SƏRHƏD OLAYLARI

Ələmdar Məmmədov,

keçmiş prokuror

Hələ Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyərkən, sərhəd dəstəsinin strukturu, işi, hüquq və vəzifələri ilə tanış idim. Sərhədlə əlaqədar məsələlər prokurorun müstəsna səlahiyyətinə aid olsa da, rayon prokuroru Tələt Qəmbərov bu nəzarət sahəsini mənə həvalə etmişdi. Sərhəd pozuntusuna görə inzibati qaydada həbsə alma (10 sutka) prokurorun icazəsi ilə həyata keçirilməli olduğu halda, sərhədçilər qərarları 20-30 gündən sonra gətirirdilər. Mən bir neçə dəfə etirazımı bildirib, bu məsələyə müdaxilə etmək istəsəm də, nəticəsi olmadı.

Sərhəd qoşunları SSRİ DTK-nin nəzdində olduğuna görə, digər hərbi hissələrdən fərqlənir və özlərini üstün tuturdular. 1985-ci ilin yanvar ayında Sahpələngov familiyalı bir nəfər Puşkin (indiki Biləsuvar) rayonu ərazisindən sərhəd məftilini kəsib, İran ərazisinə keçir və sərhədə yaxın kəndlərin birində gizlənir. Məntəqə komandiri, baş leytenant rütbəli zabit 5 nəfər əsgərlə İİR-sı ərazisinə keçib, qar üzərindəki izlərlə Şahpələngovun gizləndiyi evə yaxınlaşırlar. Şahpələngov təqib olunduğunu görüb, evdən çıxıb qaçarkən, onu arxadan avtomat silahdan atəş açmaqla, ağır yaralayıb, xərəklə SSRİ ərazisinə gətirirlər. Şahpələngov bir neçə gündən sonra Puşkin Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişir. Bu hadisədən sonra həmin zabitin vəzifəsini böyüdüb, iş yerini dəyişmişdilər. Mən bu hadisəni nəql etməklə, o vaxtlar sərhəd qoşunlarının sərbəstliyini və xüsusi statusa malik olduqlarını göstərmək istəyirəm...

1985-ci ilin mart ayında Cəlilabad rayon prokuroru vəzifəsinə təyin olundum. Cəlilabad rayonunun Prişib şəhərində Zaqafqaziya Hərbi Dairəsinin ən böyük sərhəd dəstəsi yerləşirdi. Həmin sərhəd dəstəsi Beyləqan-İmişli sərhəddindən, Lerik- Yardımlı sərhəddinədək ərazini qoruyurdu.

Bu o deməkdir ki, İmişli və yaxud Yardımlı rayonu ərazisində hər-hansı sərhəd pozuntusu baş versəydi, inzibati qaydada həbsə alma yalnız Cəlilabad rayon prokurorunun icazəsi ilə həyata keçirilə bilərdi. Təyinatımdan təxminən 15 gün sonra sərhəd dəstəsindən iki zabit yanıma gəldi. Azərbaycanlı zabit Cəfər Babayevi əvvəldən tanıyırdım. Onlar 10-12 sərhəd pozucusu barədə qərarları gətirmişdilər. Qərarların yalnız biri mənim işlədiyim dövrə aid idi. Təbii ki, mən qərarları imzalamadım. Podpolkovnik rütbəli rus zabiti narazı görkəm alaraq dedi: “Biz qərarları sizdən əvvəlki prokurorlara 2-3 ayda bir dəfə göndərmişik və həmişə də həbsə icazə almışıq, bu dövlət əhəmiyyətli mühüm məsələdir”.

Mən cavabında “Dövlət əhəmiyyətli məsələ olduğuna görə, sərhəd pozucusu saxlandıqda dərhal mənə telefonla məlumat verəcəksiniz və bir sutkadan gec olmayaraq, qərarları təqdim edəcəksiniz”, - deyə, cavab verdim.

Bu söhbətdən sonra narazı ayrılsalar da, 7 il ərzində bu qayda bir dəfə də olsun pozulmadı. 1990-cı ilin yanvar ayında sərhədlər dağıdıldı. Hər gün 5-10 min adam İİR-dan Azərbaycana, bir o qədər də Azərbaycandan İrana gedirdilər. İnsanlar sanki uzun illərin həsrətinə göz dağı vermək istəyirdilər. 1 aprel 1990-cı ildən sərhəd pozuntuları yenidən qeydə alınmağa başladı. Aprel ayında 10 000, may ayında 7 000, iyun ayında 2 500 sərhəd pozuntusu qeydə alınmışdı (İkinci rübdə 19 500, il ərzində isə 21 000 sərhəd pozuntusu qeydə alınmışdı).

Sərhəd olayları ilə əlaqədar iki hadisəni nəql etmək istəyirəm. Sərhəddi dəfələrlə pozanlar haqqında materiallar üzrə hərbi prokurorluq cinayət işi başlayıb, baxılması üçün məhkəməyə göndərirdi. Az sayda sərhəd pozanları “rəsmi qaydada” İİR-nın müvafiq orqanlarına təhvil verirdilər (Hansı əsasa görə-deyə bilmərəm). Əsas kütləni isə (95 faiz) qeyri- rəsmi qaydada ölkədən çıxarırdılar. Bu belə baş verirdi: Sərhəd pozanları gecə yarısı müxtəlif məntəqələrə aparır və sərhəddi keçmələrinə şərait yaradırdılar. Sərhəddi pozanlar özləri qeyri-rəsmi qaydada qovulmalarını arzu edirdilər. Çünki rəsmi qaydada təhvil verilənləri İİR-da zindan gözləyirdi. 1990-cı ilin isti avqust günlərinin birində Qərargaha gedərək,müvəqqəti saxlama kamerasına baxış keçirmək istədiyimi bildirdim. Əvvəlcə etiraz etdilər və bildirdilər ki, müvəqqəti saxlama kamerasına yalnız hərbi prokurorun baxış keçirmək hüququ var. Lənkəran qarnizon hərbi prokuroru ilə danışdıq. Uzun müzakirə və mübahisələrdən sonra baxış keçirməyə icazə verildi (İlk dəfə idi ki, mülki prokuror müvəqqəti saxlama kamerasına girə bilirdi). Saxlanc yerinin üstü məftillə örtülmüş həyətinə girəndə məni dəhşət bürüdü. On bir nəfər adamı əlləri arxadan baglanmış vəziyyətdə, ağzı üstə uzatmışdılar. “Nə vaxtdan belə vəziyyətdəsiniz”, deyə soruşduqda “Dörd-beş saat olar ki, bizi bu vəziyyətdə saxlayırlar” - cavabını verdilər. Məni müşayiət edən zabitdən hansı əsasa görə, bu insanların əllərini bağlayıb, ağzı üstə uzatmısınız deyə soruşdum. Cavab verdi ki, axşam onları öz xahişləri ilə qeyri-rəsmi qaydada İran ərazisinə keçirməliyik. Əlləri açıq olsa maşından düşüb qaça bilərlər.

Mən çox əsəbiləşmişdim. Onların əllərini açdırıb, su, yemək gətizdirdim. Sonra hərbi prokurorla danışıb, tərtib etdiyim protokolu tədbir görülməsi üçün ona göndərdim (Mülki prokurorun hərbçilər haqqında tədbir görmək hüququ yox idi). Bir neçə gündən sonra hərbi prokurorla birlikdə saxlanc yerinə baxış keçirdik. Vəziyyət düzəlmişdi. Bundan sonra belə hallar təkrar olunmadı. Bir neçə ildən sonra İrana gedən bir tanışımdan saxlanılan şəxslərdən biri məni soruşmuş və salam göndərmişdi...

1991-ci ilin axırlarında sərhəddə vəziyyət yenidən gərginləşdi. Sərhədçilər Yardımlı rayonu ərazisindən İrana keçmək istəyən bir vətəndaşı güllələmişdilər. Bir neçə gün sonra eyni hadisə Cəlilabad rayonunun Ləkin kəndinə yaxın məntəqədə baş vermişdi. Təəssüflər olsun ki, bir çox rayon rəhbərləri sərhədçilərin hərəkətinə haqq qazandırırdılar. Sərhəd dəstəsinin komandiri Bezrukov kəşfiyyat və əks-kəşfiyyat şöbələrinin rəisləri ilə söhbət edərkən bildirdilər ki, sərhədçilərə onlara hücum olarsa, atəş açmaq əmri verilib. Hərbi prokurorla telefonla danışanda da, eyni cavabı aldım. Sərhəd dəstəsinin komandiri ilə şərtləşdik ki, sabah Ləkin kəndinə gedib, əhali ilə söhbət edib, izahat işi aparaq. Səhərisi günortadan sonra komandir Bezrukov, onun müavini polkovnik rütbəli zabit prokurorluğa gəldilər. Onlara mənim xidməti maşınımda getməyi təklif etsəm də, razılaşmadılar. Biz şəhərdən çıxarkan pərdəli “UAZ” markalı hərbi maşın da bizə qoşuldu. Kəndə yaxınlaşarkən yolda dayanmış üstü çadırlı “Qaz 66” markalı hərbi yük maşını da arxamızca gəlməyə başladı. Kəndin girəcəyində 100-ə qədər adam bizi gözləyirdi (Əvvəlcədən kəndə xəbər göndərmişdim). Mən, gəlişimizin səbəbini izah etdim. Sonra bir neçə kənd ağsaqqalı danışdı. Bir ağsaqqal çıxışında sərhədçiləri ittiham edərək dedi:

- İllərdir bizimlə qonşuluq edirsiniz, hər xahişinizi yerinə yetirmişik, sizə çörək vermişik, indi hansı qara pişik keçdi aramızdan ki, bizə divan tutursunuz?

Sərhədçilər adından komandirin müavini danışdı. O, ötkəmliklə, gur səslə, az qala hədə ilə danışırdı. Polkovnik çıxışını belə yekulaşdırdı ki, həmişə belə olub və bundan sonra da belə davam edəcək. Onun bu hərəkəti camaatı qıcıqlandırdı. Sakit və işgüzar şəraitdə keçən söhbət, qara-qışqırıq və hay-küylə əvəz olundu. Çılğın danışıqlar başladı. Bu zaman mənimlə bir maşında gəlmiş DTK-nin yerli şöbəsinin əməkdaşı Mirzağa (soyadı yadımdan çıxıb) qoluma toxunub, “Ələmdar müəllim, “QAZ 66” markalı maşına baxın”, dedi. Mən maşına tərəf baxanda çadırın altından camaata tərəf tuşlanmış avtomat lülələrini gördüm. Tələyə düşdüyümüzü anladım. Yüz dəfələrlə çörəyimizi yemiş “yaşıl papaqlılar” bizə xəyanət etmişdilər. Tez camaata tərəf yeriyib gur səslə vəziyyəti başa salıb, dağılışmalarını xahiş etdim. Bir neçə nəfər etiraz etsə də, yenə də məni eşitdilər. Geri qayıdıb prokurorluğun həyətində onlardan ayrılarkən dinc kənd sakinləri ilə görüşə silahlı əsgərlərlə gedən “yaşıl papaqlılara” öz “ürək sözlərimi” çatdırdım. Bu “ürək sözlərim” onları çox pərişan etdi. Ancaq mən bunun fərqində deyildim və bundan sonra onlarla heç vaxt görüşmədik.

Ardı var

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar