“MANUÇAROVU ŞUŞA TÜRMƏSİNDƏN MOSKVAYA APARDILAR…” – “Bir müqəvva ilə danışıqlar aparmağımızın nə mənası var?”

ilyas_ismayilov_0209_2187“Ölkəmizin və hər birimizin şəxsi təhlükəsizliyinə, cəmiyyətimizin varlığı və gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir edən çoxsaylı problemləri var. Biz bu problemləri görməli, onlara öz münasibətimizi bildirməliyik. Bu problemlər içərisində, şübhəsiz, birinci yeri ərazi bütövlüyümüz və milli təhlükəsizliyimiz durur. Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, dünyada ərazidən qiymətli heç nə yoxdur. Odur ki, Azərbaycan heç bir vəhclə bir qarış torpağını belə kimlərəsə verə bilməz. Bu baxımdan bizim ən böyük taleyüklü problemimiz erməni qəsbkarları tərəfindən Dağlıq Qarabağ və digər yeddi rayonumuzun işğal edilməsidir”.

Bunları Ədalət Partiyasının sədri, Azərbaycanın sabiq baş prokuroru İlyas İsmayılov rəhbəri olduğu partiyanın bu yaxınlardakı qurultayında Qarabağ münaqişəsi və münaqişənin tarixi ilə bağlı çoxsaylı faktlara əsaslanan məruzəsində bildirib. “AzPolitika” oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, İ.İsmayılovun çıxışının Qarabağla bağlı hissəsini təqdim edir:

Daşnaksütunun qurultayı...

“Fransanın əfsanəvi generalı, sonradan Prezidenti olmuş Şarl de Qollun gözəl bir deyimi var: “Əgər Siz hər hansı problemi həll edə bilmirsinizsə, heç olmasa, onu gündəmdə saxlayın”. Biz bir partiya olaraq Azərbaycanın bütün problemlərini gündəmdə saxlamış və hər biri üzrə də öz münasibətimizi bildirmiş, həlli yollarını göstərmişik.

Düşünürəm ki, Dağlıq Qarabağ probleminin həlli də, ilk növbədə, problemin mahiyyətinin aydınlaşdırılmasını, ona siyasi qiymət verilməsini tələb edir. Siyasi qiymət vermədən problemi hüquqi cəhətdən həll etmək mümkün deyil. Necə ki, həkimlər də bir xəstəni müalicə etməmişdən əvvəl onun xəstəliyini müəyyənləşdirirlər, yəni xəstəliyə diaqnoz qoyurlar. Bu yanaşmanı siyasi hadisələrə də şamil etmək olar. İndi, gəlin, aydınlaşdıraq: Dağlıq Qarabağda nə baş verib? Doğrudanmı, orada məskunlaşan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirdilər? Başqa sözlə desək, bu, milli azadlıq hərəkatı idi, yoxsa, orada separatçı-terrorçu hərəkat baş vermişdi?

O zaman mən Azərbaycan SSR Prokuroru kimi Dağlıq Qarabağda tez-tez olur, təkcə prokurorluq işçiləri ilə deyil, sadə vətəndaşlarla da ünsiyyət qururdum. Əhalinin mütləq əksəriyyətinin həyatlarından razı olduqlarını, həm Dağlıq Qarabağda, həm ətraf rayonlarda yaşayan azərbaycanlılarla münasibətlərinin normal olduğunu görürdüm. Bu mənim şəxsi qənaətimdir. Razılaşmayanlar da ola bilər. İndi görək, böyük müəllimimiz və tərbiyəçimiz olan Cənab Tarix nə deyir!?

1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı oldu. Qurultayın gündəliyində ancaq bir məsələ dururdu – Ermənistanın ərazisini genişləndirmək və bu işə haradan başlamaq? Türkiyə güclü dövlət olduğundan onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan - Dağlıq Qarabağdan, ya da Gürcüstandan – Cavaxetiyadan başlamalı idilər. Qurultayda bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Bu barədə Moskvaya məktub göndərdilər və oranı əmin etdilər ki, bu, Rusiyanın da maraqlarına uyğundur. Çox təəssüf ki, o vaxtkı SSRİ rəhbərliyi də separatçı-terroristləri tam dəstəklədi. Buna sübut kimi bir faktı Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm.

“Manuçarovu həbs edib, Şuşa türməsinə atdıq...”

Dağlıq Qarabağ separatçılarının o vaxtki rəhbəri Manuçarovun haqqında Azərbaycan Respublikası Prokurorluğunda dövlət əmlakını xüsusilə külli miqdarda oğurladığına və rüşvətxorluqla məşğul olduğuna görə cinayət işi qaldırılıb və Respublika prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi V.T.Boqomolovun rəhbərliyi ilə istintaq aparılırdı. İstintaq çox uğurlu gedirdi. Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları özləri Manuçarovu ifşa edən ifadələr verirdilər. Əşyayi-dəlillər də əldə edilmişdi. Cinayətkarlar tərəfindən binanın divar hörgüsündə gizlədilmiş qiymətli qızıl sikkələr və bəzək əşyaları da əldə edilmişdi. İfşa olunduğundan hədsiz qəzəblənən Manuçarov Xankəndində vilayət prokurorluğunda istintaqı davam etdirən Boqomolova hücuma keçdi. Mən deyərdim ki, Boqomolov bu işi böyük qəhrəmanlıqla ondan xilas edə bildi. Manuçarov Azərbaycandan Yerevana qaçdı. Sonralar ermənilərin şikayətinə əsasən (Guya, biz işi qərəzli aparırdıq-İ.İ.) bu işi SSRİ prokurorluğu bizdən alıb icraatına götürdü və istintaqı xüsusilə mühüm işlər üzrə baş müstəntiq K.K.Maydanyuka tapşırdı. Maydanyuk, həmçinin SSRİ Baş prokurorunun istintaq üzrə müavini A.F.Katusev də işə çox vicdanla yanaşdılar, 10 nəfərdən çox adam həbs edildi, o cümlədən Manuçarov Yerevanda tutulub, Şuşa türməsinə gətirildi. Həmin ərəfədə (tarixi dəqiq yadımda deyil – İ.İ.) SSRİ Baş prokuroru A.Y.Suxarev mənə zəng edərək bildirdi ki, səhər Bakıya uçur, onu qarşılayım. Onun istintaq üzrə müavini A.F.Katusev də Bakıda idi. Səhər Suxarevi qarşılayıb mehmanxanada yerləşdirdim. O, müavini A.F.Katusevi, Manuçarovun işini istintaq edən K.K.Maydanyuku və məni yanına dəvət edərək, Manuçarovun haqqındakı həbs qəti-imkan tədbirinin dəyişdirilib, onun azad edilməsi barədə fikrimizi soruşdu. A.F.Katusev və Maydanyuk işin tam sübutlu olduğunu ona bildirdilər və xüsusilə təhlükəli cinayətkar olan Manuçarovun azad edilməsini mümkünsüz saydılar. Onda Suxarev Manuçarovun Moskvaya etap olunması məsələsini müzakirə etdi. Müstəntiq bunun işin istintaqı baxımından ziyanlı olduğunu bildirdi. O dedi ki, həbsdə 10 nəfərdən çox müqəssir var, bu müqəssirlər də Manuçarovla üzləşməlidirlər. Müqəssir və şahidləri Moskvaya etap eləmək isə ağılsızlıqdır. Suxarev bu dəlillərlə razılaşdı. Elə bu vaxt Moskvadan ona zəng oldu. O, zəng edənə işin sübutlu olduğunu, Manuçarovun da azad edilməsinin mümkün olmadığını bildirdi. Zəng edən şəxs narazı qaldı və “ermənilərə qarşı repressiya aparırsınız” dedi. A.Y.Suxarev bizə bildirdi ki, bu şəxs məhz Sov.İKP MK katibi, Siyası Büronun üzvü A.N.Yakovlevdir. Sonra mənə aydın oldu ki, Suxarev məhz onun tapşırığı ilə Bakıya gəlibmiş.

Ardınca daha dəhşətli hadisər baş verdi: səhər hərbi vertolyotla Manuçarovu qanunsuz olaraq Şuşa türməsindən Moskvaya apardılar. Qanuna görə, müqəssirin bir türmədən başqasına köçürülməsi ancaq işin istintaqını aparan müstəntiqin onun barəsində etap olunmaya dair prokuror tərəfindən sanksiyalanmış qərarı əsasında ola bilərdi. Belə bir qərar olmadan Moskvadakı azadlıqdan məhrum olunma yeri də müqəssiri qəbul edə bilməzdi. Tez bir müddətdə Manuçarovu Ermənistan Ali Sovetinə deputat seçdilər. Ermənipərəst olmaları ilə tanınan, Azərbaycana düşmən kəsilmiş A.Saxarov və Q.Starovoytova türmədə ona deputat mandatını təqdim etdilər və onun azad olunmasına nail oldular. O vaxtlar artıq mən Azərbaycan Respublikası prokuroru deyildim, Moskvada SSRİ Prokurorluğunda işləyirdim, Manuçarovun işi ilə də daim maraqlanırdım.

“Raisa Maksimovna da zəng edərək təzyiq edirdi...”

Onu qeyd etməyi özümə borc bilirəm ki, həm A.F.Katusev, həm də K.K.Maydanyuk bu işə vicdanla yanaşırdılar, böyük təsirlərə baxmayaraq, qanun pozuntusuna və ədalətsizliyə yol vermirdilər. Onların məlumatlarına görə, hələ Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna da zəng edərək işin xətm olunmasını xahiş edirmiş. Qanuna hörmət bəsləyən insanlar işi xətm etmədilər, əksinə, təqsirnamə ilə baxılması üçün SSRİ Ali Məhkəməsinə göndərdilər. Burda da ağılagəlməz hadisə baş verdi – SSRİ Ali Məhkəməsi işə baxmadı və onu Belorusiya Ali Məhkəməsinə göndərdi. Belorusiya Ali Məhkəməsi də işə baxmadı, onu Brest Vilayət məhkəməsinə göndərdi. Vilayət Məhkəməsi də işi uydurma əsaslar üzrə qanunsuz olaraq təkmil istintaqa qaytardı. SSRİ Prokurorluğunda Vilayət Məhkəməsinin bu qərarından protest hazırlanırdı ki, SSRİ dağıldı, Yakovlev və digərlərinin köməyi ilə dövlət əmlakını xüsusilə külli miqdarda talayan, rüşvətxor Manuçarov cəzasız qaldı. Bu da Yakovlevin şəxsində Sov.İKP MK Siyasi Bürosunun separatçılara dəstəyi idi.

Daşnaksütun partiyasının XXIII qurultayının yuxarıda qeyd olunan qərarının həyata keçirilməsinin nəticələri artıq göz qabağındadır – Moskvanın iştirakı ilə Dağlıq Qarabağ və ətrafında olan 7 rayon millətçi-şovinist terrorçuların idarə etdikləri Ermənistan tərəfindən işğal olundu.

Dağlıq Qarabağda Daşnak partiyasının separatçı-terrorçu siyasətini həyata keçirən sarkisyanlar, onların sözünə baxmayan Xocalı aeroportunun qadın rəhbərinin evini partlatdılar, onun özünü, ərini və iki uşağını öldürdülər. Məqsədləri terror vasitəsilə əhalini qorxu altında saxlamaq idi. Xatırlayıram ki, 1990-çı ilin fevralında 1989-cu ilin yekunlarını ətraf rayonların prokurorlarının iştirakı ilə Stepanakertdə Vilayət prokurorluğunun kollegiyasında müzakirə etdik. Vilayət Prokurorluğunun bəzi rəhbər işçiləri kollegiya iclasında iştirak etmirdilər. Bunun səbəbini soruşanda mənə onların məktublarını təqdim etdilər. Yazırdılar ki, biz kollegiya iclasına gəlsək, axşam evimiz partladılacaq. İndi söz sizindir - gələkmi? Mən Xocalı aeroportunun rəhbərinin taleyini yada salaraq, təhlükənin real olduğunu hiss etdim və göstəriş verdim ki, iclasa gəlməsinlər.

Mən, hələ Moskvada işlədiyim zamanlarda Dağlıq Qarabağ Vilayət Prokurorluğunun işçilərindən zəng edirdilər ki, onları tək qoymayaq, terrorçu separatçıların əlindən qurtaraq.

Artıq xeyli vaxt keçib. Dağlıq Qarabağda baş verənlərin xaricdən daşnaklar tərəfindən təşkil olunan terrorçu-separatçı hərəkat olması heç kimdə şübhə doğurmur. Belə hərəkat nəticəsində isə heç bir dövlət qurula bilməz. Bu, beynəlxalq hüquqa zidd olardı.

Mən uzun illərdir deyirəm və indi də təkrar edirəm: ATƏT bu məsələni həll edə bilməz, çünki onun qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır. Bu qərarlar tövsiyə xarakterlidir, ermənilər isə belə tövsiyələri qəbul etmək istəmirlər. Onu da qeyd etməliyəm ki, ATƏT-in qərarları konsensusla qəbul edilir, yəni bir nəfərin razılığı olmasa, qərar meydana çıxmır. Arada istədilər ki, konsensus məsələsini səs çoxluğu ilə əvəz etsinlər. Ermənistan və onu müdafiə edənlər buna imkan vermədilər.

“Bu bizim şərəf, ləyaqət, qeyrət işimiz, borcumuz olmalıdır”

Hərdən təkliflər səsləndirilir ki, format dəyişdirilsin, Türkiyə də ATƏT-in Minsk qrupunun üzvü olsun. Türkiyə, bizi istəyən Pakistan da Minsk qrupuna daxil olsalar belə, heç nə dəyişməyəcək. Səbəb bayaq qeyd etdiyim kimi, ATƏT-in qərarlarının məcburi xarakter daşımamasıdır. Nə qədər ki, ATƏT-in Minks qrupu bu məsələ ilə məşğul olur, problem həll olunmayacaq. Odur ki, məsələ BMT TŞ-nın gündəliyinə qaytarılmalıdır. Ondan tələb olunmalıdır ki, əvvəllər qəbul etdiyi 4 qətnaməni icra etsin. Nə üçün Liviya ilə bağlı qərar qəbul etdilər və dərhal da həyata keçirdilər? Təkcə M.Qəddafini deyil, habelə Liviya dövlətini məhv etdilər! Yox, əgər BMT TŞ da bu problemi həll etməsə, onda bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı azad etməliyik. Bu bizim şərəf, ləyaqət, qeyrət işimiz, borcumuz olmalıdır.

Dağlıq Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur, 10 milyon əhali eyni mövqedədir. Bunun qarşısında isə heç kim dayana bilməz. 2016-cı ilin aprel döyüşləri və bu döyüşlərin vətəndaşlarımızda yaratdığı əhval-ruhiyyə bunun əyani sübutudur. Problemin “həllinin” ATƏT-in Minsk qrupuna həvalə edilməsi ancaq və ancaq Ermənistanın maraqlarına qulluq edir.

Son vaxtlar beynəlxalq qüvvələr Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışırlar və belə bir görüş də keçən ilin oktyabr ayının 16-da Cenevrədə keçirildi. Biz Ermənistan prezidentilə dil tapılacağı ehtimalına da inanmamalıyıq. Çünki bu adam söz sahibi deyil. Bir tərəfdən Rusiyanın, digər tərəfdən dünyadakı erməni lobbisinin təsiri altındadır. Bir müqəvva ilə danışıqlar aparmağımızın nə mənası var? O, istəsə belə, təsiri altında olduğu qüvvələrin iradəsindən kənar heç nə edə bilməz. Odur ki, təkrar edirəm: torpaqlarımızı özümüz azad etməliyik!

“Qoy ermənilər Krasnodarda, Kaliforniyada dövlət yaratsınlar...”

Bu yaxınlarda Ermənistan lideri Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Bu da erməni fırıldaqlarından biridir. Düzdür, Azərbaycanın ərazi bütövlüyünü etiraf etdi, amma ardınca da beynəlxalq hüquqdakı millətlərin öz müqəddəratını təyin etmək prinsipindən və bu prinsipin həyata keçməsi üçün Dağlıq Qarabağda referendum keçirilməsindən dəm vurdu. Beləliklə də, Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, Xocalı qətliamına bəraət qazandırmağa çalışdı. Guya Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indisə “Artsax”. Bu yalana inanmaq istəyənlər də var. Halbuki, Dağlıq Qarabağda erməniəsilli Azərbaycan vətəndaşları yaşayırlar. Onlara isə beynəlxalq hüququn göstərilən prinsipi şamil oluna bilməz. Ermənilər öz müqəddaratını artıq təyin edib, Ermənistan respublikasını yaradıblar. Hardasa birgə yaşayan ermənilər varsa, onlara bu hüquq verilə bilməz. Əks halda, dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu da nonsesdir. Qoy, ermənilər kompakt yaşadıqları Krasnodarda, Stavropolda, Rostov vilayətində, Koliforniya statında və s. yerlərdə erməni dövləti yaratsınlar, görüm, yarada bilirlərmi?

Görünür, Dağlıq Qarabağda referendum keçirilməsini istəyən Sarkisyana və onu dəstəkləyənlərə Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III hissəsini xatırlatmaq lazımdır. Orada deyilir: “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”. Bu maddədən də göründüyü kimi, Dağlıq Qarabağda heç bir referendum keçirilə bilməz.

Son olaraq böyük hümanist Erazmo Roterdamskinin “Axmaqlığın tərifi” adlı əsərini xatırlatmaq yerinə düşərdi. Əsərin leytmotivi odur ki, dünyada hər şey axmaqlığın şıltaqlığına qulluq edir. İndi biz də eyni vəziyyətlə qarşı-qarşıyayıq. Sanki, dünyadakı super güclər hər şeyi erməni millətçilərinin şıltaqlığına qulluq etmək üçün formalaşdırmağa çalışırlar. Əslində isə hər şey beynəlxalq hüquqa və ədalətə qulluq etməlidir”.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-02-08 21:22:19

Ədalət sədri İlyas müəllim tədqiqat və təhqiqata dərin və dəyərli düşüncə verib. Hörmətli HÜQUQŞÜNAS, siyasi dünya hələ də rəsmən qəti hüquqi ifadə eşitməyib. 1987-94-cü illərdə Qarabağda daşnaqlar dinc azərbaycanlılara qarşı hərbi terror və genosid tətbiq ediblər. Niyə, bu qanlı cinayətə Qarabağ icmalarının mülkü iddiaları AİH məhkəməsində qaldırılmır? İşğalçı ilə hərbi sazişə və onun silahlandırılmasına etiraz notları səslənmir. Qonşu liderin ərazi bütövlüyünə zidd addımına de-marş bəyan edilmir.

hellas 2018-02-08 21:22:19

Cənab İsmayılov! 25 ildir ki, millətə ərazi bütövlüyündən, güclü ordudan, canım sənə desin nələrdən-nələrdən pafoslu-pafoslu danışırlar (elə odlu danışanların ağzına tüklü toyuq da yerləşmir az qala). Hələ bir bu qədər də danışılacaqdır. Nə qədər ki, hakimiyyətdəkilər deyəcəklər ki, Rusiya bizim strateji müttəfiqimizdir, bu hər zaman belə davam edəcək. Rus isə əsrlər boyu türkün düşmənidir.

Son yazılar