MƏNSİMOVUN NANKORLUĞU VƏ… - Kim kimə və nəyə görə borcludur?

SOCAR rəhbərliyi ilə Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov arasında gərginlik son günlər xüsusilə kəskinləşib və media üzərindən qarşılıqlı hücumlarla açıq fazaya keçib. Tərəflərin açıqlama və ittihamçı bəyanatları o qədər ziddiyyətlidir ki, nə baş verdiyini anlamaq çətindir. Lakin istənilən halda münasibətlərin son dərəcə gərginləşərək, düşmənçilik həddinə çatdığı faktı üzə çıxıb və bu, çoxlu suallar doğurur. Xüsusən də nəzərə alanda ki, SOCAR rəhbəri Rövnəq Abdullayevlə Mübariz Mənsimov çox yaxın dost olublar, bu suallar daha da mürəkkəb xarakter alır və araşdırma zərurətini doğurur. Sözsüz ki, ən böyük sual isə keçmiş dostların niyə qatı düşmənə çevrildikləri barədədir.

ABDULLAYEVLƏ MƏNSİMOV NƏYİ BÖLƏ BİLMƏYİBLƏR?

“AzPolitika”, müəyyən məlumatlı mənbələrin vasitəsilə bu suala cavab tapmağa çalışıb və bəzi ipuclarını əldə edib. Lakin bu barədə danışmazdan əvvəl tərəflərin son günlərdəki açıqlama və bəyanatlarına bir daha nəzər salmaq, bəzi məqamları tutuşdurmaq və ziddiyyətləri ortaya çıxarmaq zərurəti var.

Son günlərdəki media müharibəsi öz başlanğıcını “Palmali” şirkətinin tankerlərinə SOCAR-ın terminallarına və limanlarına yan almaq qadağası haqda Türkiyə mediasının xəbəri ilə başladı. Türkiyənin “Deniz Haber” portalı yazdı ki, SOCAR-la yanaşı “Lukoil” şirkəti də “Palmali”ni qara siyahıya daxil edib və şirkətlə neft daşımalarına dair müqaviləni dayandırıb. Mübariz Mənsimovun dünyanın ən iri neft şirkətlərindən olan SOCAR və “Lukoil” şirkətləri ilə münaqişəyə girməsi, onların əleyhinə məhkəmə iddiaları qaldırması nəticəsində “Palmali Denizçilik” şirkəti batmaq üzrədir.

Məlumatda daha sonra bildirilirdi ki, “Palmali” şirkəti SOCAR-a olan yüz milyonlarla dollar borcunu ödəyə bilmədiyinə görə Mənsimovun 14 tankeri SOCAR-ın mülkiyyətinə keçib. SOCAR özünə həmin tankerlərdən ibarət donanma qurub və neft daşımalarını həyata keçirməyə başlayıb. Habelə “Palmali”nin Türkiyədəki bəzi turizm aktivləri borcların əvəzində SOCAR-a keçib.

Mənsimov isə aktivlərini geri almaq üçün SOCAR-ın əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla hədələyib. Bu təhdidlərdən sonra Mənsimovla SOCAR arasında münasibətlər tamamilə korlanıb. SOCAR rəhbərliyi şirkətin nəzarətindəki terminallarla və neftayırma zavodlarına “Palmali”nin tankerlərinin daxil olmasını qadağan edib.

Azərbaycan mediasında sürətlə tirajlanan bu xəbərə cavab “Palmali” şirkətindən yox, şəxsən Mübariz Mənsimovdan gəldi və onun bu zaman istifadə etdiyi dil, üslüb həddindən artıq sərt oldu.

M.Mənsimov ona məxsus 14 tankerin SOCAR-ın balansına keçdiyini təsdiq etdi. Sitat: “Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım. Burda kimin haqlı olub-olmaması ilə bağlı müzakirə açmaq istəmirəm. Məhkəmə yolu açıqdır, istənilən zaman hər iki tərəf məhkəməyə müraciət edə bilər”.

İş adamı “Palmali”yə məxsus tankerlərə “SOCAR” tərəfindən qadağa qoyulduğunu da etiraf etdi: “Təəssüf ki, bu yalan deyil. SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş görmərəm”.

Burda ilk ziddiyyət meydana çıxır. Məsələ ondadır ki, SOCAR bugünkü açıqlamasında “Palmali” ilə ortaq şirkət qurduğunu tamamilə inkar edib. Sitat: “Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır”.

Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil: “Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.

İkinci ziddiyyət də elə bu borc məsələsində ortaya çıxır. Göründüyü kimi, SOCAR rəsmi açıqlama ilə Palmali Qrupunun onlara külli miqdarda borcu olduğunu bəyan edir. Lakin 2 gün əvvəl Mübariz Mənsimov bu borc məsələsini şəxsən təkzib etmiş, hətta qarşı tərəfin ona borclu olduğunu bildirmişdi. “Xeyr, mənim borcum yoxdur. Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir, şirkət kimdədir, nə borc? Tam tərsinə, mənim oradakı pullarım qaytarılmayıb”.

BƏS GƏRGİNLİYİN KÖKÜNDƏ NƏ DURUR?

Bu suala Mübariz Mənsimov belə cavab verib: “Mənim münasibətlərim yenə də yaxşıdır. Azərbaycanın inkişaf etməsinə çox sevinirəm. Həmişə qürur duymuşam ki, azərbaycanlıyam. Ölkədə baş verən yaxşıya sevinirik, pisə isə üzülürük. Biz iş adamıyıq, dövlətin işinə qarışmırıq. Bizim üçün önəmli olan odur ki, vətənimiz inkişaf etsin, parıldasın, başda ermənilər olmaqla paxıllıq edənlər qısqansın. Biz rüşvət olan yerdə işləmək istəmirik, bunu heç kimdən də saxlamıram. Bundan sonra da qorxumuz olmayacaq”.

Növbəti sualda isə Mənsimov bir qədər də irəli gedərək, təkcə SOCAR rəhbərlərini yox, həm də onların övladlarını hədəfə götürür və belə qurşaqdan aşağı zərbə ilə keçmiş dostları ilə münasibətlərinin hansı həddədək pisləşdiyini bir daha nümayiş etdirir.

ƏSLİNDƏ NƏ BAŞ VERİB?

Mübariz Mənsimovun bu cavabınından məntiqi nəticə çıxarmağa çalışsaq, belə çıxır ki, o, “rüşvət”, “oğurluq” olan yerdə işləmək istəməyib və özü SOCAR-la əməkdaşlıqdan imtina edib. Ancaq M.Mənsimovun bu “arqumentinə” inanmaq üçün gərək həddən artıq sədəlövh olaq. Məgər, cənab Mənsimov SOCAR-la əməkdaşlığa başlayanda bütün bunlardan xəbərsiz idi? Rüşvət məsələsi indi niyə onun yadına düşdü?

Lakin o bir məsələdə həqiqətən də haqlıdır, SOCAR-la acı sonluqla bitən işbirliyinin arxasında həqiqətən də “oğurluq” və nankorluq durur…

Məlumatlı mənbənin bildirdiyinə görə, 2005-ci ildə Fərhad Əliyevin həbsindən sonra əsas himayədarından məhrum olan və biznesində böyük çətinliklərlə üzləşən M.Mənsimov, məhz SOCAR rəhbərinin – Rövnəq Abdullayevin əl uzatmasından sonra vəziyyətdən çıxıb və nəinki işlərini qaydaya salıb, hətta sürətlə öz biznesini genişləndirməyə də başlayıb. SOCAR öz məhsullarının daşınmasını “Palmali”yə həvalə edib, davamlı iş sayəsində M.Mənsimovun işləri “yağ kimi” getməyə başlayıb. Üstəlik, SOCAR-dan kənar əməkdaşlıqlar…

Lakin günlərin bir günü məlum olub ki, M.Mənsimov yenə böyük məharət göstərib, ona göstərilən böyük dost etimadından geninə-boluna sui-istifadə edib. Bundan sonra münasibətlər kəskinləşib və təbii ki, Mənsimov böyük hesablar da ödəməli olub. O cümlədən özünün də etiraf etdiyi kimi, SOCAR-ın krediti hesabına alınmış 14 tankeri də təhvil verməli olub. Onun təkcə bu etirafı baş verənlərin mahiyyətini anlamağa bəs edir. M.Mənsimov iddia edir ki, SOCAR-la ortaq şirkətdə onun pay nisbəti 35/65 olub. Lakin o şirkətdə ayrılma qərarı verib və bu zaman 14 tankeri SOCAR-a buraxıb. Sual olunur: Mənsimov bu şirkətdəki 35 faizlik payının qarşılığında 14 tankeri SOCAR-a buraxıbsa və bu tankerlər də məhz SOCAR-ın krediti hesabına alınıbsa, onda onun bu şirkətdəki real vəsaiti nə qədər olub?

Belə çıxır ki, M.Mənsimov elə SOCAR-dan götürdüyü kredit hesabına SOCAR-la şərikli şirkət qurub! Deməli, SOCAR haqlıdır - M.Mənsimovla hər hansı ortaq şirkət qurulmasından söhbət gedə bilməz. Şirkət tamamilə SOCAR-ın vəsaiti hesabına qurulub, M.Mənsimova isə orda müəyyən qədər imtiyaz tanınıb. Lakin daha sonra M.Mənsimovun bu imtiyazlardan sui-istifadəsi, daha da konkretləşdirsək - sürüşkənliyi və nankorluğu sübut olunduğundan, onunla yollar ayrılıb…

İndi bir tərəfdən “Lukoyl”, bir tərəfdən də SOCAR-la tərəfdaşlığı ləğv edilən və batmaq təhlükəsilə üzləşən M.Mənsimov, bütün ümidini Azərbaycan Prezidenti ilə görüşə bağlayıb. Lakin müəyyən dairələrə bu istiqamətdəki xahişləri, hələ ki, nəticəsizdir…

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

********* 2018-01-17 21:57:50

Ağıllı adam heç vaxt başqasının yox, ancaq öz dəyirmanına su tökür. Tərəflər arasında ilk gündən etibarən dəqiq müəyyənləşmiş münasibətlər olmalı idi. Bir tərəf ortaqlıq (şərikliyin) olduğunu fikirləşir, digər tərəf isə qətiyyətlə bunu inkar edir. Belə olduqda isə təbiiki, dövrü olaraq dəyirman-su məsələsi aktuallaşacaq. Tərəflərin ilk gündən etibarən eyni yüklü ÖHDƏLİKLƏRİ müəyyənləşməli idi – mənim sənə verəcəyim nə olacaq, sənin mənə verəcəyin nə. Onda qardaşlıq-yadlıq səviyyələri də biri-birini əvəzləməzdi. Yaranan şəraitdə tərəflər arasında bundan sonrakı iş birliyi təbiiki MÜMKÜNSÜZDÜR. (nifaq salmaq – səviyyəsiz, bacarıqsız adamlara xasdır; dostunu mənə göstər sənin kimliyini müəyyənləşdirim) Təqribən belə, əgər şərhi düz başa düşdümsə.

G.M 2018-01-17 21:57:50

Bütün bu baş verənlərin sıravi Azərbaycan vətəndaşına nə dəxli var ki..onsuzda sökən,sökür,yikən tikir...elza demiş

mentiq dahisi(( 2018-01-17 21:57:50

ele muhakime yurudursen ki ikinci nedi iyirmi netice cixarmaq olar! misal ucun sokar teleb ede bilmezdi ki sene pay vermek ucun gemi almaga bizden kredit gotur.

Vətən OĞLU 2018-01-17 21:57:50

SOCAR-da maliyyə oğurluğu olub,var və olacaq

Jeyhun 2018-01-17 21:57:50

Murad Məmmədov ! Tamamilə aydın olur ki... Amma başa düşmürsüz ki, hətta ən sadə azərbaycanlı belə bilirki SOKAR kimdir ya Palmali kimidir .

abbas 2018-01-17 21:57:50

Şərhinizi bura yazın ...Çoxxx... təssuf, daha bir zərbə...Özümüzə...

ELÇİN 2018-01-17 21:57:50

MURAD MƏMMƏDOV, İFADƏLƏRİNİZDƏ EHTİYATLI VƏ DİQQƏTLİ OLUN! Sürüşkənlik və nankorluq sübut olunacaq bir faktınız olmadığı halda, tərəflərin bir-birinə kəskin çıxışları olmadığı halda olmaya kimsə onların arasına nifaq salmaq istəyirsən? Kimdi onların arasını vurmaq istəyən? Kimin dəyirmanına su tökürsnüz?

Bizim hara getdiyimizi bilən var??? 2018-01-17 21:57:50

ARDNŞ-in özünə kredit verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi bank haqqında qanununa xüsusi dəyişikliklər edildi, sonra mərkəzi bank 2 dəfə şirkətin investisiya layihələrini kreditləşdirdi və daha sonra, məhz bu kreditlər, 2014-2016-cı illər mərkəzi bankın çətin duruma düşməsində, manatın əsaslı devalvasiyasında təsir edici amillərdən biri oldu. Bu necə investisiya siyasətidir dövlət şirkətində??? Özünə vəsait lazım olduğu (yaxud olacağı) halda kiməsə kredit verir??? Həmdə məlum deyil hansı şərtlərlə - çox gümün ki, təminat kimi də məhz tankerlər çıxış edir və indi, yəqin ki, Mübariz Mənsimova da sərf edirki, tankerləri ondan kredit borcu hesabına silsinlər...)))))

Saleh Mahmudov 2018-01-17 21:57:50

Palmalinin SOCAR-a nəyə görə borcu olmalıdır?.SOCAR bəyəm kredit təşkilatıdır ki, Palmaliyə kredit verib?

2+2=4 2018-01-17 21:57:50

Ümumiyyətlə götürülərsə, indiki nazir əvvəlki nazirin heç yanında durmağa belə layiq olan mütəxəssis deyildi - həm intellektinə, həm mədəni səviyyəsinə, həm də dünya görüşünə görə. Görəsən niyə, hamsı məqsədlər xatirinə dövlət idarəçiliyində belə əvəzləmə aparıldı??? Şəklə baxın...

ILgar 2018-01-17 21:57:50

ermeniye pulsuz gaz verenlere inanmag sadəlövhülükdür.

********* 2018-01-17 21:57:50

məlum qenetik kodun daşıyıcılarından fərqli olaraq....)))) 20 il öncə kecilmiş dərslərdən nəticə çıxarmaq lazim idi

çbbçn 2018-01-17 21:57:50

kimlər para qazanır kimlərsə də cızma- qara yazıb nəsə çörək pulu əldə etmək istəyir. amma görün ....

Son yazılar