300 MİLYONLUQ BAĞ EVİ, MİLYARDLIQ ƏMLAK, QIZLAR... - Medvedevin müavini ifşa olundu (Video)

Rusiyanın tanınmış müxalifət lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı növbəti ifşaedici araşdırmasını təqdim edib. Navalnının budəfəki qəhrəmanı uzun illərdir Rusiya hökumətində rəhbər vəzifələrdə çalışan, hazırda baş nazir Dmitri Medvedevin müavini olan Sergey Prixodkodur.

Prixodko Rusiya hökumətində o qədər populyar fiqur olmasa da, kifayət qədər nüfuza sahibdir. Beynəlxalq məsələlər üzrə mütəxəssis olan Prixodko ölkənin xarici siyasətinin əsas yönləndiricilərindən hesab olunur. O, bundan əvvəl keçmiş prezident Boris Yeltsinin, sonra Vladimir Putinin və Dmitri Medvedevin müşaviri olub. Hazırda isə baş nazirin müavinidir.

Sergey Prixodka və Deripaska yaxta gəzintisində

Navalnının Prixodko ilə bağlı təhqiqatının maraqlı tarixçəsi var. Hər şey bir neçə ay əvvəl – ötən ilin sentyabrında bir qrup yüngül əxlaqlı, açıq-saçıq geyimli qadının Navalnının Moskvadakı qərargahına basqın etməsi ilə başlayıb. Navalnının deydiyinə görə qadınların "aksiyası" zamanı telekanallardan biri guya təsadüfən ofisin yanından keçirmiş və baş verənləri lentə alıb.  Əslində isə hər şey planlı və qurama olub.

Sonradan həmin qadınlardan birinin Navalnını hədələyən videoroliki yayılıb. Kiçik araşdırmadan sonra Navalnı bu qadının "İnstaqram" hesabını tapıb. Və orada paylaşılan fotolardan  üzə çıxarıb ki,  özünü "Nastya-rıbka" kimi təqdim edən qadın 2016-cı ildə rusiyalı milyarder Oleq Deripaskanın yaxtasında dincəlib. Və üç gün davam edən istirahət zamanı milyarderin yanında baş nazirin müavini Sergey Prixodko da olub. 

Maraqlıdır ki, sonradan "Nastya-rıbka" bir oliqarxla münasibətlərindən bəhs edən kitab yazıb və orada məlum yaxta gəzintisinə də toxunub. Yaxtada Deripaska ilə Prixodko arasında keçən siyasi söhbətləri (Rusiya-ABŞ münasibətlərinə dair və s.)  də qələmə alan Nastya sadəcə olaraq adları dəyişərək Deripaskanı "Ruslan", Prixodkonu isə "Papa" kimi təqdim edib. Və oliqarxın Papadan çox çəkindiyini, onun hər dediyilə razılaşdığını qeyd edib.

Navalnı Sergey Prixodkonun Deripaskanın yaxtasında dincəlməsini milyarderin hökumət üzvünə rüşvət verməsi kimi qiymətləndirir: "Hökumət üzvü və oliqarx Norveç sahillərində "eskort-agentlikdən" olan qızlarla dincəliblər. Deripaskanın bu hərəkəti yüksək vəzifəli hökumət üzvünə rüşvət verməsi anlamına gəlir. Eyni zamanda, Prixodkonun ora Deripaskanın şəxsi təyyarəsi ilə gəlməsi və milyarderin gətirtdiyi qızlarla dincəlməsi də  rüşvətdir". 

Yaxta gəzintisi ilə kifayətlənməyən Navalnı Prixodkonun varidatını da araşdırıb. Məlum olub ki, baş nazirin müavini Moskvadakı bağ koorporativində 3 hektarlıq ərazidə tikilən, dəyəri 300 milyon rubl olan 1500 kvadratmetrlik mülkə, Moskvada elit binada yarım milyard rubl dəyəri olan 2 ayrı mənzilə sahibdir ki, bunları heç bir halda məvaciblə almaq mümkün deyil. Və Navalnı bu pulların mənbəyinin oliqarxlardan gələn rüşvət olduğu qənaətindədir.

Navalnı ehtimal edir ki, Deripaska Rusiyanın ABŞ-dakı son seçkilərə mümkün müdaxiləsində yer alan fiqurlardandır: "Deripaska və Prixodko yaxta gəzintisi zamanı məhz bu mövzunu müzakirə ediblər". 

Prezident Vladimir Putinə müraciət edən Navalnı onu Prixodkonu istefaya göndərməyə, Deripaskanı isə dindirməyə çağırıb: "Dövlətin xaricisi siyasətinə cavabdeh olan yüksək rütbəli rəsmi bir oliqarxın yaxtasında yüngül əxlaqlı qadınlarla istirahət edir. Bu necə ola bilər? Bu bütün ölkəni biabır etməkdir. Çoxları xatırlayar, 1999-cu ildə Putin şəxsən baş prokuror Yuri Skuratovun istefa məsələsi ilə məşğul olmuşdu. Həmin vaxt baş prokurorun yüngül əxlaqlı qadınlarla görüntüsü yayılmışdı. Cənab Putin, prinsiplərinizi dəyişməyin və Prixodkonu istefaya göndərin!".

Qeyd edək ki, bu, Navalnının Rusiya hökumət üzvləri ilə bağlı ilk ifşaedici materialı deyil. Bundan əvvəlki təhqiqatlarda baş nazir Dmitri Medvedevdən tutmuş, Putinin mətbuat katibi Dmitri Peskova qədər bir sıra yüksək vəzifəli şəxsin özü və ailə üzvləri haqda analoji təhqiqatlar aparılıb.

Məsələn, Medvedevlə bağlı araşdırmadan məlum olmuşdu ki,  Rusiya hökumət başçısı ölkənin həm daxilində, həm də xaricdə nəhəng torpaq sahələrinə, bahalı yaxtalara, qədimi mülklərə, aqrokomlekslərə, üzümçülük sahələrinə, bağ evlərinə, saysız-hesabsız əmlaka sahibdir. 

Baş nazirin Rublyovkada yerləşən, sahəsi 4 min kv.m-ə yaxın, dəyəri 5 milyard rubl olan villası var. Daha bir villa Kursk vilayətinin Mansurovo kəndində (Medvedevin babasının yaşadığı kənd) yerləşir. 240 min kv.m. sahəsi olan kompleksdə möhtəşəm villa ilə yanaşı, iki vertolyot meydançası, nəhəng idman zalı var. Kənddə həmçinin Medvedevə məxsus "Mansurovo" aqrokompleksi fəaliyyət göstərir. Kompleks sənəd üzərində Medvedevin qohumlarından birinin adınadır.

Rusiya baş nazirinin eyni zamanda Anapda üzümçülük sahəsi, 7 milyard rublluq rezidensiyası, Rublevkada 20 hektarlıq sahədə daha bir əzəmətli mülkü var. Navalnının Medvedevlə bağlı bu araşdırmasından sonra Rusiyada etirazlar baş qaldırmış, ölkənin demək olar ki, bütün bölgələrində korrupsiya əleyhinə mitinqlər keçirilmişdi.

Strateq.az

635x100

Şərhlər

Борис Громов 2018-02-09 00:40:58

Похоже, Сергей Эдуардович один из заклеймённых агентов в военной верхушке СССР и в Правительстве РФ, мировой армянской мафии начиная из НКАО.

G.M 2018-02-09 00:40:58

Rusiya Dünyanın ən riskli ölkəsidir.bu ölkədən hər an,hər şey gözləmək olar.Sovet mülkiyətini mənimsəyərək hədsiz varlanmış bir klan var.Və onlardan ``oğurlanmış`` əmlak üzərində nəzarəti olan əcnəbilərlə yanaşı başı doyunca ``Alkaşlığa`` qarışmış sayca daha çoxluqda olan imkanlı ``bomjlar``..Bir gün bu qurupların ``razborkası`` olacağına söhbət ola bilməz.

Son yazılar