“AYININ QUCAĞINDAN QURTULMAQ” – Analitik təhlil

ABŞ-ın “Project Syndicate” analitik təhlil saytı Rusiyanın Ukrayna siyasəti, Avrasiya İttifaqının qarşısında duran hədəflərlə bağlı məqalə dərc edib. AzPolitika.info “Ayının qucağından qurtulmaq” adlı məqalənin tərcüməsini təqdim edir:

Rusiyanın kəskin əngəllər törətməyə cəhd etməsinə baxmayaraq, keçmiş sovet respublikaları – Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə assosiativ saziş imzaladılar. Sovet İttifaqının dağılmasından sonra stabillik uğrunda mübarizə aparan bu respublikalar üçün imzalanan həmin saziş irəliləyiş hesab olunmalıdır.

Ukraynada baş verən indiki böhran sovet respublikalarının Kremllə razılaşmadan geopolitik gərarlar almağa cəhd göstərməsinin onlara növbəti dəfə ərazi problemləri yaşadacağını nümayış etdirir. Götürək Gürcüstanı. Onun tərkibindən ayrılan Abxaziya və Cənubi Osetya 2008-ci ildə Rusiya tərəfindən tanınandan sonra faktiki olaraq müstəqildirlər. Bu gün həmin torpaqların geri qaytarılması çox uzaq perespektivdəki məsələ kimi görünür. Həmçinin Moldova respublikası iyirmi ildən arıqdır ki, üsyankar Prednestrovya regionuna nəzarət etmək uğrunda mücadilə edir. Moldovadakı kiçik bir muxtariyyata malik olan türkdilli Qaqauziya bu ilin fevralında Rusiyanın təsiri ilə keçirdikləri referendumla Moldovanın müstəqilliyini itirəcəyi təqdirdə onlardan ayrılacaqlarına səs veriblər. Burada əsas təhlükə ondan ibarətdir ki, Moldovanın Avropa Birliyi ilə assosiyasiyasını separatçılığın tərəfdarı olan qaqauz liderlər suverenliyin itirilməsi kimi də şərh edə bilərlər.

Moskva nəinki keçmiş sovet respublikalarının Avropa ilə daha sıx əlaqələr qurması həvəsinə zərbə vurur, onlar həmçinin buna qarşı özlərinin Avrasiya İqtisadi İttifaqını yaradıblar. Prezident Putin iddia edir ki, Avrasiya İttifaqı yeni SSRİ deyil. Ancaq bütün bunlara baxmayaraq, o, digər respublikaları da buraya qoşulmağa çağırır. Avropa ilə inteqrasiya arzulayan bir çox respublikalar Rusiya təhlükəsi qarşısında dürüş gətiriblər.

Postsovet məkanının ən kasıb ölkələrindən olan Qırğızıstanın separatçılıqla əlaqədar problemləri olmasa da, 2010-cu ildə orada qırğız və özbəklər arasında qarşıdurmada 400 nəfər həlak olmuşdu. Qırğızıstan Bişkek yaxınlığındakı ABŞ-ın hərbi tranzit mərkəzini bağlayaraq bəyan edib ki, onlar bu ilin axırına kimi Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olacaqlarar. Keçmiş sovet respublikalarına əlavə təzyiqlər etmək üçün Kreml digər yollardan da istifadəyə baş vurur. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, 1 yanvar 2015 –ci il tarixindən Avrasiya İttifaqı və Gömrük Birliyinin üzvü olmayan ölkələrin vətəndaşları xarici pasportsuz Rusiyaya daxil ola bilməyəcəklər. Çox güman ki, bunun ardından tezliklə həmin ölkələr üçün viza rejimi də tətbiq ediləcək. Bir çox respublikalar üçün bu böyük problemlər yaradacaq. Məsələn, Rusiyada yaşayan 1,5 milyon tacik vətəndaşının öz respublikalarına göndərdikləri pullar, onların iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa aprel ayında Putin keçmiş sovet respublikalarında rusca danışanlar üçün Rusiya vətəndaşlığına keçmək prosedurunun sadələşdirilməsi haqqında qanun qəbul edib. Həmin qanun Krımın ilhaqından bir ay sonra qəbul edilib və şübhəsiz ki, bu addım şərqi ukraynalıların Rusiya vətəndaşlığına girməsi prosesini sürətləndirmək məqsədi daşıyıb. Bu qanun həmçinin Avrasiya İttifaqındakı respublikalara, Latviya və Estoniyaya təzyiq etmək üçün Rusiyaya müəyyən şans verir. Ona görə ki, həmin ölkələrdə milyonlarla rus vətəndaşı yaşayır.

Amma hələki, Avrasiya İttifaqının inkişafı Putinin planına uyğun şəkildə getmir. Bu yaxınlarda Avrasiya İttifaqı Şurasının İqtisadi Komissiyasının Soçidə keçirilən yığıncağında Belarusla Qazaxıstan Kremlin Ukraynadan idxal edilən mallara gömrük rüsumunun tətbiq edilməsi təklifinə qarşı çıxıblar. Kreml bu məsələni Ukrayna Avropa Birliyi ilə assosiativ saziş imzaladığına görə ortalığa atmışdı. Belarus hökuməti belə hesab edir ki, Ukraynanın AB ilə müqavilə imzalaması onun suveren hüququdur. Həm də ola bilər ki, ukrayınlar onlara yönəlmiş hərəkətlərə cavab olaraq tezliklə Rusiyanın elekton mallarına qarşı öz rusumunu tətbiq etsin.

Hal-hazırda belə təsəvvür yaranır ki, Avrasiya İttifaqının iki əsas məqsədi var - keçmiş sovet respublikalarının Qərblə inteqrasiyasının qarşısını kəsmək və Putinin hakimiyyətini möhkəmləndirmək. Üzv ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsi isə gündəliyə daxil edilmir. Əgər Avrasiya İttifaqı hər hansı cəhətdən üzv ölkələrə nəzərəçarpacaq iqtisadi xeyir verməyəcəksə, onda bu təşkilat da Rusiyanın daha bir uğursuz təşəbbüslərindən birinə çevriləcək. Müstəqil Dövlətlər Birliyi buna misal ola bilər. Hətta onu da demək olar ki, uğursuz Avrasiya İttifaqı Rusiyanın daxildən dağılmasını sürətləndirə bilər.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar