GİZLİ MİLYARDERİ BİTİRƏN 3 SƏBƏB – “Hafiz Məmmədov hazırda evindədir…”

Ölkədən çıxış yasağı ilə üzləşmiş oliqarx həbs xəbərini niyə təkzib etmir?

Heç şübhəsiz iş adamı, “Hafka” ləqəbilə tanınan “Bakı” futbol klubunun və “Baghlan Group”un prezidenti Hafiz Məmmədovun Bakı Hava Limanında saxlanılması xəbəri son günlərin, hətta biz deyərdik son ayların ən sensasiyalı məlumatı oldu. Məlumatda onun ölkədən qaçarkən saxlanıldığının qeyd olunması xüsusilə diqqəti cəlb edirdi. Yaxın vaxtlaradək gurultulu bəyanatları, müsahibələri, gələcəyə dair planları ilə gündəmdə olan Hafiz Məmmədovun hansı səbəbdən və ya hansı günahına görə ölkədən qaçmaq istəməsi sual doğurmaya bilməz.

Baxmayaraq ki, son aylar az qala hər gün mətbuatda onun iflasa uğramasına, biznesinin böyük hissəsini itirməsinə, sahibi olduğu kubun oyunçularının əmək haqqını belə verə bilməməsinə dair məlumatlar gedirdi...

Ancaq bir tərəfdən də xaricdə yeni klublar almasına dair danışıqlar apardığı iddia olunurdu. Bu cür ziddiyyətli məlumatların içində doğrunu müəyyən etmək çətin olsa da, Hafiz Məmmədovun başının dərddə olduğuna şübhə yoxdu...

...Və nəhayət “Hafka”nın həbs edildiyinə dair məlum xəbər yayıldı. Bu xəbər rəsmi qurumlar tərəfindən təsdiq olunmasa da, inandırıcı bir təkzib də verilməyib.

Ancaq hər halda “AzPolitika.info” Hafiz Məmmədova yaxın çevrədən məlumat əldə edib ki, o həbsdə deyil. “Həbs xəbəri yalandır. Hafiz Məmmədov hazırda evindədir”, deyə mötəbər qaynaq əməkdaşımıza bildirib.

Hüquq-mühafizə orqanlarına yaxın mənbələrimiz də onun aeroportda saxlanılması xəbərini təsdiqləmirlər.

Lakin bu heç də Hafiz Məmmədovun ölkədən çıxmasının qarşısının alındığına dair məlumatların doğru olmadığı demək deyil. Məlumatlı mənbələrdən “AzPolitika.info”-ya verilən bilgiyə görə, növbəti dəfə xaricə getməyə hazırlaşan Hafiz Məmmədov hüquq-mühafizə orqanlarından birinə dəvət olunub və ona ölkədən çıxmamaqla bağlı xəbərdarlıq edilib. Təbii ki, Hafiz Məmmədov da bu çür xəbərdarlıqların nə mahiyyət daşıdığını və siyasi hakimiyyətdən xəbərsiz baş vermədiyini bilməmiş deyil...

Elə yəqin buna görədir ki, həbs oluması xəbəri 3 gündür medianın baş xəbərinə çevrilsə də, “Hafka” nəinki bunu təkzib edir, hətta yaxınları belə bu haqda hər hansı açıqlama vermirlər. Halbuki, bir iş adamı üçün bu səpgili məlumatlar istənilən halda ölümdən betərdir və onun işgüzar nüfuzunu, etibarını ayaqlar altına atır. Lakin nə işdirsə Hafiz Məmmədov bundan narahat görünmür. Bunun isə iki səbəbi ola bilər: Ya bu xəbərlər onun işinə yarayır, ya da ona danışmaq yasağı var...

Bəs bir zamanlar siyasi hakimiyyətə yaxın ən etibarlı iş adamı kimi xarakterizə olunan, külli imtiyazlar verilmiş Hafiz Məmmədovun bu vəziyyətə düşməsinin səbəbi nədir?

Bu haqda, əlbəttə, dəqiq fikir söyləmək çətindir. Ancaq təcrübəyə əsaslanaraq demək olar ki, Hafiz Məmmədov kimi siyasi hakimiyyətə yaxın iş adamları bir neçə halda “gözdən çıxarılırlar”. “Hafka”nı bu məsələdə başqalarından fərqləndirən özəl bir cəhəti – ermənilərlə qohumluğu məsələsi də var ki, onu hələlik bir kənara qoyaraq, “vurulma” üçün əsas olan digər “günahların” siyahısında populyar olanlara nəzər salaq.

Məsələn, siyasi hakimiyyətə xəyanət edib, müxalifət və ya xarici dairələrlə əlaqəyə girəndə;

Ona yaradılan şəraiti düzgün qiymətləndirməyib, “mənəmlik” hissinə qapılıb, “yuxarılarla” hesablaşmaları “təmiz” aparmayanda;

Ona tapşırılan layihələri reallaşdırmağı bacarmayıb, necə deyərlər, “üzünə-gözünə” bulaşdırıb, hakimiyyət üçün əlavə başağrısı yaradanda və sairə.

Hafiz Məmmədovun siyasi hakimiyyətə xəyanət etməsi, müxalifət və ya xarici dairələrlə gizli əlaqəyə girməsi inandırıcı deyil. Xüsusən də hakimiyyətin tamamilə alternativsiz kimi göründüyü indiki dövrdə. Ona görə də, Hafiz Məmmədovun bir müddətdir qarşılaşdığı problemlərin, nəhayət ölkədən çıxmasına qoyulan yasağın 2-ci və ya 3-cü variantla bağlı olduğunu ehtimal etmək olar. Hər ikisinin də mümkünlüyünü təsdiqləyən məlumatlar var.

Məsələn, Hafiz Məmmədovun ona yaradılan şəraiti düzgün qiymətləndirmədiyi, onda “mənəmlik” hissinin baş qaldırdığı, “yuxarılarla” hesablaşmaları “təmiz” aparmadığını göstərən kifayət qədər məlumat yayılıb. Buna misal olaraq onun qardaşının “Bakı” klubuna ayrılan vəsaitləri ortadan götürərək, Pribaltika ölkələrində özünə biznes yaratmasını, Avropa banklarının birində təminat altına alınmış 1 milyard avroluq hesabının olmasına dair məlumatı, Bakıda fransız jurnalistləri bahalı hədiyyələrlə ələ amaq istəməsinin çəkilərək yayılmasını, “Lans”ın oyununa gələn fransızlara pul paylamasını və sairi göstərmək olar. Təbii ki, bu cür faktlar, məlumatlar Hafiz Məmmədova olan etimadı sarsıdıb...

Və yaxud başqa bir fakt: Hələ bir neçə ay bundan əvvəl “AzPolitika.info” özəl mənbələrinə istinadən Azərbaycan Beynəlxalq Bankının Hafiz Məmmədovu məhkəməyə verdiyi xəbərini yaymışdı. Buna səbəb kimi isə “Hafka”nın şirkətinin banka külli miqdarda borclu olması göstərilirdi. Bu borcun miqdarı o qədər böyükdür ki, hətta beynəlxalq reytinq agentliyi “Fitch Ratings” H.Məmmədovun həmin dövrə qədər ən gəlirli şirkəti hesab olunan “Baghlan Group” holdinqinin kredit reytinqini aşağı saldı. Sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun reytinqini müəyyənləşdirməyəcəyini bildirdi. Agentlik qərarını “Baghlan”ın 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində FAİZ ÖDƏNİŞİNİ (borcun böyüklüyünü faizin həcmi də göstərir-müəl.) həyata keçirməməsilə izah etmişdi. Və açıq işarə vurmuşdu ki, “Baghlan Group” iflasa gedir.

Mənbə dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, Beynəlxalq Bankdan Hafiz Məmmədovun bir neçə 100 milyon manat kredit götürdüyünü bildirib. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb.

Buna görə də, Beynəlxalq Bank Hafiz Məmmədovu məhkəməyə verərək, onun iflas həddində olan şirkətə aldığı krediti geri qaytarmasını istəyirdi.

Qeyd edək ki, hələ həmin vaxt biz bunun Hafiz Məmmədovun düşünülmüş addımı olduğunu, aldığı 100 milyonlarla krediti qaytarmamaq üçün “Baghlan Group”un iflasını elan etdiyini vurğulamışdıq. Hər halda cəmi 6 il əvvəl yaradılan və ən gəlirli sahələrdə fəaliyyət göstərən bu holdinqin birdən-birə iflas etməsi xəbərinin yayılması təəccüblü idi. Belə ki, şirkətin iflasının elan olunması ilə onun Beynəlxalq Banka olan borcları da faktiki olaraq batmış hesab olunacaq. Beynəlxalq Bank isə dövlətindir. Yəni, istisna deyil ki, “Hafka”“yüksək reytinq-iflas” oyunları ilə dövlətin 100 milyonlarla pulunun sahibinə çevrilmək istəyib... Ancaq bacardığını söyləmək mümkün deyil.

Hər halda əvvəlcə “Bank of Azerbaijan”ın idarəçiliyinin, sonra isə “Bakı” klubunun səhmlərinin bir hissəsinin Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevə verilməsi Hafiz Məmmədovun “Baghlan Group”la bağlı “yüksək reytinq-iflas” oyununun baş tutmadığını göstərir. Üstəlik mümkündür ki, bu “planının” açılması ona olan etimadın tam itməsinə gətirib çıxarıb və ona qarşı əlavə sanksiyalara yol açıb.

Eləcə də, ona tapşırılan layihələri reallaşdırmağı bacarmamasına, üstəlik hakimiyyət üçün əlavə başağrısı yaratmasına dair də kifayət qədər məlumatlar var. Məsələn, bir müddət əvvəl paytaxtda sərnişin nəqliyyatının tənzimlənməsi, bu sektorda yığılan pullara nəzarətin təmin edilməsi Hafiz Məmmədova tapşırılmışdı. Ancaq bu işi bacarmadığından yenidən Nəqliyyat Nazirliyinə qaytarıldı.

Və yaxud xaricdə futbol klublarının alınmasının da Hafiz Məmmədovun özfəaliyyəti olmadığı, rəsmi Bakının maraqları və istəkləri çərçivəsində baş verdiyi şübhə doğurmur. Ancaq Hafiz Məmmədov bunu elə səsli-küylü apardı ki, hər kəs onun 10 milyonlarının mənbəyi ilə maraqlanmağa başladı. Təbii ki, bu pulların böyük hissəsi qeyri-rəsmi olduğundan, onların mənbəyini göstərmək də mümkün deyil. Bu da “çirkli pullarla” mübarizə aparan beynəlxalq təşkilatların diqqətindən yayına bilməzdi. Onların bu pulların mənbəyini araşdırmağa başlaması (hansı ki, belə məlumatlar yayılb-müəl.) rəsmi Bakı üçün də əlavə başağrısı deməkdir.

Yeri gəlmişkən qeyd edək ki, Fransanın “Mets” klubunun keçmiş müdafiəçisi, 2010-2011-ci illərdə “Bakı” futbol klubunda oynamış Stefan Barbikoni “France Fotball” nəşrinə müsahibəsində oliqarx Hafiz Məmmədovu milyarder kimi təqdim edib: “Hafiz Məmmədov istəsə ”Lans”a 20 milyon yox, lap 40 milyon avro da verə bilər! Futbol onun üçün qətiyyən qazanc mənbəyi deyil. Hafiz Məmmədovun bir neçə milyard avro pulu, Londonda, Dubayda, Bakıda və Moskvada fəaliyyət göstərən çoxsaylı neft-qaz, taksi, tikinti şirkətləri var”.

Azərbaycanda isə rəsmi milyarder olmadığından, “çirkli pullarla” mübarizə aparan beynəlxalq təşkilatların “Hafka” ilə maraqlanması təəccüblü deyil.

Bu baxımdan “Hafka”nın “vurulmasında” onun Fransada “məşhurlaşmasının”, fantastik pullar xərcləməsinin əsas rol oynadığına dair məlumatların da doğruluğunu istisna etmək olmaz...

Qeyd edək ki, bəzi mənbələr “Hafka”nın üzləşdiyi uğursuzluqları “atam” dediyi Ziya Məmədovla bağlayırlar. Hər halda “Qafqazinfo” saytına belə bir məlumat verilib. Sitat: “Məlumatlara görə, “Hafka”nın problemi ona “krişa”lıq edənlərin indi müəyyən vədlərinə xilaf çıxmaları ilə bağlıdır. Belə ki, H.Məmmədovun sahibi olduğu böyük biznesə, iqtisadi layihələrinə siyasi cəhətdən hamilik edənlər, ona QARANT duranlar indi öz dostlarından imtina ediblər. Məlumatlara görə, söhbət "Hafka" vasitəsi ilə Azərbaycanda müəyyən layihələrə cəlb olunan və onun əli ilə ödənən böyük məbləğdə vəsaitlərin geri qaytarılmasında yaranan problemlərdən, bu səbəbdən də H. Məmmədovun, loru dildə desək, ortalıqda qalmasından gedir.”

Toparlayaraq konkretləşdirsək, bu məlumatda "Hafka"nın indi HESABINI verə bilmədiyi pulların Ziya Məmədov və yaxınları tərəfindən xərcləndiyi iddia olunur.

"Hafka"nın başına gələnlərdə, onun iflas həddinə düşməsində, əlbəttə, Ziya Məmmədovla şərikliyinin pozulmasının da rolu olduğuna şübhə yoxdur. Ancaq bunun əsas amil omadığı da dəqiqdir. Çünki, əvvala, "Hafka" ilə Ziya Məmmədov arasındakı münasibətlərin gərginləşməsi və şərikliyin pozulması 2-3 il öncəyə təsadüf edir.

İkincisi, bu şərikliyin pozulması Ziya Məmmədovun iradəsi ilə baş verməyib. Daha dəqiq desək, faktiki olaraq Ziya Məmmədovun nəzarətində olan bir çox biznes strukturlar, gəlirli sahələr ondan alınaraq "Hafka"nın idarəçiliyinə verilib. "Hafka" da məmnuniyyətlə qəbul edib.

Üçüncüsü və ən əsası pul məsələsində - kimin hara, nə qədər xərclədiyinin, nə qədər “yeyildiyinin” müəyyənləşməsində indiki hakimiyyəti aldatmaq mümkün deyil. Buna nəzarət edən xüsusi adamlar var. Ona görə də, Ziya Məmədov və yaxınlarının ortadan çıxardığı pullara görə "Hafka"nın cəzalandırılması ağılabatan söhbət deyil. Bu hökumət, bir qədər kobud çıxsa da, deməliyik ki, günahı olan hər kəsi öz ayağından asır...

O ki qaldı "Hafka"nın son müsahibəsində Ziya Məmmədova “atam” deməsinə, görünür, obrazlı desək, “okeanda təkbaşına üzməyin” nə qədər çətin olduğunu anlamışdı...

Təki gec olmasın!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar