Şərurun daha bir kəndinin siması dəyişib - Vasif Talıbov açılışda iştirak edib (FOTO, VİDEO) 

Şərur rayonunun Ərəbyengicə kəndində aparılan kompleks quruculuq işləri artıq yekunlaşıb.

Kəndin yolları yenidən qurulub, müasir sosial obyektlər tikilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da açılış mərasimində iştirak edib.

Naxcivantv.az xəbər verir ki, fevralın 1-də Ərəbyengicə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, müasir layihə əsasında tikilən 3 mərtəbəli məktəb binasında lazımi tədris şəraiti yaradılıb. 208 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 17 kompüterin quraşdırıldığı kompüter otağı, müəllimlər otağı, 2710 kitab fonduna malik olan kitabxana və idman zalı vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ali Məclisin Sədri kitabxanada, kompüter otağında, hərbi kabinədə, laboratoriyalarda, idman zalında və şahmat sinfində olub, birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb, elektron lövhəli sinifdə 209 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi arasında keçirilən distant dərsi izləyib.

Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, şagirdlərin hərb sənətinə marağı böyükdür. Ötən il bu məktəbi bitirən məzunlardan biri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunub. Bu il isə iki şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir.

Ali Məclisin Sədri elektron dərsliklərdən və internetdən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, kitab mütaliəsinə marağın artırılması və idman dərslərinin keçirilməsinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllimləri təbrik edərək deyib: "Ərəbyengicə kənd tam orta məktəbi müasir tədrisin tələblərinə uyğun qurulub. Məktəb daim öz nailiyyətləri ilə fərqlənib. Ötən tədris ilində məktəbi bitirən hər iki məzun ali məktəblərə qəbul olmuş, onlardan biri 500-700 intervalında bal toplamışdır. Bu da məktəbdə tədrisin və təlim-tərbiyənin düzgün təşkil olunmasının nəticəsidir".

Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri deyib: Müasir məktəb binasının istifadəyə verilməsi uğurların daha da artmasına imkan verəcək, məktəbi bitirən hər bir gənc öz istəyinə uyğun peşə sahibi olacaqdır. Çünki məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir, intizam var, tədris müəllim tələbkarlığı və şagird çalışqanlığı üzərində qurulub. Məqsəd ondan ibarətdir ki, gənclərimiz dövlətimizin yaratdığı bu şəraitdən istifadə edərək özlərinə düzgün həyat yolu seçsinlər, peşə öyrənsinlər. Bu gün ölkəmizdə orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə hərtərəfli tədris şəraiti vardır. Eyni zamanda dövlətimiz tərəfindən yaxşı oxuyan gənclərin xaricdə təhsil alması üçün də şərait yaradılmışdır.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə məktəb işinə və müəllim peşəsinə yüksək qiymət verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır”. Bu gün ölkəmizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır.

Ali Məclisin Sədri məktəbin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.

Fevralın 2-də isə Ərəbyengicə kəndində xidmət mərkəzi də istifadəyə verilib. Ali Məclisin Sədri mərkəzin açılışını etdikdən sonra burada yaradılan şəraitlə maraqlanıb.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar yerləşir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ərzaq mağazasında ailə təsərrüfatı məhsullarından ibarət ayrıca satış bölməsi yaradılıb. Bərbər və qadın saç ustası peşə məktəbində oxuyaraq müvafiq sertifikat alıblar.

Sonra sakinlərlə görüş olub.

Naxcivantv.az-ın təqdimatında Ərəbyengicə kəndində istifadəyə verilən yeni sosial obyektlərin görüntülərini əks etdirən videomaterial:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar