"Mən indi də bu komandanın üzvüyəm..." - Sabiq nazir

“Məndən hesabatsız maliyyə istəyən məmurlar olub ”

Azərbaycanın sabiq maliyyə naziri (1999-2006) Əvəz Ələkbərovun Publika.az-a müsahibəsini təqdim edirik.

–Əvəz müəllim hazırda nə işlə məşğulsunuz?

–Gəlmişəm, Bakıdayam, istirahət edirəm.

–Yeni Azərbaycan Partiyası (YAP) ilə əlaqələriniz davam edir?

–Əlbəttə, əlaqələrim var. İndi YAP-dan edilən zənglərdən və çağırışlardan xəbərdar oluram. YAP-ın iclaslarında və tədbirlərində də iştirak edirəm. İndi mən YAP Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvüyəm.

–Bir ara haqqınızda məlumatlar yayılmışdı ki, guya, siz YAP-dan kənarlaşmısınız və sairə.

–Bu, yalan söhbətdir. Mən indi də bu komandanın üzvüyəm. Mən Heydər Əliyevlə neçə il işləmişəm, mənə bu hakimiyyət çörək verib. Neçə il Heydər Əliyev və İlham Əliyevlə işləmişəm.

Həyatda dönük insanlar çoxdur və dönük olmağın özü də çox mürəkkəb və ağır məsələdir. Amma mən dönük insan deyiləm. Bunu birmənalı və səmimi formada söyləyirəm. Mən bir məqsədə xidmət edən adamam.

–Nazir vəzifəsindən çıxarılan zaman sizin “vurulmağınızla” bağlı məlumatlar yayılmışdı. Buna münasibətiniz necə olardı?

–Yox, onlar adi sözlərdir. Hər bir başlanğıcın axırı da olur. Mən harada olmuşamsa, öz vicdanımla fəaliyyət göstərmişəm.

Digər tərəfdən isə, nazir təyin olunanda müqavilə bağlanılmamışdı ki, mən 30, 50 və yaxud da 100 il işləyəcəm? Hər kəsin bir vaxtı var. O cür vəzifədə işləmək də asan iş deyil. İndi hər məqama, suala cavab və ümumi siyasəti tutmaq da sadə məsələ deyil. Mən işlədiyim yer çox mürəkkəb yer olub. Yəni hamı oradan vəsait istəyir və deyir ki, heç nəyə nəzarət etməyin və sairə. Belə deyil axı. Buna sadə baxmaq olmaz. Odur mən işlədiyim günlərdən və indiki rahatçılığımdan razıyam. Çox şükürlər olsun.

–Maliyyə naziri olduğunuz dövrdə elə hallar olubmu ki, hər hansı məmur sizdən hesabatsız vəsait istəyib?

–Əlbəttə ki, olub. O qədər belə hallar olub. O qədər olub ki, mən hesabat tələb etmişəm, onlar da gedib mənim əksimə şikayət ediblər. Yəqin ki, bu cür hallar daimi olacaq. Padşah dövründə, indiki dövrdə də daim belə şeylər olacaq. Nə qədər dövlətçilik varsa, belə şeylər də olmalıdır.

–Bəs həmin şikayət edənlər arasında yaxın münasibətdə olduğunuz şəxslər olub?

–O da ola bilər. Axı o vaxtı resurslar da bu qədər deyildi. Gərək o vaxt yox deməyi bacaraydın. O vaxt cəmi 6-7 milyardlıq büdcəmiz var idi. Ancaq indi 20 milyardı ötüb. O vaxt imkanlarımız da indiki qədər deyildi. O vaxt az vəsaitlə insanları razı salmaq çətin idi. Çox şükürlər olsun ki, bu gün Azərbaycan dövlətinin imkanları genişlənir, inkişaf edir və hər şey də qaydasındadır.

–Hakimiyyətdən sizə vəzifə təklif olunsa, işləmək istərsizmi?

–Vallah, mən indi də bu komandanın üzvüyəm. Əgər mən dəvət olunaramsa və bu cəmiyyətə, dövlətə lazım olaramsa, o zaman vəzifə təklifindən qaçmaram, qəbul edərəm. Mən Azərbaycan vətəndaşıyam.

–Türkiyəyə nə vaxt qayıdacaqsınız?

–Türkiyəyə sentyabrın əvvəli qayıdacam. Hələ ki burdayam. Bu arada bir səfərim də olacaq, xaricə gedəcəm və yenə Bakıya qayıdacam.

–Türkiyədəki biznes işiniz yenə də davam edir?

–Bizim biznesin adı biznes deyil. Gərək biz daim zəhmət çəkək. Ortaq biznesdir.

–Türkiyədə prezident seçkiləri ərəfəsi vəziyyət elə də yaxşı deyil. Bu, biznesinizə hər hansı problem yaşatmır?

–Yox, şükürlər olsun ki, hər normal gedir. Bu il Türkiyədə seçki ilidir, siyasi ildir. Elə də olmalıdır da. Türkiyə qeyri-sabit ölkədir. Ona görə də vəziyyətin gərgin olması təbiidir.

–Baş nazir Rəcəb Tayyib Ərdoğan və İslam Əməkdaşlıq Təşkilatının sabiq (2005-2009-cu illərdə) baş katibi Ekmələddin İhsanoğlu Türkiyə prezidenti olmağa ən şanslı namizədlər hesab olunur. Bəs sizin proqnozunuz necədir?

–Onların ikisini də şəxsən tanıyıram. Ancaq mənə elə gəlir ki, Ərdoğanın prezident olmaq şansı 15-20 faiz daha çoxdur.

Növbəti ən şanslı namizəd isə Ekmələddin İhsanoğludur. Ümumiyyətlə, o çox yaxşı adamdır və İslam dünyasında yaxşı nüfuza malikdir. Ancaq Türkiyədə Ərdoğanın komandasının imkanları daha çoxdur. Görülən işlər onu deməyə əsas verir ki, Ərdoğan daha şanslıdır.

Kimin dəqiq prezident seçiləcəyini isə yaşayıb görərik. Təki əmin-amanlıq, sabitlik, sülh olsun. Türkiyədə böyük dövlətçilik ənənələri var. Son 10 ildə Türkiyədə çox böyük işlər görülüb. Ölkə son 10 ildə çox yüksək inkişaf edib.

Vasif Həsənli

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar