Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

sadayHəbsdəki yazıçı-şair Saday Şəkərlinin vəkilləri məhkəməyə müraciət ediblər. Onlar yazıçı-şairin vaxtından əvvəl azadlığa buraxılmasını istəyirlər. Bu barədə onun vəkillərindən biri Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkillər S.Şəkərlinin adından Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Müraciət cinayət qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsaslanır.

"Saday Şəkərli 2015-ci ildə həbs edilib, 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan da yoxdur. Ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Nizami Rayon Məhkəməsindən xahiş etmişik ki, vəziyyətini nəzərə alıb, onu azadlığa buraxsın", - vəkil qeyd edib.

Məhkəməyə müraciət hələlik icraata verilməyib.

Xatırladaq ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Ötən il mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi qərarla razılaşmayaraq kassasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb. Şair həbsini tənqidi məzmunda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

S.Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub. Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl S.Şəkərlini "siyasi məhbus" elan ediblər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

635x100

Şərhlər

Fərəc 2018-01-19 20:53:34

Əgər rəsmi sübut yoxsa insanı quraşdırma maddənə üç ilə həbs edən hüquq mühafizə orqanının bu əməli törədən işçisi ün cəzalandırılmamalıdır? Belə hal necə və hansı ölkələrdə baş verə bilər?

Son yazılar