslan Kənan

"Səməd bəy Mehmandarovu küçə süpürməyə məcbur edirdilər”

"AzPolitika" Azərbaycan repressiya illərinin araşdırmaçısı, tarixçi Aslan Kənanın "Şərq” qəzetinə müsahibəsini qısa ixtisarla təqdim edir:

- Ölkə başçısının bu ili "AXC İli” elan etməsini necə dəyərləndirirsiniz?

- Bu qərarı çox müsbət qiymətləndirirəm. Ümumiyyətlə, hansısa bir hadisə olanda Prezident yerində və zamanında öz qərarlarını verir. Bu da bizdə çox böyük ruh yüksəkliyi yaradır, tarixi əsərlərin ortaya çıxması üçün bir stimul rolunu oynayır.

- 1937-ci illərin repressiyasına diqqət yetirəndə aydın görmək olur ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanlar, siyasi partiya üzvləri, milli ordu quruculuğunda iştirak edənlər, 1918-1920-ci illərdə müəyyən vəzifə tutan və ya səlahiyyət sahibi olan şəxslərin hamısı repressiyanın qurbanı olublar...

- Doğrudur. 1937-ci il repressiyasının ilk qurbanları AXC-nin qurulmasında iştirak edən şəxslərdir. Bundan əlavə kommunistlərin özləri də repressiyanın qurbanı olublar. Bu, başqa bir müzakirənin mövzusudur. Repressiya qurbanları Cümhuriyyətin başında duran nazir və müavinləri, müəyyən idarə rəhbərləri olub. Polis sistemi və orduda çalışanlar, kiçik bir vəzifə daşıyan, AXC dövründə iki illik hərbi kurs keçən adamlar da günahsızların siyahısındadır. Hərbi özünə dayaq nöqtəsi sayan, həmişə xalqı üçün çalışmış Səməd bəy Mehmandarova qarşı da çox böyük təhdid və təxribatlar törədiblər.

- Sizdə Səməd bəy Mehmandarovla bağlı sənədlər varmı?

- Dövlət arxivində var. Mən o sənədlərlə tanışam. Mehmandarov hərbiyyə naziri olanda böyük dəyişikliklər edib. Mehmandarov ordu ilə çox ciddi məşğul olub. Qanun pozanları bağışlamırdı, dərhal ordu sıralarından azad edirdi. "Topun Allahı” adlandırılan general Əliağa Şixlinski onun müavini olub. Birinci hərbiyyə naziri isə Xosrov bəy Sultanov idi.

- Xosrov Sultanov müəyyən səbəblərə görə vəzifəsini icra edə bilməyib və Qafqaz İslam Ordusu Azərbaycana gələndə komandanlıq Nuru Paşanın əlində cəmləşdi. Bundan mənfi mənada istifadə etməyə çalışanlar oldu, amma alınmadı.

- 1920-ci ildə bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra onlar AXC nümayəndələrinə qarşı "səlib yürüşləri" həyata keçirdilər. Həmin "səlib yürüşündə" Səməd bəy Mehmandarovu küçə süpürməyə də məcbur edirdilər. Əliağa Şıxlınskini də onun kimi. Bəzi cümhuriyyətçilər isə bu məngənədən qurtarmaq üçün xaricə üz tuturdular.  1919-cu ildə bir qrup Cümhuriyyət nümayəndəsi Versal Sülh Konfransına gedəndə məcburiyyət qarşısında qalıb geri qayıtmadılar. 1920-ci ildən sonra geniş repressiyalar aparmağa başladılar. Biz çox vaxt tanınmış şair, yazıçı və alimlərin adını çəkirik. Amma qeyd etmək lazımdır ki, kəndlərdə yaşayan varlı və orta təbəqə də repressiyaya məruz qalırdı.

- Eyni zamanda "Müsavat” və "İttihad” partiyalarına qarşı da yerlərdə, kəndlərdə "təmizləmə” siyasəti həyata keçirilirdi...

- AXC-nin əsasını müsavatçılar təşkil edirdi. Düzdü, başqa partiyanın da üzvləri vardı, amma "Müsavat” öndə gedirdi. Üzeyir bəyə sual veriblər ki, "Azərbaycan” qəzeti "Müsavat”ın qəzetidir? O da cavab verib ki, "Azərbaycan” qəzeti Azərbaycanın milli qəzetidir, lakin "Müsavat”ın ideyaları Azərbaycan xalqının milli düşüncəsinə uyğun gəldiyi üçün biz onların ideologiyası ilə davranırıq. 1923-cü ildə Cəfər Cabbarlı, Seyid Hüseyn Sadıqzadə və bir çox şəxsləri saxlayırdılar, müvəqqəti həbsdən sonra azadlığa buraxırdılar. Amma sonra həbs edir, güllələyirdilər. Azərbaycan ədəbiyyatı və elmində olan müəyyən şəxslər vardı ki, onları AXC dövründə həbs etmişdilər. 1919-cu ildə Cavad bəy Məlikyeqanovu tutmuşdular. Amma kütləvi həbs yox idi. Ümumiyyətlə, AXC ən demokratik quruluş idi. Parlamentdə Məhəmməd Əmin Rəsulzadə, Topçubaşov və başqalarını tənqid edirdilər. Onlar o tənqidi sakit qarşılayırdılar.

- Nəinki tənqid hətta təhqir də olunurdular...

- Doğrudur. Amma bu tənqidləri bolşeviklər dövründə səsləndirmək mümkün deyildi. Sonra 1928-ci ildə Stalin və ətrafındakılar insan ayağı dəyməyən yerə - Sibirə gəldi. Məhv etmək istədiyi insanları hara yollayacağı məkanı orda tapdı. Bununla o hərəkat yaradıb, repressiyaya başladı. 1934-cü ildə artıq məsələ şişdi. Dekabrın 1-də Kirova Stalinin özü süi-qəsd etdirdi. O gün də bütün Mərkəzi Komitəni iclasa çağırdı və orada məsələni qoydu. Dindarlara, "Müsavat”çılara, "Ağ qvardiyaçı”lara qarşı mübarizənin əsası qoyuldu. Stalin qanun qoydu ki, 10 gün müddətində hər hansı bir şəxsin işinə baxılsın və heç bir etiraz olmadan güllələnsin.

- Güllələnmənin icraçısı kim idi?

- Güllələnməni 1937-ci ildə heç kimin bilmədiyi bir qaniçən, qəddar Yerşov həyata keçirirdi. Onu bu vəzifəyə Stalinin özü gətirmişdi. O, balacaboy bir adam olub. Stalin onun qaniçən olduğunu bilirdi. Stalin bir nəfər deyirdisə, o, 5-ni qətlə yetirirdi. Yerşov bir gündə, təxminən, 96-98 nəfəri öldürtdürürdü. Bəzən də şəxsən özü güllələyirdi və bundan həzz alırdı. 1930-cu ildə 70 min adam güllələndi. Onun gözünü qan örtmüşdü. Stalin də bunu gözəl bilirdi. Maraqlı məqam budur ki, Yerşovun özünü də Stalin güllələdib. Özü vəzifəyə təyin etdiyi adamı güllələtdirdi.

- Bütün İttifaq respublikaları içərisində repressiya qurbanları ən çox hansı ölkədəndir? Statistika aparmısınızmı?

- Bu məsələ bir az fəqlidir. Məsələn, Azərbaycanda 10 milyon əhali yaşayır, Ukraynada isə 50 milyon. Əhalinin sayına görə, Azərbaycan repressiya qurbanlarına görə, birinci sırada dayanır. Mənə deyirlər ki, niyə Mircəfər Bağırovun üstünə düşürsünüz? Baxın, Tacikistanda Lahutini (Əbdülqasim Lahuti, İran əsilli tacik şair və jurnalisti-red.) güllələyirdilər. Tacikistanın birinci katibi onu onların əlindən aldı. Gedib Moskvaya Lahutinin günahsız olduğunu sübut edib, buraxdırdı. Necə olur Tacikistanın birinci katibi çoxsaylı adamı xilas edir, amma M.Bağırov bunu edə bilmir? M. Bağırov qorxaq adam idi. Onu birinci katib kimi Beriya gətirmişdi. Birinci katib Ruhulla Axundov olmal idi, amma M.Bağırov necə elədisə, özü oldu.

- Mircəfər Bağırov haqqında da deyirlər ki, Üzeyir bəyi və xeyli sayda ziyalını qoruyub...

- Düzdür, M.Bağırov torpaqlarımızın bir qarışını belə vermədi. Bir də Nərimanovun yas mərasiminə gəlib iştirak edib. Amma Ruhulla Axundov N.Nərimanovun yas mərasiminə gəlməyib. M.Bağırov Azərbaycan ədəbiyyatında iki nəfərə - Səməd Vurğun və Mirzə İbrahimova dəyməyib. İkisini də qoruyub. M.Bağırov S.Vurğunu çağırıb və ona otağında bir qalaq məktub göstərib ki, bu məktubların hamısı sənin əleyhinədir. Bu məktublara görə səni bir dəqiqənin içərisində məhv edə bilərəm. Amma toxunmuram, get, özünü qoru!

M.İbrahimov xatirələrində yazır ki, bir dəfə xəstə olanda Məmməd Səid Ordubadi ilə danışıb, ona bildirib ki, müalicəyə getmək istəyir. Məmməd Səid də M.Bağırovun dostu idi. M.İbrahimovun xahişini ona çatdırır. O da icazə verir. Sonra S.Vurğun M.İbrahimova deyib ki, qal, 3-4 gündən sonra mən də məzuniyyətimi götürüm, bərabər gedək. Daha sonra elə olub ki, bu 3-4 gün ərzində partiyanın iclası keçirilib. Bağırov iclasda M.İbrahimovu görüb və deyib ki, özünü təcili müalicə etdir. Sonra M.İbrahimov bildirib ki, M.Bağırov onu öz oğlu qədər istəyir. M.Bağırova güllələnmə kəsiləndə məhkəmədə Rudenkoya Bağırov demişdi ki, məni oğlumun qəbri üstünə apar. Cahangirlə vidalaşım. Gedib yarım saat oğlunun qəbri üstündə ağlayıb. Məsələn, repressiyanın başında duranlardan biri də Xruşşov idi. O, Ukraynanın birinci katibi olub. Moskvadan bir verilişə baxırdım və orada dedilər ki, Xruşşov 500 nəfərin siyahısını gətirib Stalinin stolunun üstünə qoydu ki, bu 500 nəfər getməlidir. O da soruşub ki, say niyə çoxdu? Xruşşov da cavab verib ki, bu harasıdır, arxası gələcək. Sonra Xruşşov özünü təmizə çıxardı. Üzeyir bəy də repressiya olunacaqmış, amma xoşbəxtlikdən olmayıb. Üzeyir bəy erməni və bolşeviklərə nifrət edirdi. "Müsavat”ı təqdir edirdi. Üstəgəl, qardaşı xaricdə yaşayırdı. O güllələnməli idi, amma yaxşı ki, bu olmadı.

Məsələn, Əhməd Trininç haqqında mənfi rəydə olanlar vardı. Əhməd Trininç Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın çox yaxını olub. Bu adam boşevikləri və rusları sevməyib. Ermənilərə nifrət edib.

Kazım Ziya deyir ki, gördüm Əhməd Trininç əlində mauzer şəhərdə küçədə güllə atdı və dedi ki, gözünüz aydın, türk qardaşlarımız gəlir. O heç kimə pislik eməyib. İlk tutulanlardan biri olub və onu da güllələyiblər. Rəsulzadənin ən yaxın adamlarından olub. Müstəntiq Ə.Trininçi "padval”da sorğu-sual edən zaman deyir ki, filan bolşeviki danışdıranda bildirdi ki, məni güllələmək istəyirdilər, amma Ə.Trininç qoymayıb. Ə.Trininç də cavab verib ki, onun bolşevik olduğunu bilsəydim, dilindən asardım. Onu döyə-döyə öldürüblər. Hacı Kərim Sanılını da döyə-döyə öldürüblər.

- Eşitdiyimə görə həmin dövrün "delo”larını oxuyanda infarkt keçirmisiniz...

- "Delo”ları oxuyanda infarkt keçirdim. Sonra ürəyimdən əməliyyat olundum. İşləmək istrəmirdim. Çünki o dövrü vərəqlədikcə onların yaşadıqlarını sən də yaşayırsan. Xüsüsən işgəncə və zülmlər adamın gözünün önünə gəlir və bu adama çox pis təsir edir.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-01-12 18:16:44

Ardı: İndiki inqilablar əsasən silahsız olsa da ancaq repressiya qaçılmazdır. Müasir dövrə aid çoxlu misallar göstərmək olar.

hərbi pensiyaçı 2018-01-12 18:16:44

Ardı: Onun yerinə başqası da olsaydı bu işi görməliydi. Bəlkə də başqası S.Vurğunu və M.İbrahimovu da öldürəcəkdi. Çünki bu onların iradəsindən asılı deyildir. Yoldaş Bağırovun qarşısıma qoyulan işlərin hər birini dəqiq araşdırmağa onun nə vaxtı olub nə də fiziki imkanı. Bəli onların arasında günahsız adamlar olub. Lakin gəlin etiraf edək ki, günahı olanlar daha çoxluq təşkil edib.İstənilən inqilabi dəyişikliklərdə repressiya qaçılmazdır. Burada söhbət iqtisadi cnayətlərdən deyil siyasi iradədən gedir.

hərbi pensiyaçı 2018-01-12 18:16:44

AXC dövründə vəzifə tutanları ideallaşdırmaq düzgün deyil. Onların fəaliyyətinə kadr kimi yanaşılmalıdır, hansı bəyin nə bilim xanın oğlu olması kimi yox. o ki, qaldı yoldaş Bağırova onun Qubada və başqa yerlərdə ermənilərin törətdiyi soyqırımının qarşısını almağa apardığı mübarizə onun ən böyük xidmətlərindəndir. Repressiya məsələsinə gəldikdə isə bu Sovet dövlətinin dövlət siyasətı ıdı və M.Bağırov da bu siyasi quruluşda vəzifə tutan kadr kimi onda iştirak etməkdən kənarda qala bilməzdi.

Son yazılar