BAKIDA YAŞAYIŞ BİNASINDA GÜCLÜ PARTLAYIŞ - FOTOLAR + VİDEO (Yenilənir)

Bakıda yaşayış binasında partlayış olub. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bidirilir.

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

“Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib. APA-nın məlumatına görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.

FHN Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınmışdır. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.

635x100

Şərhlər

yusif 2018-01-27 11:32:54

Allah qurtarsın hamını qada-bəladan: uzun illərdir bütün yayınlarda baş verib yerinə qeydə alınıb yazırlar; təkcə elə bu bütün bu xəbərlərin tək bir əldən-mənbədən alındığını, yəni toplanmadığını sübut edir: hadisə baş verməlidirki qeydə də alınsın..

Son yazılar