“XƏMİRLƏRİ TƏRBİYƏSİZLİKLƏ YOĞRULUB…” – Eks-spikerdən sərt cavab

Dərc olunub: 05/02/2018 - 17:40

resulXəbər verdiyimiz kimi, siyasi mühacirlər – eks-spiker Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev arasında gərginlik yaranıb. Rəsul Quliyevin Emin Hüseynova videomüsahibəsində Hüseyn Abdullayevin prezidentlik iddiası barədə sualı cavablandırması qarşı tərəfi qəzəbləndirib. Hüseyn “Facebook”da R.Quliyevin əleyhinə kəskin fikirlər, hətta təhqirlər olan yazı paylaşıb.

“Birincisi, sən… (Zəruri redaktə-red.) mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən?” deyə, H.Abdullayev eks-spikerə suallar ünvanlayıb.

“AzPolitika.info”nun məlumatına görə, R.Quliyev “Facebook”da paylaşdığı növbəti yazısında ad çəkmədən H.Abdullayevə cavab verib, onu “tərbiyəsiz” adlandırıb. Sitat: “Belə insanların xəmirləri tərbiyəsizliklə yoğrulub. Beş-on manatının olması, kimlərsə vasitəsilə başqalarının əsərlərindən musiqi kompozisiyaları yaradıb özünü böyük bəstəkar hesab etməsi onda özünə qarşı müştəbehlik hissi yaradıb. Özünü hər şeyə qadir şəxsiyyət hesab edir. Bu insanlar ancaq tərbiyəsizliklə diqqəti cəlb edə bilər. Bu tiplilərə (xalqa bir qəpiklik xeyri dəyməyən adamlara) cavab verməyi heç vaxt özümə layiq görmərəm. Onlara məni özlərinə lider elan etmiş komanda cavab verməlidir, mən yox”.

R.Quliyevin sonuncu fikri maraq doğurur. Məlum olduğu kimi, bir neçə gənc Gələcək Azərbaycan Partiyasını təsis edib və R.Quliyevi özlərinin lideri elan ediblər. Bu partiyanın sədri və R.Quliyevin sözçüsü Ağasif Şakiroğlu Hüseyn Abdullayevin təhqirlərinə cavab verməkdən yayınıb. Belə görünür ki, R.Quliyev bundan narazı qalıb və bunu açıq şəkildə dilə gətirir.

Xatırlatmaq yerinə düşər ki, həm Rəsul Quliyev, həm də Hüseyn Abdullayev qarşıdakı prezident seçkilərində iştirak edəcəklərini elan ediblər.

Növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. Bu o deməkdir ki, hər iki şəxs yaxın günlərdə Azərbaycana dönməlidir…

V.Nəsibov
AzPolitika.info


loading...




Fikrinizi bildirin