“DÜŞMƏN HÜCUM EDİB, CAVAB VERMƏYİN VAXTIDIR!” – ABŞ Rusiyanı necə cəzalandıracaq?

ABŞ müdafiə naziri Ceyms Mettis ötən həftə Birləşmiş Ştatların yeni müdafiə strategiyasını təqdim etdi. 2017-ci ilin dekabrında açıqlanan milli təhlükəsizlik strategiyasında olduğu kimi, burada da Rusiya və Çin dünya düzənini pozmağa çalışan dövlətlər kimi göstərilir.

«Getdikcə daha aydın görünür ki, Çin və Rusiya dünyanı öz avtoritar modellərinə uyğun formalaşdırmaq, digər ölkələrin iqtisadi, diplomatik və müdafiə yönümlü qərarlarına "veto" hüququ əldə etmək istəyir", – sənəddə deyilir.

Həmçinin qeyd olunur ki, Rusiya qonşuluğundakı ölkələrin də bu sahədəki qərarlarını idarə etməyə can atır. Bu da olduqca təhlükəlidir: "Gürcüstan, Krım, Ukraynanın şərqi ilə bağlı nümunə narahatlıq üçün kifayət qədər əsas yaradır. Rusiyanın yenilənən və genişlənən nüvə proqramı isə açıq təhdiddir". 

Ceyms Mettis

Sənəd müəllifləri hesab edirlər ki, ABŞ Çin və Rusiyaya yetərli müqavimət göstərmək üçün müdafiə sahəsini gücləndirməlidir: "Çin və Rusiya ilə uzunmüddətli strateji rəqabət  ABŞ Müdafiə Nazirliyinin əsas prioritetidir. Birləşmiş Ştatların təhlükəsizliyinə yönələn təhdidlərin miqyası və gələcəkdə bu təhdidlərin artma ehtimalı müdafiə sahəsinə yatırımların artırılmasını zəruri edir".

Bütün bunlar Mettisin ötən cümə günü açıqladığı strategiyanın ictimaiyyətə açıq hissəsində yer alıb. Ehtimal edilir ki, Çin və Rusiya ilə bağlı məlum fikirlər aysberqin sadəcə görünən tərəfidir. Və sənədin məxfi saxlanılan hissəsində bu kimi daha çox məqama toxunulub.

Yeni milli müdafiə strategiyası ilə tanış olan ekspertlər hesab edirlər ki, ABŞ-ın dünya miqyasındakı rəqiblərinə dair səslənən fikirləri Kreml özünə götürməlidir. 

Dov Zakhaym ​

ABŞ müdafiə nazirinin keçmiş müavini Dov Zakhaym yeni strategiya ilə bağlı Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, Birləşmiş Ştatların hərbi-siyasi rəhbərliyi mövqeyini açıq şəkildə ortaya qoyub: "Strategiya prioritetləri açıq şəkildə göstərir. Orada deyilir ki, Rusiya və Çin ABŞ üçün bir nömrəli narahatlıqdır. Mettisin karyerasına baxsaq, görərik ki, o, boş söz danışmır. Və mən düşünürəm ki, bu, olduqca dəqiq mesajdır. Özü də Pekindən daha çox Moskvaya ünvanlanmış mesaj. Belə təəssürat yaranır ki, cənab Putin açıq desək, bizi ötüb. O, demokratik sistemlərlə – bizimlə və Qərbi Avropa ilə oyun oynayıb. Bundan başqa da, siz Putinin həmin oyunlarla Suriyada, Liviyada, Misirdə nələrə nail olduğuna, yəhudilər arasında mövqelərini möhkəmlətməsinə nəzər salsanız, görərsiniz ki, o bizi ötüb. Mənə elə gəlir ki, Mettisin mesajlarından biri də bu idi ki, "mən buna son qoymaq üçün Dövlət Departamenti ilə işləyəcəm". 

Zakhaym hesab edir ki, ABŞ Müdafiə Nazirliyinin hədəfi hərbçilərin imkanları ilə diplomatların səylərini gücləndirməkdir: «Strategiyanın açıq hissəsində "yeni tərəfdaşlar" anlayışından da bəhs olunur. Orada İsveç və Finlandiya kimi ölkələr nümunə gətirilir. O ölkələr ki, cənab Putindən gələcək mümkün təhlükəyə qarşı güclərini artırırlar. Məsələn, İsveç bunu çox sürətlə edir". 

Dov Zakhaymın sözlərinə görə, strategiyada ABŞ-ın Çinə və Rusiyaya münasibətdə eyni mövqedə olmadığı açıq şəkildə görünür: "Rusiya açıq şəkildə ABŞ-ın düşməni kimi kimi təqdim olunub. Çinlə bağlı belə deyil. Hesab edirəm ki, burada bizim Çinlə ticarət sahəsində böyük müttəfiq olmağımız böyük rol oynayır. Bizim iqtisadiyyatımız bir-birinə sıx bağlıdır. Əgər bizim iqtisadiyyat zəifləyirsə, bu, onlara müsbət təsir göstərmir və ya əksinə. Bu, olduqca çox nüansları olan əlaqələrdir. Çin bizimlə işlədiyi müddətdə ona qarşı aqressiv olmayacağıq. Rusiyaya gəlincə, bu ölkə Gürcüstana və Ukraynaya girib, Estoniyanı "sındırmaq" üçün ona qarşı kiberimkanlarını işə salıb. Ona görə də strategiyada Rusiyaya qarşı daha sərt ifadələrdən istifadə olunub". 

Robert Blekvil

Mettisin Milli müdafiə strategiyası ilə bağlı çıxışından bir gün əvvəl beynəlxalq məsələlər üzrə iki aparıcı analitikin – Robert Blekvil (oğul Buş dönəmində milli təhlükəsizlik üzrə müşavirin köməkçisi) və Filip Qordonun (Obama dövründə prezidentin Yaxın Şərq üzrə xüsusi köməkçisi) «Foreign Affairs» jurnalındamaraqlı yazısı dərc olunmuşdu.

Yazıda qeyd olunurdu ki, Rusiya ABŞ üçün əsas təhdidlərdən biridir. "Düşmən hücum edib, cavab verməyin vaxtıdır", – deyə müəlliflər bildirir.

Ekspertlər əmindilər ki, Rusiya amerikalıları arasında fikir ayrılığı yaratmağa və bunu gücləndirməyə qərarlıdır: "Amerika vətəndaşlarının və qurumlarının kompüterlərinə hücum edib onlarla bağlı məlmuatları oğurlamaları, seçkilərin nəticələrinə təsir etmək istəmələri, nəzarətlərində olan media vasitələrinin əli ilə ABŞ-dakı sosial şəbəkələrdə dezinformasiya yaymaları bunu deməyə əsas verir".

Filip Qordon

Blekvil və Qordon hesab edir ki, Moskvanın bu fəaliyyətlərinin nəticəsi olaraq daxili mübarizə başlayıb və milli institutlara etibar azalıb ki, bu da Birləşmiş Ştatlar üçün böyük təhdid yaradır: "Bu, nüvə hücumu istisna olmaqla milli təhlükəsizliyə təhdid yaradan ənənəvi problemlərdən heç də geri qalmır. Və buna cavab vermək lazımdır. Bu qədər ciddi məsələ ilə bağlı yeni təbirlər görülməlidir ki, Amerika cəmiyyətini daha bir müdaxilədən qorumaq və ABŞ-a hücum etdiyi üçün Rusiyanı cəzalandırmaq mümkün olsun. Bu cavab təkcə növbəti seçkilərə müdaxilənin qarşısını almaqla məhdudlaşmamalıdı. Moskva yalnız etdiklərinin ona baha başa gələcəyini gördüyü an dayanacaq".  

Yazı müəllifləri Rusiyanın məlum fəallığına qarşı NATO-nun möhkəmlənməsini, maliyyə sanksiyalarının tətbiqini, Ukraynaya yardım edilməsini, Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmağı, Rusiya təbliğatına və dezinformasiyasına qarşı müqavimət göstərilməsini təklif edirlər: "Vaşinqton Moskvaya xəbərdarlıq etməlidir ki, ABŞ Rusiya rəsmilərinin maliyyə qaynaqları, ABŞ-a olan kiberhücumların iştirakçıları, Putin və ətrafı barədə xoşagəlməz məlumatları yaymağa hazırdır. Görünür, Putin o qənaətə gəlib ki, Rusiyanın regional və qlobal miqyasda rolunun yüksəlməsi ABŞ-ın zəifləməsindən keçir. Birləşmiş Ştatlar Moskvadan gələn bu mesajı dərk etməlidir…". 

Tərcümə Strateq.az-ındır

635x100

Şərhlər

Abit 2018-01-24 15:11:33

Gürcüstan,Ukrayna necenci defedi dile getirilir ancaq Azerbaycan,Qarabağ haqqında bir kelme deyilmir.Yeqin ele bilir ele heqiqeten ermeni işğal edib.Ay Tramp mellim bizde varıq dediyin siyahıda

Kamandar 2018-01-24 15:11:33

Putin ele qorxuli zad deyil onu öldürede bilerler sadece amerika putin adınnan rusyanın üzerinde böyük bir oyun qurubki bu oyunada helelik cin manecilik töredir odurki amerika ve dünya birliyi bu seckide putin hakimyetne yox ya duma sedri valodin ya medvedyevi rus lideri kimi tanıyıb olarla işlese bax onda amerika udacaq putinde lazımsız bir adam olacaq

Son yazılar