“Bu uşaq gələcəkdə heç nəyə yaramayacaq...” - DAHİLƏRİN HƏYATINDAN

Nobel mükafata laureatı, Nisbilik Nəzəriyyəsinin müəllifi, məşhur fizik, görkəmli alim, ictimai xadim Albert Eynşteyn insanların yaddaşında dahiliyi ilə yanaşı, həm də qeyri-adi olması ilə qalıb. Maraqlıdır, dünyada şöhrət qazanmış Eynşteynin qəribəliyi, qeyri-adiliyi nədə olub?

Modern.az saytı yeni “Dahilərin həyatından” rubrikasını təqdim edir. Rubrikanın ilk yazısı Nobel mükafatı laureatı Albert Eynşteyn haqqındadır.

1879-cu ilin martın 14-də cənubi Almaniyanın Ulma şəhərində anadan olan Eynşteynin valideynləri onun gələcəyinə çox ümidsiz baxıblar. Dörd yaşına qədər danışa bilməyən Albertin inkişafdan qalması valideynləri çox narahat edib.

Eynşteyin gimnaziyada təhsil alarkən həmyaşıdaları arasında ən tənbəl, zəif oxuyan, dərslərə davamiyyətində müəllimlərinin haqlı danlağına məruz qalan şagirdlərdən biri olub. Orta təhsil aldığı illərdə Albert haqqında yalnız bir ifadə işlədilib: “Bu uşaq gələcəkdə heç nəyə yaramayacaq”. Eynşteyn gimnaziyanı sona qədər oxuya bilməyib.

Eynşteyn gənclik illərindən sonra corab geyinməyib. O, bunu belə əsaslandırıb: “İnsanın ayağının baş barmağı geydiyi corabı deşməyə xidmət edir. Belə olan halda corab geyinməyə lüzum qalırmı?”

1933-cü ildə Hitler hakimiyyətə gələndə Albert Eynşteyn Amerikaya köçmək, daha dəqiq desək, qaçmaq məcburiyyətində olub.

Uzun illər Amerikada yaşamasına baxmayaraq, Albert Eynşteyn ingilis dilində yazmağı bacarmayıb.

Eynşteynə onun laboratoriyasında olmaq istəyi ilə müraciət edəndə o, cibindəki qələmi göstərərək cavab verib: “Baxın, budur mənim laboratoriyam.”

Dahi fizik oxumaqdan, eşitməkdən, baxmaqdan çox dərindən fikirləşməyə, düşünməyə üstünlük verib. Bu da bir çox hallarda onun həyatında bəzi qeyri-adi hadisələrə səbəb olub. Belə ki, o öz laboratoriyasından qısa müddətə harasa gedəndə “Eynşteyn 1 saatdan sonra olacaq” yazılmış kağızı qapının üstünə yapışdırarmış. Geri qayıdanda qapının üstündəki həmin yazını oxuyub laboratoriyanın qarşısındakı skamyada əyləşib bir saat gözləyərmiş.

Eynşteyn fantastikanı, xəyal və xülyaları, gələcək haqqında danışmağı sevməyib və bu haqda fikrini belə bildirib: “Gələcək haqqında danışmağa dəyməz. Biz heç buna macal da tapa bilməyəcik. Çünki gələcək sürətlə gəlir”.

Mənim beynimdəki gərəksiz fikirləri yalnız külək və su təmizləyə bilər, deyən Eynşteyn yelkənli idman növünün həvəskarı olub.

Albert Eynşteyn Çarli Çaplinin filmlərini çox sevirmiş. Bu münasibətlə ona teleqram göndərib: “Sizin böyük sənətkarlığınız insanlar tərəfindən çox yaxşı dərk olunur. Ona görə də Siz dahisiniz...”

Çapli Çaplin dahi fizikə cavab göndərib: “Cənab Eynşteyn, Sizin Nisbilik Nəzəriyyəniz dərkolunmazdır. Amma Siz də dahisiniz...”

Eynşteyn mütəmadi olaraq əyalətlərdə mühazirə oxumağa, konfranslara gedirmiş. Belə səfərlər çox vaxt alimi yorub. Növbəti səfərlərin birində bunu hiss edən sürücüsü Eynşteynə təklif edib:

- Cənab Eynşteyn, getdiyimiz yerdə Sizi üzdən tanımırlar. İcazə verin mühazirəni mən oxuyum, siz də zalda əyləşib istirahət edin. Onsuz da bütün mühazirələrinizi artıq əzbər bilirəm.

Eynşteyn razılaşıb. Sürücü kürsüdən böyük ustalıqla mühazirəni oxuyub sona çatdırıb. Bu an zaldan bir nəfər ona çox qəliz və çətin bir sual verib. Sürücü özünü itirməyib:

- Cənab, sizin verdiyiniz sual o qədər sadədir ki, onu mənim zalda əyləşən sürücüm cavablandıracaq.

Eynşteynin anası müsiqiçi olduğundan oğlunu da bu sahəyə cəlb etmək istəyib. Ciddi cəhdlərdən sonra Albert skripka çalmağı öyrənib və bu onda çox yaxşı alınıb. Çox-çox sonralar, dahi fizik olduğu vaxtlarda xeyriyyə tədbirlərinin birində Eynşteyn skripkada öz məharətini göstərib. Fürsəti əldən verməyən jurnalistlər onun şəklini çəkib qəzetlərə veriblər. Səhərisi gün Eynşteyin bu qəzetləri göstərərək ətrafındakı insanlara deyib:

- Siz bu günə kimi məni tanımamısınız, elə bilmisiniz ki, mən fizikəm. Səhvə yol vermisiniz. Mən mahir skripkaçıyam.

1952-ci ildə İsrailin prezidenti vəfat etdikdən sonra Albert Eynşteynə prezident kürsüsü təklif olunub. O, bu təklifdən fərəhlənsə də imtina edib.

Albert Eynşteyn 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və xüsusilə fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülüb.

Eynşteyn 1955-ci ilin aprelin 18-də vəfat edib. Onun dəfnində cəmi 12 nəfər olub, ən yaxın dostları və ailə üzvləri. Dəfnin belə keçirilməsini görkəmli alim özü belə vəsiyyət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar