“QISAMÜDDƏTLİ MÜHARİBƏ OLACAQ: DƏQİQ VƏ GÜCLÜ ZƏRBƏLƏR!” - General

Birinci Qarabağ müharibəsinin veteranlarından biri, general-leytenant Yaşar Aydəmirov “Yeni Müsavat”ın suallarına cavab verib. Müsahibəni təqdim edirik:

- Cənab general, bir sıra ekspertlər hesab edir ki, Türkiyənin Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar Azərbaycan üçün Qarabağda antiterror əməliyyatları aparmaq şansı yaradır. Peşəkar hərbçi olaraq bu barədə nə deyə bilərsiniz?

- Türkiyə 80 milyonluq bir dövlətdir, dünyada güclü rolu var. Sözsüz ki, Azərbaycanın da özünəməxsus yeri var, ancaq Türkiyə qədər böyük dövlət deyil. Elə prezidentimiz də çıxışlarında iki dəfə deyib ki, iri dövlətlər Azərbaycanı müharibə eləməyə qoymur. Hansı ki, bizim ordu daha güclü, uğurlu hərbi əməliyyatlar apara bilər. Təbii ki, əgər böyük dövlətlər imkan versə...

- Amma bu da var ki, Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlar dediyiniz xarici qüvvələr üçün daha böyük təhlükə kəsb edir, nəinki Azərbaycanın öz ərazisində həyata keçirəcəyi əməliyyatlar...

- Sözsüz ki. Amma Azərbaycan ordusu Qarabağı işğaldan azad edəndən sonra ölkəmizin atacağı növbəti addımlardan qorxurlar. Ona görə də Azərbaycanın böyüməsi həmin dövlətlərə sərf eləmir. Azərbaycan ancaq hazırkı ərazilərindən ibarət deyil ki.

- Dediklərinizdən belə çıxır ki, Afrin təcrübəsi də bizimçün şans yaratmır?

- Onu siyasətçilər bilər. Sözsüz ki, hərbçilər müəyyən təcrübəni öyrənəcək. Özü də tək bizim ordumuz yox, digər ordular da bu əməliyyatları təhlil edəcəklər. Ancaq siyasi tərəfi barədə bir söz deyə bilmərəm.

- Türkiyə ordusu əvvəlcə kürd terrorçularının mövqelərinə nöqtəli zərbələr endirdi, ardınca quru əməliyyatlara başladı. Bu, Azərbaycan üçün Qarabağ əməliyyatında yaxşı bir təcrübə deyilmi?

- Bəli. Türkiyə ordusunda dəqiq silahlar var. Həmçinin Azərbaycan ordusu dəqiq silahlara malikdir. Bu silahlar hədəfi dərhal məhv etmək gücündədir və hədəfdən yayınma mümkün deyil. Dəqiq kəşfiyyat aparan və sərrast atəşə malik silahlarımız var və özü də bunlar Türkiyə ordusundan da az deyil.

- Məlum oldu ki, Türkiyə ordusu 70 faiz daxili istehsal hesabına silahlanıb. Qərb dövlətlərinin faktiki olaraq silah sanksiyalarına məruz qalan Azərbaycan gələcəkdə qardaş ölkənin silah bazarına müraciət edə bilərmi?

- Elə silahlar var ki, Türkiyə ordusu onları sata bilmir. Ancaq yüksək texnologiya ilə istehsal olunan silahlar bizdə də var. Həmçinin digər güclü dövlətlərdən də yeni texnologiyaya əsaslanan silahlar alırıq. Azərbaycan ordusunun 95 faizi dəqiq və müasir silahlarla təchiz edilib. Onların da müəyyən hissəsi ölkəmizdə istehsal olunur.

- Bu günlərdə Azərbaycanın Rusiyadan hərbi texnikanın növbəti partiyasını alması Ermənistanı təşvişə salıb. Şimal qonşumuzla bu cür əməkdaşlıq halları Rusiyanın zərərsizləşdirilməsi baxımından ölkəmizin şansını artırırmı?

- Rusiyanın zərərsizləşdirilməsi siyasi məsələdir. Ancaq Azərbaycan o silahları alır ki, Ermənistan tərəfin bunu almaq üçün vəsaitə malik deyil. Bunlar manevr qabiliyyətinə malik zirehli transportyorlardır, dağın zirvəsindəki və ya aşağıdakı hədəfləri də vura bilən ciddi silahlardır. Ermənistan o tipli silahların heç birini də almayıb.

- Alınan yeni texnikanın cəbhə bölgəsində yerləşdiriləcəyi barədə məlumat yayıldı. Bu, düşmənə xəbərdarlıq sayıla bilərmi?

- Sözsüz ki, düşmənə xəbərdarlıqdır.

- 2018-ci ildə seçkilər keçirilməsi səbəbindən hərbi əməliyyatların olmayacağı iddiası daha çox səslənir. Hesab olunur ki, beynəlxalq güclər də bölgədə sakitliyin olması üçün çalışacaqlar. Döyüş təcrübəsi olan bir hərbçi olaraq bu proqnozları bölüşürsünüz?

- Mənim fikrim belədir ki, döyüşlər hər an başlaya bilər. Ona görə də biz buna hər an hazır olmalıyıq. Müəyyən məsələlər var, yəqin ki, onlar da həllini tapacaq. Qısamüddətli xarakterli müharibə olacaq, dəqiq və güclü zərbələrlə. Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında uzun müddət dayana bilməyəcək.

- Suriyadakı hədəfləri Xəzərdən vuran, bu ölkəni özünün təsir dairəsinə salmış şimal qonşumuz Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmadı. Bəs Rusiya indiki halında əvvəlki illərdə olduğu kimi, Ermənistanın arxasında dayanacaqmı?

- Açıq şəkildə heç kəs heç kimə kömək etməyəcək, ancaq gizli şəkildə kömək edə bilər. Söhbət tək Rusiyadan getmir, başqa dövlətlərdən də gedir.

- Bu yaxınlarda mətbuatda belə bir xəbər yayıldı ki, ABŞ Ermənistan ordusuna snayperlər göndərib...

- Məgər Azərbaycan snayperi amerikan snayperindən zəifdir? Azərbaycanın istehsal etdiyi snayper silahlarına, iriçaplı pulemyotlarına baxsınlar və onların daha da modernləşməsinə fikir versinlər.

- Cənab general, bu ərəfədə Azərbaycan ərazisindəki ermənilər bölgədə tikinti işləri həyata keçirir. Hətta bu günlərdə Xankəndi-Drambon yolunun çəkilişinə başladıqlarını bildirdilər, hansı ki, həmin istiqamətdə 90-cı illərdə gərgin döyüşlər getmişdi, böyük itkilərimiz olmuşdu. Bir hərbçi olaraq bu kimi xəbərləri necə qarşılayırsınız?

- Qoy ermənilər Qarabağda yol çəksinlər, onsuz da o yol bizə lazım olacaq. Azərbaycanın bu boyda ordusunun hərəkəti üçün bizə çoxlu yollar lazım olacaq. Azərbaycan ordusunun heç 30 faizinin Qarabağda hərəkət etməsi, yerləşməsi üçün yer yoxdur. Ermənilər tikirlərsə, tiksinlər. Bizimçün tikirlər də. Azərbaycan ərazisidir, hamısı yaxşı tanıdığımız yerlərdir. Torpaqları azad edəndən sonra ondan da yaxşı yollar salacağıq. Bununla erməni işğalçıları öz əhalisini aldatmaq istəyir.

- Ermənilər özləri iddia edirlər ki, Qarabağdakı hərbçilər arasında ruh düşkünlüyü var...

- Onlarda nə vaxt ruh yüksəkliyi olub ki? Hətta onların ən ali siyasi və hərbi rəhbərindən soruşsan ki, sən Qarabağ məsələsini öz xeyrinə həll etməyə inanırsan, onlar inanmadıqlarını deyəcəklər. Sadəcə olaraq, onlar kənardan idarə olunur.

- Sizə də yaxşı məlum olduğu kimi, Qarabağın işğalı Azərbaycan daxilində qeyri-stabilliyin mövcud olduğu dövrə təsadüf etdi. Hazırda seçkiqabağı gərginlik içində olan Ermənistanda da gərginliyin gözlənilən olduğu deyilir. Azərbaycan belə gərginlikdən istifadə edə bilərmi?

- Sözsüz ki, istifadə edə bilərik. İşğalçı ölkədə nə qədər qarışıqlıq çox olsa, bizim qələbə şansımız daha böyük olar. Şübhəsiz ki, qələbə şansımız həmişə var. Amma məsələn, üç gün ərzində həll edəcəyimiz məsələni belə bir vəziyyətdə bir gündə, həm də daha az qüvvə ilə reallaşdıra bilərik.

635x100

Şərhlər

(Şərh yazan Adam - a 2018-01-25 10:50:06

1) Azerbaycan hakimiyyeti ASILIDIR Putinden. 2) Putin HIMAYEDARLIQ edir ishqalchi Ermenistana. 3) Ermeni -rus ishqalindaki Daqliq Qarabaq ve etraf 7 rayonlar - QAZANC MENBEYIDIR Kreml uchun, chunki, Rusiya oz silahlarini MUNTEZEM SATIR Azerbaycana ve MILYARDLARLA DOLLAR QAZANIR, amma Ermenistana Kreml HEDIYYE EDIR oz silahlarini. 4) 2018 -ci il Oktyabrda prezident seckisine qeder, hakimiyyete SABITLIK lazimdir ve Daqliq Qarabaq probleminin HELLI ile MESHQUL OLMAYACAQ.

Abit 2018-01-25 10:50:06

Heçne olası deyil,boş söhbetdi,

Qanunpərəst 2018-01-25 10:50:06

Qabaqdan prezident seçkiləri gəlir ona görədə bizim üçün qıssamüddətli müharibə çox vacibdir........

Adam 2018-01-25 10:50:06

Azərbaycanın hal hazırdakı silahları ilə düşmən ermənistanı 3 dəqiqənin çində yerlə yeksan eyləmək olar.Hörmətli Yaşar müəllim Siz də MN-də mühüm vəzifədə olmuzuz.Sizə bir sualım var. -Niyə Qarabağ məsələsi bu qədər uzanır?Səbəb nədir?Kim manie olur bizə? Necə olur ki,hansisa dövlət öz torpağının müdafiəsinə görə qısa bir müddətdə ölüm-dirim müharibəsi aparır və istədiyinə də nail olur.Ancaq supalaq boyda erməni bizimlə qaçti-tutdu oynayır.

t.ədalət 2018-01-25 10:50:06

Belə müsahibələri savadlı və döyüş uğurları qazanmış zabitlərdən almaq lazımdır.Böyük itkilər verən,Səfər Əbiyevin sevimlisi olan Y.Aydəmirovun Qarabağ müharibəsi haqqında proqnoz vermək haqqı yoxdur.

Mindil Mundirli 2018-01-25 10:50:06

Bu 1001 dəyil, 8401 gecə nağılıdır! Ən yüksək Beynəlxalq səviyyədə ədalətli qətnamədən sonra belə işğalçıya qarşı heç bir kəskin iradə və xüsusilə hərbi addım atılmayıb. Siyasətçi də, general da və bəzən mətbuat da azərbaycanlıları dolayı(ev vermək və s.) ata mülklərinin işğalı kimi tarixi cinayətdən yayındırmağa çalışırlar. Ermənistan isə bu gün də SO-nun qanına boyadığı bakılıları "20 yanvar" cinayətkarı kimi göstərilir. Sanki hər iki respublikanın sözbirliyi var?

G.M 2018-01-25 10:50:06

Qarabağ müharibəsini yaradanlar Qarabağdan çox-çox uzaqlarda olan siyasi biznesmenlərdi.Əgər Bakının ``SƏRVƏTLƏRİ`` Erevanda olsaydı.. o zaman üstünlük bizə verilərdi ki,ermənilərin sərvətlərini ``su qiymətinə`` bəlkə də,pulsuz daşıyıb aparacaqdılar.Hətta bizim müsəlman ,onların xaçpərəst olmaları da nəzərə alınmazdı.Bu məsələnin bir tərəfi.. İkinci tərəfi isə SSRİ-nin bir daha bərpa olunmaması üçün postsovet məkanında milli münaqişələr əbədi olacaq.

Koxa 2018-01-25 10:50:06

Ay yaşar kişi niye boş boş danışırsan eger azerbaycanın ele müasir silahları varsa niye ireli getmediz aprel döyüşünde kim mane olurdiki öz torpagnı qaytaraydız da yox görünen odurki bu hakimyetide rusya idare edir kefi isteyende oynayır bir az bizim kasıb bir az yazəq ermeninin kasıb balalarnı qlrdırır

veteran 2018-01-25 10:50:06

ehtiyyatda olan zabitlərin belə çıxişları onları hörmətdən salır!

Metis Ağdamlı 2018-01-25 10:50:06

Müharibəni kim edəcək? Müharibə qadağası Azərbaycan liderlərinə, qovulmuş ailələrin ata mülklərinə hüquqlarından sərfəli görünür. Ermənistanı və Dağlıq Qarabağı münaqişədən sonra əhalinin azı dörddə biri tərk edib. Əraziləri münaqişədən öncəki qədər belə istifadə olunmur. Bir də ki, millətçi ermənilərin tarixi hədəfi türklərin(azərilərin) fasiləli məhvidir. Bu hədəfi Qarabağda bütün azərbaycanlı evlərinin dağıdılmasıyla da sübut ediblər. Yəni, heç Azərbaycan rayonlarına belə qoymayacaqlar, cənab GENERAL!

Son yazılar