AVROPA-AMERİKA ALYANSININ QORUNMASI - "Bunun Çin əməkdaşlığı ilə əvəzlənməsi ciddi təhqir olacaq"

Keçən həftə Londonun “The Telegraph” qəzeti birinci səhifəsində şok yaradacaq “Ordu Rusiya ilə ayaqlaşmaq qabiliyyətində deyil” başlıqlı məqalə dərc edib. Həmin məqalədə söhbət hər hansı analitik yanaşmadan getmir. Məqalədə Britaniya silahlı qüvvələrinin başçısı general Nik Karterin Rusiyanın müdafiə sektoruna nəhəg investisiyaların ayrılması və Böyük Britaniyanın buna qarşı hər hansı güc qoya bilməyəcəyi barəsində verdiyi bəyanatı yer alıb.

Bundan bir həftə əvvəl isə, Pentaqon milli müdafiə ilə əlaqədar yeni strategiya dərc etmişdi. Həmin sənədə görə, ABŞ və Qərb üçün islam terrorçuluğundan daha ciddi təhlükə Rusiya və Çin tərəfindən gələ bilər.

Keçən həftə Britaniyanın tanınmış ”The Economist” jurnalının üz qabığında iri hərflərlə gözlənilməz başlıq -“The Next War” (“Növbəti müharibə”) verilib. Jurnalın redaksiya məqaləsində yazılıb: “Əgər Amerika özü bilmədən və ya da ki, Amerikan siyasəti buna lazımı cavab vermək imkanında olmadığı üçün Rusiya və Çin kimi regional hegemonların meydana çıxmasının önünü kəsə bilmirsə, onda Amerika Çin və Rusiyaya yaşıl işıq yandırmış olacaq. Və belə olan halda Rusiya ilə Çin öz maraqlarını həyata keçirməkdən ötrü ən aqressiv üsullardan istifadə etməyə başlayacaqlar”.

Lakin son iki həftə ərzində Avropa paytaxlarında və xüsusən də Davosda bu mövzular əsas etibarıyla kənara itələnir. Belə ki, Avropa paytaxtları əvvəlki kimi bütövlüklə “millətçilik” adlı məsələyə qarşı kampaniya ilə məşğuldurlar.

“Millətçilik” hədsiz genişlənmiş məna almağa başlayıb. İndi bu termin altında təkcə ksenofobiya, rasizm və proteksionizm məsələləri müzakirə edilmir. Geniş seçici dəstəyi almış və heç kimə ziyanı dəyməmiş vətənpərvər müxalifətin (əsasən Mərkəzi və Şərqi Avropada) tamamilə əsassız ittiham olunması başlıca obyektə çevrilib. Müxalifət Avropa Birliyinə inteqrasiyanın milliliyin üstündə durmasının daha da vüsət almasına qarşı mübarizə aparır. Miqrasiya siyasətinin milliliyin önündə dayanmasına qarşı olan siyasət həmişə milli parlamentlərin müzakirə mövzusu olub.

Məhz bununla bağlı olaraq daha bir Britaniya jurnalı Avropa debatlarını qorxudacaq psixoloji narahatlıq barəsində xəbərdarlıq edib. Marqaret Tetçerin keçmiş müşaviri Con Sallivan “Spektator” jurnalı üçün məqalə yazıb. Həmin məqalə “Avropa uğrunda döyüş” (The fight for Europe) adlanır. Con Sallivanın fikirləri ilə tamamilə razılaşmasaq da, onun məqaləsində yer almış xəbərdarlıq ən azından nəzərə alınmalıdır.

Məsələn o, yazır: ”Mərkəzi və Şərqi Avropa ölkələrindən olan avropalılar özlərini yerli və köklü avropalı hesab edirlər. Onlar milli dövlətə, ailəyə, ağıllı siyasətə, xristian dininə və majoritar demokratiyaya dəyər verən standartları üstün tuturlar. Bu insanlar Avropa ənənəsinin etibarlı təcəssümünü məhz həmin standartlarda görürlər. Ona görə də, bu insanların Brüssel ilə münaqişəsinin səbəbi onların Avropaya qarşı çıxmaqlarında yox, onların avropalıların necə olması ilə bağlı öz şəxsi baxışlarının olmasındandır”.

Bizim, Sallivanın düşüncələri ilə razılaşıb-razılaşmamağımız öz yerində, lakin onun dəyərləndirməsi bizi diqqətli olmağa çağırır. Diqqətli olmaq ilk növbədə bizə məsələhət verir ki, milli strukturlar üzərində utopik Avropa layihəsinə can atmaqla, biz “daha az avropalının yaşadığı Avropa” riski ilə qarşılaşacağıq.

Ən əsas problem bu deyil. Əsas problem, “millətçilik” adlandırılan məsələyə qarşı çıxan bəzi Avropa–federalist sektorunun Avropa və ABŞ arasındakı ittifaqı Avrasiya alyansı ilə əvəzləməyə iştahlanmasıdır. Avrasiya dedikdə ilk növbədə kommunist Çininin vacibliyi nəzərdə tutulur.

Bu arqument indi ən müxtəlif siyasi fiqurlar tərəfindən səsləndirilməyə başlanılıb. Xeyli Avropa qəzetləri Amerikadakı Tramp administrasiyasının “millətçilik” siyasətinə qarşı çıxaraq, tez-tez Çinin adını çəkməklə, bu ölkəni arzuolunan və ən azından mümkün tərəfdaş sayırlar.

Birbaşa söyləmək lazımdır: Avropa-Amerika alyansının Avropa və Çin əməkdaşlığı ilə əvəzlənməsi sadəcə ağılsızlıq yox, həm də özünə qarşı ciddi təhqir olacaq.

(“Observador”-Portuqaliya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar