İŞ ADAMINA HÖKM OXUNUB - "Məhkəmə ədalətli qərar çıxarmadı"

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları - Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev, Təbriz Musayev və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə "Report"a A.Xanməmmədovun vəkili Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.

Vəkil qeyd edib ki, məhkəmə hökmü ilə razı deyillər: "Məhkəmə ədalətli qərar çıxarmadı. Hökmdən apellyasiya şikayəti verəcəyik".

Qeyd edək ki, prokuror çıxışında Azadxan Xanməmmədovun 4 il, Emin İsgəndərovun 7 il, Aris Həsənov 3 il 6 ay, Ramin Hüseynovun 3 il 6 ay, Məzahir Qurbanovun 4 il, Ramil Hüseynovun 3 il 6 ay, Təbriz Hüseynin 3 il 6 ay, Rafiq Vəliyevin 3 il 6 ay, Murad Məmmədovun 3 il 6 ay, Elvir Vəliyevin 3 il 6 ay, Azər Əliyevin 3 il 6 ay, Əvəz Ağayevin 3 il 6 ay, Savalan Məhərrəmovun 4 il, Yadigar Əliyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ötən il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər - A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar