Yüzlərlə Səhmdar Cəmiyyətin səhm paketi Əmlak Komitəsinin rəhbərliyindəki şəxslərin qohum-əqrabalarının adlarına yazılsa da, real sahibi başqadır!
Dövlət əmlakının üçdə biri qeyri-qanuni yollarla, gizli şəkildə ələ keçirilib- Ceklərin yarıya qədəri dövriyyədən çıxarılmayıb
Azərbaycanda dövlət əmlakının özəlləşdirmə adı altında bir qrup tərəfindən mənimsənildiyi barədə çox yazılıb. Ancaq uzun illər boyu milyonlarla insanın zəhməti hesabına yaradılan Xalq əmlakının necə mənimsənilməsinin mexanizmi hələ də tam şəkildə açıqlanmayıb. Hansı ki, bu mexanizm sayəsində indi kiçik bir qrup Azərbaycanın faktiki cahibinə, milyonlarla insan isə alacağı əməkhaqqından başqa gəliri olmayan muzdlu işçiyə çevrilib. Hazırda isə bu kiçik qrup kənd yerlərində insanlara əmlak payı kimi verilən torpaqları da ələ keçirərək, böyük fermer təsərrüffatları yaratmaqla məşğuldur. Bu da yaxın vaxtlarda kəndlərdə yaşayanların da əlavə gəlirlərdən məhrum olan muzdlu işçilərə çevriləcəyini söyləməyə əsas verir. Mətləbdən uzaqlamamaq üçün qayıdaq ölkənin milyardlarla manatlıq əmlakının özəlləşdirildyi halda əhalinin 99 faizinin nə bir əmlak, nə də bir səhm sahibi ola bilməməsinin səbəbinə. Bu talan necə və hansı yollarla həyata keçirildi?
(əvvəli 
Əmlak Komitəsinin vəzifəli şəxsləri ikinci mərhələdə əhaliyə paylanmamış çeklərin qeyri-rəsmi alıcısı kimi çıxış edirdi. Rayonlarda əhaliyə paylanmalı olan 2 milyona yaxın çek (461 722 ədəd pay) saxta yollarla müxtəlif şəxslərin adına sənədləşdirilərək Bakıya göndərilir, burda isə Əmlak Komitəsinin vəzifəli şəxsləri tərəfindən topdan alınırdı.
Belə ki, 2004-cü ildən keçmiş Əmanət Bankın rayon şöbələrində saxlanılan özəlləşdirmə paylarını almamış əhalinin bir qisminə və müəyyən kateqoriyalı vətəndaşlara 2-ci özəlləşdirmə payı verilməsini təmin etmək üçün yaradılmış komissiyanın üzvləri müvafiq rayon icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin rayon şöbələrinin, Statistika Komitəsinin rayon şöbələrinin və Əmanət Bankın rayon şöbələrinin nümayəndələrindən təşkil olunsa da, səlahiyyət sahibi İİN-nin nümayəndələri idi.
Kərəm Həsənov Südabə Həsənovanın həyat yoldaşını işdən çıxardı
Rayonlarda vətəndaşa özəlləşdirmə payı verilərkən imzalanmaq üçün hazırlanmış möhürlü, qaytanlı kitaba hansısa şəxsiyyət vəsiqəsi nömrəsi yazılır və onun əvəzindən imzalanırdi. Nəticədə saxta imza qoyulmaqla və vətəndaşın xəbəri olmadan rayonlardan 300 min ədəddən çox özəlləşdirmə payı gətirilib Əmlak Komitəsində “topdansatış” qiymətinə - bir ədədi 5-6 dollara təhvil verildi.
Alınmış məbləğin əsas hissəsi İİN-in rayon şöbə rəislərinə, cüzi hissəsi digər komissiya üzvlərinə çatırdı.
Respublikada yalnız İİN-nin Yasamal rayon şöbəsinin rəisi, Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın həyat yoldaşı Yaqub Əliyev bu saxtakarlığa getmədiyi üçün növbəti struktur dəyişikliyində, DƏİEDK yaradılan zaman, Kərəm Həsənov tərəfindən vəzifəsindən azad olundu.
Saxtakarlıq birbaşa Kərəm Həsənovla bağlı olduğu üçün istintaqa “otboy” verildi

Fərhad Əliyevin həbsi zamanı ona verilən ittihamdan biri də özəlləşdirmə paylarının İİN–nin rayon şöbələrindən alınması ilə əlaqədar verilən göstərişlə bağlı idi. F.Əliyevin məhkəmə prosesində vəkillər 2004-cü ildə əhaliyə verilmiş özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirmək üçün imtiyazlı şəxslərin siyahısının və çeklərin əhaliyə paylanması haqqında qeyd aparılan kitabın məhkəməyə gətirilməsini tələb etsələr də, bu saxtakarlıq birbaşa K.Həsənovla bağlı olduğu üçün vəkillərin və F.Əliyevin vəcatətləri təmin olunmadı.
İstintaqın gedişində tapşırığın K.Həsənov tərəfindən verildiyi sübut olunduğu üçün bu ittiham götürüldü. Bununla əlaqədar bəzi həbslər olsa da, sonradan onlar da buraxıldı.
Haqlarında cinayət işi açılmalı idi, ancaq vəzifə verildi...

Özəlləşdirmə paylarının dövriyyədən şıxarılmasına nəzarət edən komissiya üzvləri, həmin dövrdə İİN-də nazir müavini işləyən Mikayıl Cabbarov təhsil naziri, İİN-nin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin Direktoru işləmiş Kərəm Həsənov ƏMDK-nin sədri, həmin departamentdə müavin işləmiş Rüstəm Şahbazov ƏMDK-də sədr müavini işləyir.
Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 203.1 maddəsinə əsasən, Qiymətli Kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə özəlləşdirmə çeklərinin paylanmasında, dövriyyəsində, ləğvində birbaşa məsul olan bu şəxslərə cinayət işi açılmalıdır...
Qeyd edək ki, RAM-ın əməkdaşlarının iddalarına görə, məhz K.Həsənov və R.Şahbazov tərəfindən vətəndaşlardan istənilən vasitələrdən istifadə edib çek qəbulunu ləngitməyi və mümkün qədər az çek qəbul etmək tapşırılmışdı. Əks halda əməkdaşlara hər ay verilən zərf maaşından məhrum olunacaqları bildirilirdi.
Bölgələrdəki filiallarda çek hərracının keçirilməsi haqqında heç bir məlumat, elan, bildiriş qoyulmurdu. Müraciət edən vətəndaşları Bakıya göndərirdilər. Bakıda isə vətəndaşlara özəlləşdirmə çeklərini qeydiyyatda olduqları yaşayış yerlərinə yaxın auksionda təqdim etmələri tövsiyyə olunurdu. Beləcə vətəndaş Bakı şəhəri ilə yaşadığı rayon arasında yol ölçürdü ki, sonda hərracın keçirilmə vaxtı bitirdi.
RAM-də əhalidən çek qəbul edilməməsi üçün gah saxta növbələr yaradılır, gah çek qəbulu ləng aparılır, gah kompyuterlərə elektrik enerjisi verilmir, bir sözlə insanlığa sığmayan bütün vasitələrdən istifadə olunurdu. Ona görə də vətəndaşlarda çoxlu sayda özəlləşdirmə çeki olmasına baxmayaraq, RAM-da və onun bölgələrdəki 6 filialında ixtisaslaşdırılmış çek hərracında maksimum 50-200 nəfər iştirak edirdi.
Hərracların qalibi Auksion Mərkəzində deyil, kabinetlərdə müəyyən olunurdu
1996-cı ildən 01.01.2011-ci ilə qədər keçirilmiş 121 ixtisaslaşdırılmış çek hərracında yalnız “Bakı Şərab-1” ASC-nin səhmləri satılarkən 555 nəfər və bir də “Binəqədi İnşaat Sənaye” ASC-nin səhmləri satılarkən 543 nəfər iştirak etmişdir. Onların da 200 nəfərə yaxını özəlləşdirmə paylarını Naxçıvandakı auksionda təqdim etmişdi. Quliyev qardaşlarına satılan “Binəqədi İnşaat Sənaye” ASC üzrə hərracın nəticələri sonralar ləğv olunmuşdur...

Bu sövdələşmədə K.Həsənov da birbaşa söz sahibi deyildi. O da özündən yuxarıda əyləşənlərlə məsləhətləşdikdən sonra, necə deyərlər, “hə” cavabını verirdi. Bu cavabın verilməsi yalnız təklif olunan məbləğdən deyil, həm də özəlləşdirilən obyektlə hansısa yüksək rütbəli məmurun maraqlanıb-maraqlanmamasından, həmin şəxsin hansı oliqarxla əlaqələrindən və ya hansı qruplaşmada təmsil olunmağından asılı idi. Bir sözlə, hərracın qalibi hərrac keçirildiyi zaman RAM-də və ya filiallarda yox, hərracdan xeyli əvvəl onların və ya daha yuxarıların kabinetlərində müəyyən olunurdu.
Özəlləşdirmə payları əvəzinə, bir ədədinin 8-10 manatdan pulunu alırdılar

Səhmləri satılmış ASC-də birinci ümumi yığıncaq keçirilərkən səhm paketini müəyyən məbləğdə ələ keçirmiş şəxsin müəssisənin səhmlərinin 80-90 %-ni necə, hansı yolla əldə etdiyi aydın olurdu. Görəsən sadə vətəndaşdan 2-3 özəlləşdirmə payı qəbul edilməsinə istədiyi formada maneçilik törədən RAM-ın baş direktoru - K.Həsənovun, R.Şahbazovun həmyerlisi Əli Abdullayev bir şəxsdən 500-2000 ədəd özəlləşdirmə payını necə, hansı şəraitdə qəbul edirdilər?
Səhmdar Cəmiyyətlər 15-30 % hissələrə bölünərək satılırdı?
2007-2010-cu illərdə yaradılmış ASC-lərin səhmləri ildə 5-6 ixtisaslaşdırılmış çek hərracı keçirilməklə 15-30 % hissələrə bölünərək satılırdı. Məqsəd çek hərracı keçirilməsi haqqında görüntü yaratmaqdan, vaxtı uzatmaqdan ibarət idi. Əslində bu qaydada keçirilən ixtisaslaşdırılmış çek hərracında istənilən şəxsi və ya onun ailə üzvlərini qalib elan etmək daha asan idi.

Əslində R.Şahbazovun tövsiyəsi ilə kollektiv üzvlərindən qapalı abunə yazılışında iştirak etməyəcəkləri barədə məcburi ərizə yazmaları tələb olundu və alındı. Əks halda işdən azad olunacaqları bildirildi. Səhmlərin 99.94 % -ini və 1.8 hektar torpaq sahəsini isə K.Həsənova verilmiş tapşırığa və R.Şahbazovun köməkliyi sayəsində investisiya müsabiqəsi yolu ilə kimin ələ keçirdiyini respublika əhalisi bilməsə də, yəqin müəssisənin əmək kollektivi yaxşı bilir...
Yüzlərlə ASC-nin nəzarət səhm paketinin real sahibi gizlədilir

Özəlləşdirmə adı altında həyata keçirilən əmlak talanı istər-istəməz sual yaradır: Əgər bir qrup şəxs dövlət əmlakını istədikləri adama satacaqdısa, niyə külli miqdarda xərc çəkilərək, özəlləşdirmə payları və opsionları sifariş verilir, ölkəyə gətirilir və əhaliyə paylanırdi? Əvvəl Rusiya Federasiyasında özünü doğultmayan çeklərlə özəlləşdirmənin ölkəmizdə tətbiq olunmasına ehtiyac var idimi? Sadə vətəndaş bundan nə qazandı?
Bu sualların cavabı yəqin ki, nə vaxtsa veriləcək... Hələiksə digər faktlara keçək...
Müəssisələrin nizamnamə kapitalının azı 50-60%-i nəğd şəkildə əvvəlcədən alınıb

Çeklərlə özəlləşdirməyə çıxarılan orta və iri müssisələrdə əhalinin cəmi 5 %-dən də az hissəsi heç bir hüquqları olmayan xırda səhm sahibi ola bildi. Səhmlərin 90-95 % -i isə ya sovetlər dönəmində müəssisəyə rəhbərlik etmiş, ya da hazırda yüksək vəzifədə olan şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının adına rəsmiləşdirildi. Hansı ki, K.Həsənov, R.Şahbazov və həmyerliləri Əli Abdullayev tərəfindən onlardan müəssisənin nizamnamə kapitalının ən azı 50-60%-i nəğd şəkildə əvvəlcədən alınırdı.
Kərəm Həsənov niyə Fərhad Əliyevin qohumunu RAM-a baş direktor təyin etdi?

Yeri gəlmişkən qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət qurumu olmasına baxmayaraq, K.Həsənovun həmyerlilərdən ibarət podrat təşkilatı kimi fəaliyyət göstərir.
K.Həsənov Əmlak Komitəsinə sədr təyin olunandan Komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetinin 2005, 2006, 2007, 2009-cu il buraxılışları bütünlüklə, digər illərin isə hərrac elanı dərc olunan nömrələrinin internet səhifəsində yerləşdirilməməsində məqsəd vətəndaşların hərracların keçirilməsi haqqında əvvəlcədən məlumat almasına imkan verməməkdən ibarət olub.
Kərəm Həsənov konkret rəqəmlər söyləməkdən niyə qaçır?

Ümumiyyətlə K.Həsənovun bütün müsahibələrində “çox”, “artıq”, “yaxın” kimi qeyri-müəyyən, mücərrəd ifadələrdən istifadə etməsi öz dediyi rəqəmlərin doğruluğuna inanmadığına dəlalət edir. Əks halda əlimizdə olan, 1996-cı ildən 11.07.2000-ci ilə qədər istifadə olunan dövlət özəlləşdirmə paylarından təyinata görə hansı miqdarda silinməsi haqqında verilən Arayışa uyğun 2000-2010-cu illərdə silinmiş özəlləşdirmə çekləri barədə dəqiq məlumat verərdi.
Ancaq özəlləşdirmə prosesində həyata keçirilən kütləvı saxtakarlıqlar konkret rəqəmlər açıqlamağı mümkünsüz edir. Təsadüfi deyil ki, özəlləşdirmə paylarının rəsmən 3 ildir ki, dövriyyədən çıxarılması elan olunsa da, bu gün də alınıb-satılır. Yuxarıda bunun səbəbi barədə məlumat vermişdik. Elə çek alqı-satqısı ilə məşğul olan şəxslər də özəlləşdirmə paylarının ancaq ƏMDK-nin onların yanına göndərdiyi müəyyən şəxslər tərəfindən alındığını bildirirlər.
17 997 213 ədəd opsiondan istifadə olunmadı, onlara çəkilən vəsait batdı!

ƏMDK-i isə “Azərbaycanda özəlləşdirmənin 10 ili” jurnalında dəqiq rəqəm göstərməkdən çəkinərək, 1996-2006-cı illərdə xarici ölkə vətəndaşlarının özəlləşdirmədə təqdim etdiyi opsionların miqdarının 1 milyondan çox olduğunu bildirib.
Ancaq II Dövlət Proqramı qəbul olunandan sonra xarici vətəndaşlar özəlləşdirmədə iştirak etmədiyindən, 17 997 213 ədəd opsiondan istifadə olunmayıb, onların hazırlanmasına çəkilən vəsait 2000-2010-cu illərdəki “şəffaf” özəlləşdirmə dövründə batıb.
QKDK-də nə qədər opsionun qalması məsələsinin üzərindən Komitənin sədri Rüfət Aslanlı da sükutla keçir, bu barədə ictimaiyyətə heş bir məlumat vermir.
Kojeninin aldığı 1 milyon özəlləşdirmə payı kimdə və harada saxlanılır?

Əgər həqiqətən ödənmişdirsə bu vəsait haradan alınıb, doğru deyilsə Kojeninin aldığı 1 milyon ədəd özəlləşdirmə payı indi kimdə və harada saxlanılır? Bu sualların cavabı da açıq qalır...
Reallıqda dövriyyədən nə qədər çek çıxarılıb? - RƏQƏMLƏR

Sadə hesablama aparaq: I Dövlət Proqramı zamanında bütünlüklə, yəni 01.07.2000-ci il tarixə qədər 4 061 680 ədəd çek və ya 1 015 420 ədəd özəlləşdirmə payı silinmişdirsə (bu barədə arayış mövcuddur), 2000-2010-cu illərdə keçirilmiş 39-121-ci ixtisaslaşdırılmış çek hərraclarında vətəndaşlardan auksionlarda 8 604 691ədəd çek və ya 2 151 173 ədəd pay qəbul olunmuşdur. Bu barədə də dəqiq siyahı var.
19.05.2000-ci ildən sonra qapalı abunə yazılışında 501584 ədəd çek və ya 125396 ədəd pay silinmişdir (qapalı abunənin nəticələri haqqında məlumat mövcuddur).
01.01.2000-ci ildən 01.01.2011-ci ilə qədər İnvestisiya proqramı çərçivəsində özəlləşdirilmiş ASC-dən 2 074 500 çek və ya 518 625 pay silinmişdir (mətbuatda verilən məlumatlara əsasən).
R.Aslanlının məlumatına görə, Milli Depozit Mərkəzində 2 400 000 özəlləşdirmə çeki və ya 600 000 pay saxlanılır.
K.Həsənov 03.05.2013-cü il tarixdə gün.az saytına verdiyi müsahibədə bildirmişdir ki, özəlləşdirmə başlayandan indiyə kimi 45 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib. Bir qayda olaraq kiçik müəssisə kimi özəlləşdirilən obyektlərdə işçilərin sayı 1 nəfərdən ibarət olurdu ki, bu da obyektə şərik olanların sayının az olmasına və az özəlləşdirmə çeki təqdim olunmasına hesablanmışdı.
Bu rəqəmdən I Dövlət Proqramı zamanı özəlləşdirilmiş 20 229 kiçik müəssisə və obyekti çıxsaq, qalır 24 771 ədədi. “Mülkiyyət” qəzetinin məlumatlarına əsasən, bu kiçik müəssisə və obyektlərin 85 % -i əmək kollektivi üzvlərinin sayı 1 nəfər göstərilərək, 10 %-i isə əmək kollektivi olmadan tam dəyəri ilə satılıb. Yəni çek təqdim edilmədən... Həmin müəssisə və obyektlərin təxminən 5 % -ndə kollektiv üzvlərinin sayı 2 və daha çox göstərilib. Bu isə deməyə əsas verir ki, həmin kiçik müəssisə və obyektlərin özəlləşdirilməsində təxminən 23 000-ə yaxın pay və ya 92 000 çek təqdim olunub.
Sadə hesablama apararaq bu rəqəmləri cəmləsək, belə məlum olur ki, 01.01.2011-ci il tarixə qədər aparılan özəlləşdirmə prosesində cəmi 4 433 614 ədəd pay dövriyyəgən çıxmarılmışdır.
Özəlləşdirmə payının cəmi 55.57 % -i dövriyyədən çıxarılıb - 2 544 064 ədədi “buxarlanıb”
Əgər cex biznesmeni Viktor Kojeni tərəfindən alındığı bildirilən 4 000 000 çek və ya 1 000 000 ədəd özəlləşdirmə payını da bura əlavə etsək, dövriyyəyə buraxılan 21 734 456 ədəd çekin və ya 5 433 614 ədəd payın, necə deyərlər, taleyi məlum olur. Bu isə eyni zamanda başqa bir fakrtı ortaya çıxarır.
Belə ki, rəsmi statistikaya görə, hər iki mərhələdə əhaliyə 7 977 678 ədəd özəlləşdirmə payının verildiyi iddia olunur. Bu rəqəmdən istifadə olunan və Kojeninin aldığı özəlləşdirmə payını çıxsaq, 2 544 064 ədəd özəlləşdirmə payının harda olduğu qaranlıq qalır. Ya hələ də əllərdə qalıb, ya da başqa yollarla dövriyyədən çıxarılıb....
Bu fakt eyni zamanda K.Həsənovun ictimaiyyətə doğru olmayan məlumat verdiyini təsdiqləyir. Belə ki, K.Həsənov müsahibəsində bildirir ki, əhaliyə paylanmış özəlləşdirmə paylarının 80 % -i, yəni 6 375 000 ədəd pay və ya 25 500 000 ədəd cek dövriyyədən çıxarılıb.
Anvcaq əlimizdəki rəsmi statistika göstərir ki, əhaliyə paylanmış 7 977 678 ədəd özəlləşdirmə payının cəmi 4 433 614 ədədi, yəni 55.57 % -i dövriyyədən çıxarılıb. Bu isə özəlləşdirmə adı altında dövlət əmlakının talanması kimi böyük bir cinayətin baş verməsini söyləməyə əsas verir. Belə ki, K Həsənovun dövriyyədən çıxarıldığını iddia etdiyi 6 375 000 ədəd özəlləşdirmə payı ilə faktiki dövriyyədən çıxarılmış 4 433614 ədəd pay arasında 1 941 386 ədəd fərq var.
Dövlət əmlakının üçdə biri qeyri-qanuni yollarla, gizli şəkildə ələ keçirilib

Bu gün “qara bazarda” özəlləşdirmə paylarının hələ də alınıb-satılmasının səbəbi də məhz bu maxinasiyaları ört-basdır etmək məqsədi daşıyır. Özəlləşdirmə payının bir ədədinin “qara bazarda” bu gün 3 manata satıldığını nəzərə alsaq, əmlakın rəhbərliyinin təxminən 6 milyon manat xərcləməklə, maxinasiyalarını ört-basdır etmək niyyətində olduğunu söyləyə bilərik.
Əlbəttə, ƏMDK rəhbərliynin bunu inkar edəcəyiniə şübhə etmirik. Ancaq o zaman sual olunur: 3 ildən çoxdur ki, dövriyyədən çıxarılan, heç bir dövlətdə, respublikada alınmayan, ƏMDK-dan başqa heç bir təşkilatın marağında olmayan özəlləşdirmə çeklərini “qara bazardan” ucuz qiymətə kim alır, hansı məqsədlə alır, harada istifadə edir?
Əslində, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təkcə özəlləşdirmə paylarının alınıb-satılmasının səbəbini araşdırmaqla bu müdhiş cinayətlərin üstünü asanlıqla aça bilər....
Beləliklə, göstərilən faktlar sübut edir ki, 2000-ci ildən sonra Azərbaycanda dövlət əmlakının çeklərlə özəlləşdirilməsi yox, bir qrup şəxs tərəfindən saxtakarlıqla yağmalanması, talanması üsulu ilə özününküləşdirilməsi prosesi gedib. Bu proses K.Həsənov və komandası tərəfindən “uğur”la başa çatdırılsa da, yekunlaşdığını iddia etmək mümkün deyil. Yəqin ki, nə vaxtsa Azərbaycanda özəlləşdirmə adı altında həyata keçirilən əmlak talançılığına hüquqi qiymət veriləcək....
Murad Məmmədov
AzPolitika.info

Şərhlər
Burda çox səhv məlumatlar var...və kim 28 mayda 3 manata çek satır,elə şey indi yoxdu axı...öncə yoxlayin sonra nəsə yazın...
Respublika auksiyon markazinin bas direktoru Agali Ahmadov idi.Buda zancirin bir halqasi idi.