AQRAR SEKTORUN PROBLEMLƏRİ və İNKİŞAF İSTİQAMƏTLƏRİ – İqtisadçı alim açıqladı
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində – UNEC-də professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə etmək, ölkəmizdə dövlət tərəfindən reallaşdırılan proqramlara iqtisadçı alimlərinin də öz töhfələrini verməsini təmin etmək üçün həm universitet səviyyəsində, həm də fakültələrdə vaxtaşırı elmi seminarlar təşkil olunur. UNEC-in İqtisadiyyat fakültəsi bu seminarların işgüzar müzakirələr şəraitində keçməsinə xüsusi önəm verir. Bu baxımdan İqtisadiyyat fakültəsində keçirilən elmi seminarlar daha çox ölkə iqtisadiyyatının aktual problemlərinə həsr olunur. Növbəti seminarın mövzusu da ölkəmiz üçün xeyli aktual olan bir mövzuya həsr olunub.
“Azərbaycan Respublikasında aqrobiznesin formalaşması vəziyyəti və onun inkişafının prioritet istiqamətləri” mövzusunda keçiriləcək elmi seminarın məruzəçisi isə «Müəssisənin iqtisadiyyatı» kafedrasının dosenti, iqtisad elmləri namizədi Qalib Bəhram oğlu Hacıyevdir. Onun maraqlı fikirlərlə zəngin məruzəsini qısa ixtisarla “AzPolitika.info”nun oxucularına təqdim edirik:
Ölkəmizdə istehlak edilən kənd təsərrüfatı və ərzaq məhsullarının 1/3 hissəsindən çoxunu idxal olunan məhsullar təşkil edir
Müstəqilliyin ilk illərində ölkənin iqtisadi böhran vəziyyətinə düşməsi ilə əlaqə¬dar biznesin düzgün təşkil olunmadığı üçün əhalinin ərzaq resurslarının formalaşmasında milli istehsalın həcmi xeyli aşağı düşmüş və ölkəmizə idxal olunan məhsulların həc¬mi isə yüksəlmişdir. Hazırda ölkəmizdə istehlak edilən kənd təsərrüfatı və ərzaq məhsullarının fiziki çəkidə 1/3 hissəsindən çoxunu idxal olunan məhsullar təşkil edir. Ərzaq resurslarının formalaşmasında milli istehsal hesabına müxtəlif növ kənd təsərrüfatı və ərzaq məh¬sulları ilə idxal məhsulları arasında nisbət çox böyük intervalda dəyişikliyə məruz qalır. Bu baxımdan ölkəmizdə bazar iqtisadiyyatının əsas prinsiplərindən istifadə olunduğu müasir şəraitdə aqrar sahədəki biznes qurumlarının rəqabətqabiliyyətliliyinin artırılmasına zərurət yaranmışdır. Bununla əlaqədar mövcud tələblərə uygun biznesin formalaşması məqsədilə biznes qurumlarının iqtisadi potensialından səmərəli istifadə etməklə məhsulun rəqabətqabiliyyətliliyinin artırılması üçün iqtisadi islahatlar həyata keçirilməlidir.
İnkişaf etmiş satınalmalar sisteminin olmamasının yaratdıığı problemlər
Aqrobiznes sisteminə dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə - kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir.
Müstəqilliyin ilk illərində ödkədə qiymətlər liberallaşdırılandan və aqrobiznesin dövlət tərəfindən subsidiyalaşdırılması ləğv ediləndən sonra pərakəndə satış qiymətləri sürətlə artmağa başladı. Nəticədə kənd təsərrüfatı məhsullarına tələbat kəskin azaldı və aqrobiznesə ciddi zərər dəymiş oldu. Əhalinin tədiyə qabiliyyətli tələbatının aşağı olması kənd təsərrüfatı məhsulları satışı imkanlarını məhdudlaşdırırdı.
Məhsulun satışı ilə əlaqədar problemlər həm də satışın pis təşkil edilməsi ilə izah edilir. Bunun bir səbəbi bazar infrastrukturunun inkişaf etməmiş olmasıdır. İnkişaf etmiş satınalmalar sisteminin olmaması, məhsulun daşınması, emal edilməsi və marketinqi əməliyyatlarının baha başa gəlməsi transaksiya xərclərinin artmasına gətirib çıxarmış, bu isə xarici ticarətin liberallaş¬dırılması və idxalın artması şəraitində yerli məhsulların hətta daxili bazarda da rəqabət qabiliyyətli olmaması ilə nəticələnmişdir.
Aqrar elmi infrastrukturun əsas problemi informasiyanın yayılması sisteminin olmamasıdır
Aqrobiznes sistemində məhsulların isteshalını artırmaq və bu sahədə biznesin inkişafını təmin etmək məqsədi ilə bir çox çüzəştlər həyata keçrilib, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin vergi borcları silinib.
Müasir iqtisadi şəraitdə aqrobiznes sistemində struktur siyasəti fermerlərin gəlirlərinin birbaşa artması ilə əlaqədar olmayan kənd təsərrüfatının dəstəklənməsi tədbirlərinin məcmusudur. Struktur siyasətinin əsas istiqamətlərindən biri elmi, istehsal və sosial infrastrukturun dəstəklənməsidir.
Aqrar elmi infrastrukturun əsas problemi informasiyanın yayılması sisteminin olmamasıdır. Məhz bu səbəbdən istehsalda elm tutumu nisbətən aşağı olan texnologiya¬lardan istifadə edilir. Özəl kəndli (fermer) təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi, istehsalın təşkil edilməsi üçün kənd yerlərinə köçənlərə müavinətlər verilməsi struktur siyasətinin daha bir mühüm bir sahəsidir.
Maliyyələşdirmənin lazımi səviyyədə olmaması bütün ölkədə torpaqların vəziyyətinin pisləşməsinə səbəb olur
Maliyyələşdirmənin lazımi səviyyədə olmaması bütün ölkədə torpaqların vəziyyətinin pisləşməsinə səbəb olur. İslahat nəticəsində aqrar-ərzaq bazarında, marketinqin təşkilində və məhsulların təbliğində dövlətin rolu azalmışdır. Nəticədə başqa satış kanallarının əhəmiyyəti artmışdır.
Məlum olduğu kimi, aqrobiznesin normal şəkildə inkişaf etdirilməsi üçün onu büdcə vəsaitləri hesabına dəstəkləmək zəruridir. Bu cür xərclər bütün ölkələrdə tətbiq edilir, lakin xərclərin artması heç də həmişə istehsalçıların vəziyyətinin yaxşılaşması ilə birbaşa bağlı olmur. Dövlətin aqrar siyasəti nəticəsində belə vəziyyət yarana bilər ki, büdcədən birbaşa ödənişlərin artmasına baxmayaraq istehsalçıların real mədaxili azalar.
Topdansatış satınalmalar sisteminin lazımınca inkişaf etməməsi də problemlər yaradır
Topdansatış satınalmalar sisteminin lazımınca inkişaf etməməsi ayrıca bir problemdir. Bu, məhsulun sərbəst kanallar vasitəsilə satışı ilə bağlı çətinliklərə gətirib çıxarır. Dövlətin xarici ticarət siyasəti aqrobiznesin problemlərini daha da kəskinləşdirirdi. İslahatların başlanğıcında ixrac rüsumları və idxal subsidiyaları tətbiq edilmişdir. Yalnız son dövrlərdə yerli istehsalçının qorunması üçün tədbirlər görül¬müş və idxal rüsumları tətbiq edilmişdi. Hərçənd bu cür tədbirlərin tətbiq olunması yalnız islahatın erkən mərhələlərində özünü doğruldur.
Aqrobiznesin normal fəaliyyətini təmin etmək üçün bazarda şəffaflığı artırmaq, onun vəziyyəti barədə siqnalların dəqiq olmasını təmin etmək lazımdır. Başqa sahələrdə olduğu kimi bazar infrastrukturunun inkişafına mane olan barter əqdləri ciddi problemə çevrilmişdir.
Azərbaycanda aqrobiznesin tənzimlənməsi üçün tətbiq edilən əsas üsullar
Hazırda Azərbaycan Respublikasında aqrobiznesin tənzimlənməsi üçün tətbiq edilən əsas üsullar aşağıdakılardır:
- qiymətlərin və istehsalçıların gəlirlərinin sabit saxlanması. Buraya istehsalçılara birbaşa qiymət subsidiyaları, minimal zəmanətli qiymətlərin müəyyən edilməsi, ordunun və iri şəhərlərin ehtiyaclarını təmin etmək üçün dövlət tərəfindən ərzaq məhsulları tədarükü;
- xarici ticarətin tənzimlənməsi və vergi güzəştləri;
- istehsalçıların xərclərinin azaldılmasına yönəlmiş tədbirlər, məsələn istehsal vasitə¬ləri üçün xərclərin kompensasiya edilməsinin müxtəlif üsulları (istehsalçılara birbaşa kompensasiyalar, lizinq sistemi, istehsal vasitələrinin aşağı qiymətə təqdim edilməsi);
- kənd təsərrüfatı istehsalçılarına güzəştli kredit;
- struktur siyasəti: istehsalçıların gəlirləri ilə əlaqədar olmayan müxtəlif dəstəkləmə tədbirləri.
Yuxarıda sadalanan tədbirlər dövlət səviyyəsində tətbiq edilir. Regional yerli özünü idarəetmə orqanları başqa tənzimləmə üsulları da tətbiq edə bilərlər.
Azərbaycanda aqrobiznesə dəstək məqsədilə həyata keçirilməli tədbirlər
Azərbaycan Respublikasında aqrobiznesə dəstək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- aqrobiznes sistemində normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- mərkəzi, regional və yerli səviyyələrdə biznesin inkişafına dəstək verən infrastrukturun yaradılması;
- əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin,o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi;
- idxaldan asılılığın aradan qaldırılması və ixracın stimullaşdırılmsaı;
- aqrobiznes sistemində biznesin həvəsləndirmə sisteminin formalaşdırılması və ona miliyyə köməyinin göstərilməsi;
- aqrobiznes sistemində biznes strukturlarının inkişafı üzrə tədqiqatların aparılması;
- aqrobiznes qurumlarına maliyyə, maddi, elmi-texniki və informasiya resurslarını əldə etmələri üçün güzəştli şəraitin yaradılması;
- aqrobiznes sistemində istehsal yönümlü biznesə dövlət himayədarlığının təmin edilməsi.
Qeyd edək ki, həm iqtisad elmləri namizədi Qalib Hacıyevin məruzəsinin tam mətni ilə tanış olmaq, həm də mövzu ətrafında maraqlı müzakirələrdə iştirak etmək istəyənlər, UNEC alimlərinin fikirlərini dinləmək istəyənlər, yanvarın 26-da “İqtisadiyyat” fakültəsində keçiriləcək elmi seminarda iştirak edə bilərlər.
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.