Həbsdəki baş redaktorun müavini onun əleyhinə ifadə veribmiş - MƏHKƏMƏ

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyev vəsatətlə çıxış edib.

O, prosesin bundan sonra qapalı keçirilməsini tələb edib: "Mənim ötən prosesdəki fikirlərim verilməyib. Birtərəfli yazılır. Ona görə prosesin qapalı keçirilməsini istəyirəm. Xəstəliyim var. Bunlar mənə pis təsir edir".

Vəsatət təmin edilməyib.

Prosesdə şahid qismində DTX-da saxlanan "Bizim dövr" qəzetinin baş redaktoru Surxan Əliyev dindirilib. O bildirib ki, Habil Vəliyev onun yaxın dostudur: "İstintaqda ifadə vermişəm. Ordakı ifadəmi təsdiqləyirəm. Bizə şər-böhtan atılıb. Bizim heç bir günahımız yoxdur".

Daha sonra şahid qismində eyni ittihamla DTX-da saxlanan "Bizim dövr" qəzetinin redaktoru Hikmət Nəcəfli ifadə verib. O da qeyd edib ki, bir epizodla bağlı Habil Vəliyevlə bağlı sual verilib: "Hatəm İbrahimov adlı şəxsin epizodu üzrə danışmışam. Surxayla Hatəmin münasibəti var idi. Ola bilər ki, aralarında borc söhbəti olub".

Prokuror bildirib ki, Hikmət Nəcəflinin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var.

Hikmət Nəcəflinin istintaqa ifadəsi elan edilib. O, istintaq ifadəsində bildirib ki, Hatəm İbrahimov Surxay Əliyevə zəng edərək barəsində olan şantaj edici məlumatlara son qoyulmasını istəyib.

Lakin Hikmət Nəcəfli istintaqa verdiyi ifadəsindən imtina edərək məhkəmədəki ifadəsini təsdiqləyib.

Prosesin davamında şahid Rauf İsfəndiyarov ifadə verib və Habil Vəliyevi mətbuatdan tanıdığını deyib.

O, Laçın Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramil Cəbrayılovun şantaj edilməsi epizodu üzrə dindirilib.

Şahid Habil Vəliyev istintaqdakı ifadəsini təkzib edib. Belə ki, R.İsfəndiyarov istintaqda deyib ki, 2011-ci ildən Habil Vəliyev icra başçısı haqda öz qəzetində silsilə yazılar yazıb. Bununla da ondan külli miqdarda pul tələb edib.

R.İsfəndiyarov icra başçısının Habil Vəliyevə zərfdə pul göndərdiyini də istintaqdakı ifadəsində söyləyib: "2011-ci ildə qəzetdə Habil Əliyevin imzası ilə Laçının keçmiş icra başçısı Ramiz Cəbrayılov haqqında şər böhtan xarakterli yazılar gedirdi. Bununla bağlı Habillə danışılmışdı. Yazıların getməməsi üçün pul tələb edilmişdi. Ramiz Cəbrayılovun adamı Malik Vəliyev həmin pulu Habil Vəliyevlə görüşüb verdi. Pulla dolu zərfi Habil Vəliyevin maşınına qoydu. Lakin nə qədər pul olduğunu bilmirəm".

Şahid istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Daha sonra şahid qismində Rafiq İsmayılov dindirilib. O bildirib ki, Habil Vəliyevə tanımır: "Rasim Bağırov mənim yeznəmdir. Onun dostu mənə dedi ki, Rasimi çəkib şantaj edirlər. Mən də dedim ki, gedib çəkən adamlarla görüşsün. O da görüşüb, məsələni həll elədi".

Şahid Sadiq Əliyev bildirib ki, Habil Vəliyevin otağına gedib: "Maral Oteldə çalışırdım. Müdir Hatəm İbrahimov zəng elədi ki, get Habillə danış. Obyekt haqqında yazılar gedirdi. Mən də getdim, Habillə görüşdüm. Sonra isə Surxay Əliyevlə, Hikmətlə görüşdüm. Sonra Hikmətə 3500 manat verdim. Pulları Habil Vəliyevə çatdıracaqdılar. Bilmirəm, o pul Habilə çatdı, ya yox?!".

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Əliyevdən ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar