İNTİHARLARIN DƏHŞƏTLİ STATİSTİKASI  - Səhiyyə Nazirliyinin rəsmisi açıqladı

Ötən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə prokurorun göndərişi və şikayətlər əsasında 3 214 meyit gətirilib ki, onların da 495 nəfəri intihar hadisəsi ilə bağlıdır. Bu barədə birliyin direktoru Ədalət Həsənov mətbuata açıqlamasında bildirib.

2016-cı ildə isə bu rəqəm 327 idi. Rəsmi məlumata görə həmin ildə 327 intihar-tamamlanmış suisid, 470 tamamlanmamış susid qeydə alınıb.

Ən çox intihar hadisəsi isə 2015-ci ildə olub. Həmin ildə 525 nəfər özünə qəsd edib.

Qeyd edək ki, əhalisi hazırda 10 milyona yaxın olan bir ölkədə bu rəqəm dəhşətlidir desək, yanılmarıq. Araşdırmalar onu göstərir ki, bu ilin yanvar ayında baş verən intihar hadisələrinin sayında xeyli artım var. Təkcə yanvarın 23 və 24-də 8 intihar hadisəsi olub. İntihar edənlər isə əsasən özünü asaraq və ya kimyəvi məhlul içərək özünə qəsd edib.

Ümumiyyətlə son vaxtlar az qala hər gün 2-3 intihar, özünə qəsd etmə xəbəri ilə rastlaşırıq. Bu cür xəbərlər artıq adi hala çevrilib. Ekspertlər qeyd edir ki, əslində getdikcə artan intihar hadisələrinin gerçək statistikası daha yüksəkdir. Hər ayda 30-40, hətta 50-yə yaxın intiharın baş verməsi ilə bağlı iddialar var. İntihar hallarının kişilərdə qadınlara nisbətən daha çox rast gəlindiyi bildirilir.

Bəs görəsən son vaxtlar az qala adi qəbul etdiyimiz özünə qəsd hadisələrinin artmasına səbəb nədir?

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə son 45 ildə intiharların sayı 60 faiz artıb. İntiharların statistikası isə demək olar ki, həm inkişaf etmiş, həm də kiçik dövlətlərdə eynidir. Məlumata görə təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatır və bunun da öz səbəbləri var. Bura bioloji, psixoloji, sosial faktorlar daxil olduğu kimi, genetik meyarlar da daxildir.

Ölkəmizdə intiharların sayının kritik həddə çatmasının səbəbinə gəldikdə isə, ekspertlər qeyd edir ki, Azərbaycanda daha çox maddi imkansızlıqdan özünə qəsdlər olur, intihar edənlərin əksəriyyəti əhalinin yoxsul təbəqəsinə aiddir. Ən təəssüf edici hal isə odur ki, son vaxtlarda daha çox gənc anaların, ataların özünə qəsd etməsinin şahidi oluruq.

Yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsi xəbəri isə bütün ölkəni sarsıtmışdı. Çünki intiharın səbəbi ailədaxili münaqişə və yaxud zorakılıqla bağlı deyildi. S.Kərimova məhz 280 manat işıq pulu borcuna görə özünə qəsd etmişdi.

Mövzu ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmova “Yeni Müsavat”a danışıb: “Doğrudur, intiharların sayı çoxdur. Lakin bu artım digər, hətta inkişaf etmiş ölkələrdə də var. İntihar az müşahidə olunan yer daha çox inkişaf etməkdə olan ölkələrdir. Bu cür ölkələrdə daha çox epidemiyalardan inşalar dünyasını dəyişir.

Statistika da onu göstərir ki, intiharlar inkişaf etmiş ölkələrdə daha çoxdur. Ən yaxşı inkişaf ölkələrdə bu problem artan tendensiyda davam edir. Əgər bir zamanlar intiharların sayının artmasında səbəb kimi genetik, sosioloji, psixoloji faktorlar göstərilirdisə, bu gün də həmin faktorlar yerində qalır. Lakin əvvəllər əsasən, 30-40 yaşdan yuxarı insanlar arasında intiharlar baş verirdisə, bu gün yeniyetmə və uşaq intiharlarını da müşahidə edirik. Bu gün intiharların səbəblərinə yeni, informasiya amili də daxil olub. İfrat informasiya insanın ruh halının dəyişməsinə səbəb olur.

Çox yaxşı olardı ki, intihar statistikası ilə bağlı mütəxəssislər araşdırma aparsın. Müəyyən olunmalıdır ki, intiharların əsas səbəbi psixoloji amillər, yoxsa ailədaxili münaqişələr və sairədir.

Bəzən görürük ki, bədbəxt hadisə də intihar olayı kimi təqdim olunur. Və yaxud hansısa intihar hadisəsi statistikada göstərilmir, hadisənin hansısa xəstəlik ucbatında baş verdiyi bildirilir.

Bütün hallarda maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də valideynlər yeniyetmə övladlarına qarşı diqqətli olmalıdır. Araşdırma onun göstərir ki, intihar edən şəxslərin əksəriyyəti təkrar intihara cəhd edənlərdir. Buna görə də birinci mərhələdə bu cür insanlara psixoloji dəstək mütləq lazımdır”.

635x100

Şərhlər

Cüllüt Şuşalı 2018-02-01 20:57:37

İntihar statistikasını Əhalinin sosial müdafiə, Ailə uşaq və qadın problemi qurumları və psixiatrlar tərəfindən şübhə altınaalınan hüquq-mühafizə qeydləri dəqiqləşdirə bilər. Statistikanın (mətbuatımızın da gündəlik qeydinə qaldığı) işğalçı-qonşu Ermənistanla nisbi fərqi daxili siyasi-iqtisadi barometr kimi maraqlıdır.

Mühəndis 2018-02-01 20:57:37

Intiharların artmasının ilkin səbəbi sosial ədalətin, iş yerlərinin olmaması və hökumətin bu işlərə biganəliyidir. 9-10 milyonluq əhalini yalnız özəl sektor işlə təmin edə bilməz.Burada dövlət planlaşdırması olmalıdır. Azərbaycanda işlə vəzifədə olanların evladları,ətrafı və qohumları təmin olunub.Sadə vətəndaşların işsiz qalnası isə hökuməti maraqlandırmır.Ölkədə 10-40 min işçi işləyən bir dövlət müəssisəsi varmı? Bəs bu millət harada işləyəcək? Tekstil,tikiş fabriki, neft avadanlığı zavodları hanı?

Akif 2018-02-01 20:57:37

Psixoloq Elnur Rüstəmova bildirirəm ki,yalan danışmaq heç kimə yaraşmaz.Əgər hakimiyyəti müdafiə etmək niyyəti ilə deyirsən ki, intihar hadisələri inkişaf etmiş ölkələddə də var. Bəli, var. Lakin bunların səbəbləri tamamilə fərqlidir.Bizim ölkədən fərqli olaraq həmin inkişaf etmiş ölkələrdə insanlar o qədər zəngindirlər ki, dünyanı gəzib dolanırlar, buna baxmayaraq pulları xərcləməyə yer tapmırlar.Bu fakt maraqlansanız intiharlar olan ölkələrdə aşkar edəsiniz.Amma bizdə intiharlar maddi durumla bağlıdır

Həsrət 2018-02-01 20:57:37

Hərşeydən xəbərdardılar hecnə düzəlmiyəsidi.milyonlar qırginı gedir.

Mehvalı 2018-02-01 20:57:37

Bu elə tüstüdür ki ,hamının bacasından cıxa bilər,cıxış yolu tapmaq lazımdır !

Müfəttiş 2018-02-01 20:57:37

Bizdəki intiharların əsas səbəbi, sosial ədalətsizlik və qanunsuz təbəqələşmədir. Sadə vətəndaşlara sahib çıxan yoxdur. Verilən qanunlar bir çox hallarda imkansız təbəqənin ziyanına işləyir. O fikilərlə tamamilə razıyam ki, intiharların heç də hamısı qeydə alınmır.Vəziyyətə bax ki, işıq puluna , təhsil haqqlarına, işin itirilməyinə görə insan öz canına qıyır.Hamı bilir ki, dövlətdən kömək ummağa dəyməz....

məmmədqulu 2018-02-01 20:57:37

İqtisadiyyatı güclü olan dövlət hər şəyə qadirdir!....

Adam 2018-02-01 20:57:37

Of..Ay ALLAHın bədbəxt bəndəsi və hər şeydən xəbəri olub lakin öz məqsədi üçün gizlədən Elnur bəy niyə bu qədər yalan danışırsan axı.İntiharlara səbəb Samir Şətifovun dollar devalvasiyası oynu oldu.Gücəbəla ilə dolanan sadə insanlar kredit aldılar və bir təhərlə ailəsini yaşatmaq istədilər və ani bir anda Yuxarı təbəqələr arasında dolar oyunu oynadı.Baxmayaraq ki,deputatlar,azəri xalqı Konstitusiya məhkəməsinə müraciət etdilət.Sonu nə oldu? .....

Adam 2018-02-01 20:57:37

Konstitusiya məhkəməsi real qərar qəbul etmədi.Əksinə dollarla krediti olanları məhkəmələrə sürüklədilər və bank rəhbərlərin pulları gücü ilə məhkəmələr qərarı =azqın bankların= xeyrinə çıxardı. Bax budur intihara aparan səbəblər Elnur bəy. Ancaq unutmayın ki,ALLAH hamını görür, O günahsız insanların duasını qəbul edir.

Son yazılar