"Məqsədimiz və hədəfimiz dəyişməzdir" - Firdovsi Umudov

Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi heyəti ilə görüş keçirilib.

"Report" AGF-nin saytına istinadən xəbər verir ki, Federasiyanın 1-ci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə bu günə qədər görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.

AGF prezidenti Fazil Məmmədovun salamlarını çatdıraraq çıxışına başlayan Firdovsi Umudov bu günə qədər qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib:

"Güləşçilərimiz son 10 ildə mütəmadi olaraq qitə və dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıb. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər yaş kateqoriyasında həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi üzrə yığmalarımız qatıldıqları mötəbər beynəlxalq yarışlarda komanda hesabında ilk üçlükdə qərarlaşıb. Təbii ki, qazanılan bütün bu uğurlar ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən güləşə göstərdiyi daimi qayğının nəticəsidir. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması isə məsuliyyətimizi daha da artırır, bizə əlavə stimul verir."

2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan Firdovsi Umudov əsas hədəfin yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirakı və yüksək əyarlı medallar olduğunu bildirib:

"Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və Dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında da ən azı Sinqapur və Nanjinq Olimpiadalarındakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidir, güləşçilərimiz məşqləri plana uyğun olaraq davam etdirir. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına qədər hazırlıqlarımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək."

Uğura gedən yolun çalışmaq, əzmkarlıq və nizam-intizamdan keçdiyini bildirən Firdovsi Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib:

"Etimad göstərilib və bu vəzifə mənə həvalə edilib. Sizinlə birlikdə çalışacağıq ki, göstərilən etimadı doğruldaq. Bu günə qədər məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdir. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəyəm. Bütün məşqçilərdən və yığma komandaların üzvlərindən də nizam-intizama ciddi riayət etmək tələb olunur. Bizim məqsədimiz və hədəfimiz dəyişməzdir. Azərbaycan güləşini daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var-gücümüzlə çalışmalıyıq. Bizim əsas hədəfimiz yeni-yeni qələbələr, nailiyyətlər qazanmaq, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir."

Görüşün sonunda yığma komandaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar