FRUTİK QRİQORYANA GECİKMİŞ AÇIQ MƏKTUB

Ələmdar MƏMMƏDOV, hüquqşünas

1967-ci ildə Neft-Kimya İnstitutunda oxuyarkən tələbə yoldaşım və dostum Səməndərlə Bakının “Zavaqzalnı” deyilən ərazisində Marqo adlı erməninin evində kirayə qalırdıq. İkimərtəbəli evlərdən ibarət həyətdə Rüstəm adlı yaşlı kişidən başqa azərbaycanlı yox idi. Axşamlar kişilər həyətdə toplaşır, kimi söhbət edir, kimi də nərd və domino oynayırdı.

Özünün deməsinə görə, APİ-də dərs deyən Frutik adlı bir tarixçi məni və Səməndəri tariximiz və şəxsiyyətlərimiz barədə sorğu-suala tutur, biliksizliyimizi görüb, özü danışmağa başlayırdı. Məsələn, deyirdi ki, Babək azərbayacanlı deyil. Onu Mircəfər Bağırov zorla azərbaycanlı edib. Nizami guya farsdır. Azərbaycanlı olsaydı öz dilində bir kəlmə şeir yazardı. Sizin Şah İsmayılınızın qanında xristian qanı var. Nəriman Nərimanovunuz millətinizi satıb. Səməd Vurğun, Rəsul Rza Stalinə şeir həsr ediblər. Mircəfər Bağırov öz millətini qırıb və s.

Frutik müəllim danışdıqca gözlərimizi döyür, heç nə cavab verə bilmirdik. Bəzən elə təsəvvür yaradırdı ki, guya nə tariximiz, nə də sanballı şəxsiyyətlərimiz olub. Bircə təsəllimiz Rüstəm kişinin hər millətdən bir arvad alıb saxlaması idi. Humanitar biliklərə yiyələnmək üçün texniki institutdan öz ərizəmlə çıxıb, hüquqşünas oldum. Bəzi tarixi biliklərə yiyələndim və bir gün hiss etdim ki, Frutiklə söhbətləşə bilərəm. Odur ki, gecikmiş də olsa Frutik Qriqoryana açıq məktub yazmaq qərarına gəldim...

Çox hörmətsiz və urvatsız Frutik müəllim! O qədər çox danışmısan ki, onların hər birinə cavab vermək üçün cild-cild kitab yazmaq lazım olardı. Ona görə də tariximiz və şəxsiyyətlərimiz haqqında sənin fikirlərini tezislərlə təkzib etmək qərarına gəldim.

BABƏK

Sən deyirdin ki, Babək azərbaycanlı deyil, O, islam dininə qarşı vuruşub.

1. Babək azərbaycanlıdır. Türk oğlu türkdür. O, fars dilini bilməyib. Yalnız türk dilində danışıb. Atasının adı Abdulla, anasının adı Fatimədir. 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulub. Anası Fatimənin müsəlman olması dəqiqdir.

2. Bəzi mənbələrə görə Əməvilər sülaləsinin süqutunda (750-ci il) mühüm rol oynamış Əbu Müslüm Xorasani Babəkin babasıdır.

3. Babəki məğlub etmiş sərkərdə Əfşan Heydər ibn Kavus da türk oğlu türkdür. Türkə türkdən başqa kimin gücü çata bilərdi?!

4. Babəkin savaşı islama qarşı deyildi. 44 ölkəni özündə birləşdirən xilafət rəhbərləri “din davası deyil, un davası” aparırdılar. Çünki əvvəla, islam dinində zorakılıq və məcburiyyət yoxdur (Bəqərə surəsi 256-cı ayə). İkincisi, xəlifə Məmun (s.d.813-833) və qardaşı Harun ər Rəşidin türk əsilli kənizindən doğulmuş Mötəsim (s.d.833-842) dövləti islami dəyərlərlə deyil, imperiya təxəyyülü ilə idarə edir və yaşayırdılar. İslami dəyərlərlə yaşamış olsaydılar, Peyğəmbər (s.ə.s.) övladlarını xaincə öldürməzdilər. Məmun 8-ci imam Rzanı (ə) 819-cu ildə, Mötəsim isə 9-cu imam Mühəmməd Taqini (ə) 835-ci ildə zəhər verməklə şəhid etməzdilər.

5. 1948-ci ildə Mircəfər Bağırovun səyi ilə nəşr olunmuş cəmi 200 nüsxədən ibarət “Babək” adlı kitabda, Babəki Afşinə satan Səhl ibn Sunbatın sizlərdən olmasına işarə vardır.

6. Frutik müəllim, sənin Babəkin türk olmasını inkar etməyin, cənubda yaşayan 30 milyonluq xalqı ruhdan salmaq deyll, bəs nədir?

NİZAMİ GƏNCƏVİ

Deyirdin ki, Nizami Gəncəvi sizin deyil, fars şairidir. Əgər azərbaycanlı olsaydı bircə kəlmə öz dilində seir yazardı.

Mən bilirəm ki, sizin Elmlər Akademiyanızda Nizami bölməsi fəaliyyət göstərirdi. Neçə-neçə filoloqlarınız, tarixçiləriniz Nizaminin fars sairi olması barədə cani dildən əsərlər yazıb, alimlik dərəcəsi alıblar. Yaxşı ki, özününküləşdirə bilməmisiniz Nizamini. Məgər başqa dildə yazıb-yaratmaq yasaq olub? Nizami dövründə bütün əsərlər, həmçinin yazışmalar fars dilində aparılırdı. Nizami öz dilində yazmış olsaydı da onu oxuyan olmayacaqdı. Çingiz Aytmatov, Çingiz Abdullayev, Çingiz Hüseynov öz dillərində yazıb-yaratmayıblar.Onların milliyətinə şübhən var?

ŞAH İSMAYIL XƏTAİ

Sənin ən çox hücumuna məruz qalan, fəxrimiz, şanımız, şöhrətimiz Sah İsmayıl Xətai idi. Deyirdin ki, Sah İsmayılın qanında xristian qanı var. O, sünnü-şiə məsələsi yaratmaqla xalqınızı parçalayıb. Yaxşı oldu ki, Osmanlılarla vuruşdu, yoxsa onlar Avropanı da tutacaqdılar. Arvadını Osmanlı Sultanına peşkəş edib, Şeybanı xanı öldürdükdən sonra onun kəlləsindən düzəltdirdiyi badədə sərab içib və.s. Hörmətsiz və urvatsız, Frutik müəllim, dediklərinizin hamısı yanlışdır.

1. Şah İsmayılin ana nənəsi Uzun Həsənin arvadı Dəspinə xatun həqiqətən yunan xristianı olan Trabzon imperatoru 4-cü İohannın qızıdır. Qibləgahınız olan Rusiyada 301 il hökmranlıq etmiş Romanovlar sülaləsində bir nəfər də olsun anası rus olan çar olmayıb. Hətta bizim Osmanlı sultanlarımızın anaları da 3-cü Sultan 1-ci Muraddan başlayaraq bir nəfəri çıxmaq şərti ilə xristianlar, o, cümlədən erməni də olub. İndi özünüz hesablayın, kimin qanı daha təmizdir?

2. Sünnü-şiə məsələsini Şah İsmayıl yaratmayıb.12 yaşlı uşaq necə təriqət yarada bilərdi? O, təriqət üstündə hakimiyyətə gəlib. Orta əsrlərdə hər hansı bir təriqətə və yaxud ideyaya söykənməyən dövlət yaranmamışdı və yarana bilməzdi. Sünnü-şiə məsələsi 850 il əvvəl, 3-cü xəlifə Osmanın vaxtında yaranıb.

3. Dünya tarixində 30-a qədər fateh olub. Fatehlər 2 qrupa bölünür. a) dövlət qurub genişləndirənlər (Çingiz xan, Teymurləng və s.), b), qurulmuş dövləti genişləndirənlər (İsgəndər, Fateh II Mehmet, Sultan Süleyman, I Pyotr və s.). Şah İsmayıl həm dövlət qurdu, həm də genişləndirdi. “14 ildə 14 ölkə fəth etmişdi. O, əsl fateh idi” (K.Marks). Fatehlər arasında 10-20 yaşlarında hakimiyyətə gələnlər olub. Lakin heç bir fateh Şah İsmayıl kimi 15 yaşında dövlət qurmayıb.

4. Fatehlər arasında yazıb-yaradanlar, sənətə hörmət edənlər olub. Lakin Şah İsmayıl qədər ədəbiyyat və incəsənətdə iz qoyan olmayıb.

5. Fatehlərin 4-5-i vuruşlarda döyüşçü kimi iştirak edib. (İskəndər, Çingiz xan və s). Lakin heç kim bütün hakimiyyəti dövründə, bütün döyüşlərdə Şah İsmayıl qədər iştirak edib, şücaət göstərməyib. O, Çaldıran döyüşündə təkbətək mübarizədə üç Osmanlı pəhləvanını, o cümlədən, qoçaqlığı ilə ad-san qazanmış Malkoçoğlunu öldürmüşdü. Döyüşün qızğın çağında Şah İsmayıl od püskürən ən böyük topa yaxınlaşaraq lüləsinə qılıncla elə bir zərbə vurur ki, çuqun topun lüləsində dərin iz açılır. Döyüşdən bir neçə ay sonra Sultan Səlim məktub yazıb qılıncı istəyir. Şah İsmayıl qılıncı göndərir. Sultan Səlimin ən tanınmış sərkərdələri qılıncla topun lüləsində yalnız cızıq aca bilirlər. Bunu görən Sultan məktub yazır ki, mən həmin qılıncı istəmişdim. Sən mənə başqa qılınc göndərmisən. Şah cavab verir ki, ”qılınc həmin qılıncdır, qol həmin qol deyil”.

6. Sah İsmayılın tərəfdarlarının artması həm dini inanca görə, həm də türkçülüyə görə idi. 661-ci ildə Əli (ə) şəhadətə yetişdikdən sonra 840 il bir dəfə də olsun əhli-beyt tərəfdarları hakimiyyətdə təmsil olmamışdılar. Əksinə, həmişə təqibə məruz qalmışdılar. Şah İsmayılın babaları əhli-beyt tərəfdarı olmaqla, xalq arasında böyük nüfuz sahibi idilər. Türbələrə, dini məkanlara qısqancılıqla yanaşan Əmir Teymur Şah İsmayılın babalarının türbəsinə hər il nəzir göndərirdi. Şah İsmayılın babası şeyx Cüneyd və atası şeyx Heydər məhz əhli-beyt tərəfdarı olduqları üçün öldürülmüşdülər. Hakimlərdən narazı olan xalq kütlələri onun ətrafında toplanırdılar. Tərəfdalarının sürətlə artmasının ikinci səbəbi türkçülüklə bağlıdır. Osmanlıda 18-ci əsrə qədər türk millətindən hakimiyyətdə təmsil olunan yox idi. Ona görə də Anadolu türkləri hamılıqla Sah İsmayılı dəstəkləyirdi. Təsadüfi deyil ki, Sultan Səlim Sah İsmayılla müharibəyə başlamamışdan əvvəl Anadoluda minlərlə adamı edam etdirmişdi.

7. Deyirdiniz ki, Şah İsmayıl Sultan Səlimlə döyüşməsəydi, Osmanlılar Avropanı tutacaqdılar. Bildirirəm ki, 1402-ci ildə İldırım Bəyazid Konstatinopolun (İstanbul) qapısını döyürdü. Bu zaman Sultana xəbər verdilər ki, Əmir Teymur Anadoluya girib. İldırım Bəyazid Konstantinopolun mühasirəsini yarımçıq qoyub, Əmir Teymura qarşı yürüş etdi. Ankara çölündə baş verən qanlı vuruşda məğlub olub, Teymura əsir düşdü. Əmir Teymur səltənəti Sultanın oğlanları arasında bölüşdürməklə kifayətlənməyib, ayrı-ayrı bəylərbəyliklərə müstəqilliklərini elan etmələri üçün sifariş göndərdi. Osmanlıların ən ağır-səltənətsizlik dövrü başladı (1402-1413). Məgər bu döyüş iki türk dövlətinin döyüşü deyildimi? Bu döyüşə görə özbəklər Əmir Teymuru göylərə qaldırırlar. Həm də hər iki hökmdar eyni sünnü təriqətinə mənsub idilər. Deməli, Şah İsmayılla Sultan Səlimin döyüşü təriqət savaşı deyildi. Sultan Səlim Şah İsmayıla 4 məktub yazmışdı. İlk 3 məktuba Şah İsmayıl cavab verir ki, sənin atan Sultan II Bəyazidlə ata-oğul kimi olmuşuq. Gəl qardaş qanı tökməyək. Sultan axırıncı məktubunda Şahı ağır şəkildə təhqir edir və deyir ki, səninlə o vaxt döyüşmərəm ki, arvad paltarı geyib, qabağıma çıxasan. Yalnız bu məktubdan sonra Şah İsmayıl Çaldıranda döyüşmək qərarına gəlir. Həm də Çaldıran düzü 300 km Səfəvi dövlətinin ərazisində yerləşirdi. Şah İsmayıl 2 ay döyüşdən qaçmışdı. İndi deyin, kim-kimə hücum etmişdi?

8. Şah İsmayıl yeganə orta əsr hökmdarıdır ki, hərəmxanası olmayıb. Çaldıran döyüşündə onun arvadları da kişi paltarı geyib, vuruşublar. Arvadlardan biri ağır yaralanır, bir gündən sonra dünyasını dəyişir. O biri arvadı əsr düşür. Sonrakı taleyi məlum deyil.

9. Deyirdin ki, Şah İsmayıl Şeybani xanın kəlləsindən qədəh düzəltdirib, şərab içib. Çox yanılırsan. Şah İsmayılın xidmət etdiyi təriqət qumar və içkini haram hesab edir. Atası şeyx Heydər öldürülərkən onun heç bir yaşı yox idi. Yeddi yaşı olanda böyük qardaşı Sultan Əli öldürülür. Müridlər onu 5il gizlətməli olurlar. O, möminlərin mürşüdü hesab olunurdu. Şərab içən bir mürşüdün dalınca heç gedərlərmi? Həm də demək yerinə düşərdi ki, Şeybanı xan öldürüldükdən sonra, Şah İsmayıl onun ailəsini şah kəcavəsində böyük hörmətlə vətəninə yola salmışdı.

10. Sah İsmayıl əsl türk oğlu türkdür. 4 mln kv.km. ərazisi, iki paytaxtı - yayda Təbriz, qışda Bağdad olan imperiyada dövlət dili türk dili idi. 73 əmirlikdən 72-nin başçısı türk idi. Osmanlı sultanları yalnız fars dilində yazıb yaradırdılar. Sah İsmayılın yaradıcılığının əsasını türk dili təşkil edirdi. Osmanlıda saray dili yazışmalar ərəb, fars dillərində aparıldığı halda, Səfəvi dövlətində bütün daxili yazışmalar türk dilində aparılırdı. Gör Şah İsmayıl gələcək nəsillərə necə müraciət edir: “Ey Türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişməyin. Onu qoruyun və gələcək nəsillərə göndərin!”

NƏRİMAN NƏRİMANOV

Hörmətsiz və urvatsız, Frutik müəllim!

Nəriman Nərimanov haqqında da çox hədyanlar danışmısan. Məsələn, yadımdadır deyirdin ki, N.Nərimanov sizin millətinizə xəyanət edib, bolşeviklərlə də ikili oyun oynayıb ,əslində o bolşeviklərə də xəyanət edib, bir çox adamlarınızın güllələnməsinə icazə verib, Dağlıq Qarabağ və Naxçıvan məsələsində düzgün mövqe tutmayıb və.s. Hörmətsiz Frutik, bu məsələdə də fikirləriniz yanlışdır.

1. Sizin, millətimin dağ boyda şəxsiyyətlərini heçə endirib, özünüzün qoz boyda səxslərinizi dağa döndərməyinizi başa düşürəm. Amma yel qayadan nə aparar? 1920-ci ilin sentyabr ayında Bakıda şərq xalqlarının birinci qurultayında iştirakçılar yekdilliklə N.Nərimanovu sədr seçmişdilər. Qurultay “Əzilən və istismar olunan şərq xalqlarına” müraciət qəbul etmişdi. Həmin müraciət ölkələrə və təşkilatlara N.Nərimanovun imzası ilə göndərilirdi. Ona şərqin Lenini deyirdilər.

2. Bolşeviklərin hakimiyyətə gəlməsi dünyəvi prosesin tərkib hissəsi idi. Onun qarşısını almaq mümkün deyildi.

3. Həmin dövrdə İnqilab Komitəsinin sədri N.Nərimanov olmasaydı da hansısa bir azərbaycanlı olacaqdı. Məsələn, Əliheydər Qarayev.

4. N.Nərimanov heç vaxt bolşevik hərəkatında iştirak etməyib. Onun yaratdığı sosial-demokrat təmayüllü “Hümmət” partiyası yalnız 1920-ci ilin mart ayında bolşeviklərlə birləşib.

5. Həmin dövrdə digər respublikaların inqilab komitə sədrləri, necə deyərlər, meydandan gəlmişdilər. N.Nərimanov isə həkim, yazıçı, siyasətçi olmaqla əsl ziyalı idi.

6. Leninin yazılarında tənqid və təhqir etmədiyi 3 nəfər olub. Q.Plexanov, Parvus ləqəbli Qelfand və N.Nərimanov.

7. Üzeyir bəyi, Hacı Zeynalabdin Tağıyevi və yüzlərlə dəyərli insanlarımızı bolşevik gülləsindən N.Nərimanov qurtarıb.

8. Qazaxıstan və Orta Asiya respublikaları, həmçinin Rusiya Federasiyasının müsəlman, türk xalqları yaşayan muxtar respublikalarının (Dağıstan, Başqırdıstan və.s.) heç birində keçən əsrin 80-ci illərinədək öz dillərində ali təhsil müəssisəsi olmayıb (Pedoqoji institutu çıxmaq şərti ilə). Azərbaycanın 14 təhsil müəssisəsinin hamısı ana dilində olub. Bu yolu ADR başlayıb və Nərimanov inkişaf etdirib.

9. 1917-ci ilin oktyabr ayında bolşeviklər sol eserlərlə koalisiya təşkil edib hökumət qurmuşdular. Bu müttəfiqlik 06 iyun 1918-ci ilə qədər davam etdi. Sol eserlərin lideri Spiridonovanın başçılığı ilə baş tutmayan qiyamı bəhanə edərək, həmin partiyanın da fəaliyyəti qadağan edildi. Sizin daşnaksütün və Gürcülərin menşevik partiyası da sovet hakimiyyəti qurulan kimi bağlandı. Lakin mənim N.Nərimanovumun dəstəyi ilə bolşeviklər Azərbaycana gələndən sonra Sol Müsavat partiyası 1923-cü ilə qədər fəaliyyət göstərdi.

10. 1921-ci ildə Naxçıvanın statusu ilə əlaqədar Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında Moskva və Qars müqavilələri bağlanmışdı. Hər iki müqavilənin hazırlanmasında ruslarla görüşə gedən Türk nümayəndə heyəti N.Nərimanovun yanında olmuş, onun tövsiyə və məsləhətlərini dinləmişdilər.

11. 04 iyul 1921-ci ildə N.Nərimanovun da daxil olduğu bolşeviklər partiyasının 7 nəfərdən ibarət Zaqafqasiya bürosu Dağlıq Qarabağın statusu ilə əlaqədar məsələ müzakirə edirlər. 4 nəfər lehinə, 3 nəfər əleyhinə olmaqla Dağlıq Qarabağın Ermənistan Respublikasına verilməsi barədə ilkin qərar qəbul edilir. Səhərisi günü büro həmin tərkibdə yığışıb məsələyə təzədən baxır. 4 nəfər lehinə 3 nəfər əleyhinə olmaqla Dağlıq Qarabağın Azərbaycan Respublikasına verilməsi barədə yeni qərar qəbul edilir. Mövqeyini-səsini dəyişən kim olur? Stalin! Stalinə kim təsir edə bilərdi? Lenin! Leninə kim təsir edə bilərdi? Əlbəttə, N.Nərimanov!

12. N.Nərimanov öz millətini çox sevirdi. Təsadüfi deyil ki, 37-ci ildə millətçiliyə görə repressiyaya məruz qalanlara Nərimanovçu, Nərimanovçuluq (Narimanovşina) damğası vurulurdu.

13. Tarix boyu böyük imperiyalar dağıldıqdan sonra yerində yaranmış dövlətlər imperiya təxəyyülündən əl çəkə bilməyiblər. 1902-ci ildə yaranmış bolşeviklər partiyasının hakimiyyətə gələrkən 200 minə yaxın üzvü olub. Onların içərisində müsəlman-türk millətindən çox az sayda adam var idi. Bolşevik hərəkatına sonradan qoşulduğu üçün partiyanın ali rəhbərliyində N.Nərimanov demək olar ki, tək idi. Arxasız idi. Belə vəziyyətdə bir siyasi xadimdən bundan artıq nə tələb etmək olardı?

SƏMƏD VURĞUN

Səməd Vurğun haqqında deyirdin ki, işi-gücü Stalini, partiyanı vəsf etmək olub. Bu fikrin də kökündən yanlışdır. Doğrudur, Səməd partiyaya da, rəhbərə də şeirlər həsr edib. Amma yaltaqlıq naminə deyil, inandığı üçün!

Bəşərin vicdanı, eşqi, ürəyi

Fikri, düşüncəsi, zehni, diləyi

Bütün yer üzünün xoş gələcəyi

Hər zövqü, səfası, partiyamızdır.

Məgər bu şeiri Səmədin öz sözləri ilə desək, “ilham pərisi gonaq gəlmədən” yazmaq olarmı?! Çox düşündüm. Əcəba, Səmədin nəyi və harası xoş gəlmirdi sənə, Frutik müəllimə? 16 yaşında “Solğun çiçəklər”- lə ədəbiyyata gələn böyük dramaturqumuz Cəfər Cabbarlının istedadı heç də Səməddən az olmayıb. O, pyeslərini adətən üç-dörd gün ərzində yazarmış. Doğrudur, C.Cabbarlı “rəhbərə salam göndətməyib”, lakin yaradıcılığının böyük hissəsini sosializm quruluşunun üstünlüklərinə həsr edib. Amma heç Cəfərim haqqında bir dəfə də olsun mənfi fikir söyləmirdin, ay Frutik müəllim. Səbəbini çox düşündüm və nəhayət... Aha tapdım! Axı C.Cabbarlı “1905-ci ildə” pyesini də yazıb. Həmin pyesdə sizdən oian Eyvaz Əsriyanı qəhrəman kimi göstərib (Mən nifrət edirəm sizin iki başlı qartalınıza). Böyük yazıçımız Hüseyin Abbaszadə “Zəngəzur” romanında bolşevizmi bütləşdirir (“Müsavatın cəsusu Şadlinski” deyir,- mənim xalq qəhrəmanıma). O da hədəfinizdə yoxdur. Bunun da cavabını tapdım. Bizim Şahmərdanla sizin Sureni dost, Növrəstə ilə Siranuşu rəfiqə edib bu əsərdə Hüseyin Abbaszadə. Məmməd Rahim də hədəfinizdə yox idi. Axı o da partiyaya, rəhbərə şerlər həsr edib. Bu azmış kimi “Ədəbiyyat qəzeti”nin 1 iyul 1937-ci il tarixli nömrəsində Müşfiq haqqında “Kontrrevolüsioner, kontrabantçı, oğru...” adlı böyük məqalə dərc etdirib. Bunun da cavabını tapdım. Məmməd Rahimi heç biz oxumuruq, gələcək nəsillər də oxumayacaq onu. Vaxt sərf edib onu gözdən salmağa nə ehtiyac var idi?

Böyük şairimiz Süleyiman Rüstəm də yoxdur sənin siyahında. Axı Süleyman dədə bir deyil, yüz tərif yağdırıb partiyaya, rəhbərlərə, qurultaylara, kosmosa.

Bəs onda Səmədin nəyi və harası xoş gəlmirdi sənə ay Frutik müəllim? İstedadı? Ərz elədim ki, C.Cabbarlının istedadı Səməddən heç də az olmayıb. Görkəmi? Doğrudur, dağ qartalına bənzədirdilər Səmədi. Amma ondan da yarlı-yaraşıqlı kişilər var idi Azərbaycanda. İctimai-siyasi mövqeyi? Xeyr-xeyr! Ondan da üstün olanlar var idi həmin dövrdə. Böyük yazıçımız Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi. Vətənpərvərliyi? (“Müsəlləh əskərəm mən də bu gündən”). Əlinə silah alıb cəbhədə alman faşistləri ilə döyüşən yazarlarımız da çox olub o günlərdə. Bəs onda Səmədin nəyi və harası xoş gəlmirdi Frutikə? Aha, tapdım! Şairliyi və məşhurluğu. XX əsr Azərbaycan poeziyasının ən şirin, şəkər, dadlı şairi idi Səməd. O, bütöv Azərbaycanı təmsil edirdi. Nəinki böyük sovetlər birliyində, hətta bütün şərqdə ən çox oxunan və sevilən şair idi Səməd. Azərbaycanı ən çox tanıdan insan idi. Nə böyük fəxrdir valideyin üçün, övladla tanınmaq. O, əsl xalqın şairi idi. Separatçı Əlikram Hümmətov yaraqlıları ilə Cəlilabada gəlib müşavirə keçirərkən, şair Abbasağa ona demişdi ki, sən Həzi Aslanovu bizim, Səməd Vurğunu Talışın əlindən almaq istəyirsən? Bunu heç vaxt bacarmayacaqsan! Səməd təkcə bizim deyil, həm də hamının idi.

Azərbaycan xalqı durduqca Səməd də var olacaq. Səməd sözün əsl mənasında dahi idi. Əlli il ömür sürməsinə baxmayaraq, dünyasını dəyişəndə sovetlər birliyinin ən böyük şairi idi Səməd. O, hələ 1938-ci ildə SSRİ yazıçılar İttifaqının 2-ci qurultayında hesabat məruzəsi ilə çıxış etmişdi. Bir də məni təəccübləndirən bir məsələ var ay ürvatsız Frutik müəllim. Məgər rəhbəri yalnız şairlər vəsf edib? Cild-cild bədii əsərlər həsr olunub rəhbərə. Rəhbəri bütə çevirən heykəltaraşlardan, kreml civarında tablolarını az qala kreml qədər əzəmətli göstərən rəssamlardan, yüzlərlə film müəlliflərindən niyə bir dəfə də olsun danışmırdın. Nə yapışmışdın bu yazıq şairlərin yaxasından?!

MİR CƏFƏR BAĞIROV

Hörmətsiz və urvatsız Frutik müəllim! Sən Mir Cəfər Bağırov haqqında da çox hədyanlar danışırdın. Deyirdin ki, M.C.Bağırov sizin millətinizi qırıb. Ziyalılarınızı, alimlərinizi məhv edib. Stalinin ən sadiq adamı olub və.s. Ona görə də onu mühakimə edib güllələdilər. Sənə aşağıdakı cavabı verirəm. Bu doğrudur ki,1937-ci il tufanı bizdən də yan keçməyib. Çox sayda dəyərli insanlarımız- şairlər, yazıçılar, elm və sənət adamları, dövlət xadimləri repressiya qurbanı olublar. Həmin dövrdə respublikanın rəhbəri M.C.Bağırov olub. Onun məhkəməsində məlum oldu ki, sənin soyundan olanlar daha aktiv iştirak edib bu repressiyalarda. M.C.Bağırovun etdikləri və etmədikləri barədə danışmaq istəmirəm. Əməllərinə ən yaxşı qiyməti məhkəmədəki son sözündə özü verib: ”Məni güllələmək azdır, məni şaqqalamaq lazımdır”. Məni maraqlandıran odur ki, Stalinin ölümündən sonra 16 müttəfiq respublika (həmin dövrdə Karelfin SSR-də mövcud idi) rəhbərlərindən yalnız bizim M.C.Bağırov mühakimə olundu.

Əcəba, həmin dövrdə repressiya yalnız Azərbaycanda baş vermişdi? Xeyr! 1937-1938-ci ildə milyonlarla insan repressiyaya məruz qalmışdı. Hətta 1937-ci ilin may ayından 1938-ci ilin mart ayına qədər, 10-11 ay ərzində SSRİ-də 700 min, gündə orta hesabla 2 min nəfər adam güllələnmişdi. Bəlkə sovet rəhbərliyinin Azərbaycana xüsusi hörmət və məhəbbəti var idi? Axı Böyük Vətən Müharibəsində ölkənin yanacağının 70 faizini, təyyarə yanacağının 85 faizini Azərbaycan xalqı verirdi cəbhəyə. Əsla! 1920-ci ildən 1934-cü ilədək (M.C.Bağırov birinci katib olanadək) Azərbaycan KP MK-nın birinci katibləri qeyri-millətlərdən olublar. Q.Kaminski, S.Kirov, Mirzoyan, Çukalo, V.Polonski, Ruben. Halbuki, həmin dövrdə Gücüstan və Ermənistanda birinci katiblər öz millətindən olub. 1920-ci ildə 114 min kv.km-lik ərazidən 1934-cü ilə cəmi 86 min kv.km qalmışdı. Heç azərbaycanlılardan əskər də aparmırdılar. Bəlkə sovet dövlətinə, Kommunist partiyasına xəyanət etmişdi bizim Mircəfər? Yox! Stalin öldükdən sonra Sov.İKP MK-nın 5 mart 1953-cü il tarixdə keçirilən plenumunda M.C.Bağırovun siyasi mövqeyi daha da artmış, Rəyasət Heyəti (siyasi büro) üzvlüyünə namizəd seçilmişdi. Bəs onda Mircəfərin nəyi xoş gəlməmişdi sovet rəhbərlərinə? Aha...deyəsən tapmışam! Sov.İKP MK-nin 3-6 iyul 1953-cü ildə “L.Beriyanın işi ilə əlaqədar” keçirilən plenumda bütün Mərkəzi Komitə üzvləri, o.cümlədən M.C.Bağırov çıxış etdi. M.C.Bağırov çıxış edərkən 2 dəfə onun sözünü kəsib soruşurlar: “Siz L.Beriyanın Müsavat hökumətinin cəsusu olduğunu bildiyiniz halda, nə üçün bunu partiyadan gizlətmiş, kommunist kimi onun vaxtında ifşa olunması üçün heç bir tədbir görməmisiniz?” Bağırov hər iki halda eyni cavabı verir: “Həmin dövrdə Zaqafqaziyada bolşevik hərəkatına rəhbərliyi Anastas İvanoviç Mikoyan yoldaş həyata keçirirdi”.

Plenumda Bağırov Sov.İKP MK Rəyasət Heyəti üzvlüyünə namizədlikdən və MK üzvlüyündən xaric edilmişdi…

Ardı var

635x100

Şərhlər

Elxan 2018-01-24 17:51:35

Heç bir elmi əsası olmayan,qərəzli,məzhəb virusuna yoluxmuş,olduqca savadsız şəkildə tərtib edilmiş cızma-qara."Tarixçi"qeyd edir ki,Babəki erməni Səhl ibn Sunbat satdı.Bəli,yeganə faktdır ki,doğru söylədin,amma ya bilərəkdən,ya da bilgisizliyindəndir əlbət,məlumat vermədin ki,Babəkin Sunbatla nə əlaqəsi var idi.Afşindən qorxub gecə ikən qaçan babək,arvadlarından yalnız Kaldaniyəni özü ilə aparmışdır.Sünik knyazı erməni Vasakın qızı Kaldaniyəni.Gizləndiyi yer isə Nuxada Sumvatın evi idi.İsmayılın Azərbaycanlılara vurduğu yara daha böyük idi.Türklərlə Azərbaycan türklərinin arasına nifaq salmaq üçün İsmayılın vasitəsi ilə farslar məzhəb savaşı açdılar.İsmayıl Azərbaycana sağalmaz məzhəb xəstəliyi gətirdi.

Muellife 2018-01-24 17:51:35

Sag olun muellim,gecikmiw olsada zor mektubdu,duz 50 il sonra firtik muellime by mektubu yaza bilmisinizse siz boyuk urek sahibinisiz,Indi o ozude oxuyacaq ,toremeleride ,yandirmisiniz atalarini firtiklarin.Mene birce wey qaranliq qalir ki, by 50 ilde firtika niye mektub yazmamisiniz? Meselen, 77,87,97,2007-ci illerdede yaza bilerdiniz by gecikmiw mektub. Yeqin sizin mektubunuz yetiwecek unvanina,sizden cox xahiw edirem,ardinida yazin gonderin o firtiq kopek oglanlarina,yoxsa ele bilerler axsiranin qabaginda oskurmesen bagazin yoxdur.

Azar.lmidli 2018-01-24 17:51:35

Ay.alamdar.mallim.bu ermsnidan na istayirsan.feputatlar mallimlar alimlar yazirlar ki bizim tariximix olmayib.ssn bu gsfalardan yspis da.

Rahib Masalli. 2018-01-24 17:51:35

Hormetli Elemdar mellim sizin butun yazilarinizi oxuyuram.Ne duwmusen bu diqanin ustune.Siz axi cesaretli adamsiniz.Oz furutiklerimizin adin niye cekmirsiniz.

TURAN 2018-01-24 17:51:35

HÖRMƏTLİ ƏLƏMDAR MÜƏLLİM FAKTLARDAN COX TƏXƏYYÜLƏ,ƏDƏBİ DÜŞÜNCƏLƏRƏ SÖYKƏNİR BU YAZI.HƏR HALDA SAĞ OLUN ƏZİYYƏTİNİZƏ GÖRƏ.

Habil Həsənli 2018-01-24 17:51:35

Əlbəttə, müəllif hüquqşünas olduğu üçün onun bəzi tarixi mülahizələri mübahisə doğura bilər. Amma ümumiyyətlə baxdıqda maraqlı yanaşmalar və məlumatlar var. Buna görə müəllifə təşəkkür. Əsl ziyalı mövqeyidir. Ziyalı, istənilən halda öz xalqının dəyərlərini və tarixi şəxsiyyətlərini müdafiə etməlidir. Xüsusən də bu dəyərlərə hücum edən düşməndirsə...

Veteran 2018-01-24 17:51:35

Mene ele gelir mezheb xesteliyinin wah ismayil xetai ile hec bir elaqesi yoxdur ve muellifin qeyd elediyi kimi bunun koku cox qedimlere gedir. Tekce bir misal gostermek kifayetdir. 765 -ci lide imam Cefer es-Sadiq olenden sonra, hele atasindan evvel olmuw boyuk oglu ismayilin dostlari terefinden ortaya imamatliq sohbeti atlir. Nece yeni boyuk ogul Ismail dura-dura imamaliq kicik ogul Museyi-Kazima verile biler. Bax belece diger teriqetler kimi wieliyin ismailiye qanadi da yaranmiw oldu. Bu tarxi bir fakdir

Sadiq 2018-01-24 17:51:35

Fikrimcə bu yazı məshəb yazısı deyil.Vətən oğulları ilə tanınır.Bisim tarixi şəxsiyyətlərimizin həqiqətən müdafiəyə ehtiyacı var.Hər tərəfdən onlara hücumlar var.Ona görədə yazı vaxtında yazılmış yazıdır və vətəndaş mövqeyini nümayiş etdirir.

Son yazılar