Ətin də qiyməti enəcəkmi... - Ot ucuzlaşdı

Ekspert: “Əgər otun bağının qiymətində 1 manat ucuzlaşma varsa, heyvandarlıq məhsullarının da qiymətində ucuzlaşma müşahidə edilə bilər”

Bölgələrdə otun qiymətinin ucuzlaşması ilə bağlı xəbər yayılıb. Xəzərxəbər-in hazırladığı reportajda bildirilir ki, son vaxtlar bölgələrdə havaların yağıntılı keçməsi, otlaqların cücərməsi ot bazarına təsir göstərib. Rayonlarda otun qiyməti 1 manat ucuzlaşıb. Qeyd olunur ki, buna baxmayaraq alıcılıq qabiliyyəti də aşağıdır.

Cəlilabada gətirilən vələmir və yonca bağlamalarında qiymətlər orta hesabla 1 manat enib. Bildirilir ki, keyfiyyətindən asılı olaraq bir müddət əvvəl 5-6 manata satılan yonca bağlaması hazırda 4-5 manatadır. Bir neçə həftə bundan öncə 3 manat 50 qəpiyə satılan vələmir bağlaması isə 2 manat 60 qəpiyə enib.

Satıcılar ot bağlamalarında qiymətlərinin düşməsini yağıntılardan sonra otlaqların cücərməsi ilə əlaqələndirirlər. Quru heyvan yemlərinə tələbatın azalması qiymətlərin aşağı düşməsi ilə bu sahədə qismən durğunluq da yaradıb.

Göyçayda da ot bazarında ucuzlaşma olduğu bildirilir. Qeyd olunur ki, otla bərabər saman da ucuzlaşıb. Noyabr-dekabr aylarında 1 bağ samanın qiyməti 1 manat 50, 1 manat 80 qəpiyə satılırdısa, hazırda qiymət 80 qəpiklə 1 manat arasındadır.

İqtisadçı ekspertlər ölkədə ət bazarında qiymətlərin qalxmasına səbəb kimi otun qiymətinin yüksək olmasını da göstərirdilər. Bildirilirdi ki, heyvandarlıq məhsulunun maya dəyərinin formalaşmasında otun qiymətinin yüksək olması rol oynayırdı. Nəticədə isə ot nə qədər baha olurdusa bu, ət bazarına da təsir göstərirdi və qiymətlər qalxırdı.

Bəs hazırkı proses ətin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, otun qiymətinin ucuzlaşması bütövlükdə heyvandarlığın inkişafı ilə bağlı müsbət tendensiyanın getməsinə təkan verə bilər:

“Nəticə etibarilə heyvandarlıq məhsullarının da qiymətində ucuzlaşma baş verə bilər. Çünki otun dəyəri, heyvandarlıq məhsulunun maya dəyərinin formalaşmasında aparıcı amillərdən biridir. Deyilən kimi əgər otun bağının qiymətində 1 manat ucuzlaşma varsa, heyvandarlıq məhsullarının da qiymətində ucuzlaşma müşahidə edilə bilər. Əslidə bir məqamı da qeyd edim ki, otlaq sahələri, əkin sahələri üçün götürülürdü. Ona görə də qiymətlərin ucuzlaşması səbəblərini dərindən araşdırmaq lazımdır. Örüşlər, otlaq sahələri bir növ son zaman taxıl və digər bu kimi kənd təsərrüfatı məhsullarının əkilməsi üçün cəlb edilirdi. Yəqin ki, bu hadisələrin fonunda ot istehsalı ilə məşğul olan tərəflər, qıtlığın yaranacağını güman edib, qiymətləri həddindən artıq qaldırmışdılar. İndi isə başa düşdülər ki, qiymətlər bazarın tələblərinə uyğun deyil və otu sata bilmək üçün qiymətlərə yenidən baxıblar. Ucuzlaşmada əsas səbəb bu ola bilər”.

Ekspert deyib ki, ölkədə heyvandarlıqla bağlı başqa bir istiqamət götürülüb:

“Xaricdən mal-qara alınıb gətirilir və nümunəvi təsərrüfatlar yaradılır. Bu heyvanlar isə otlaqda qidalanmırlar. Onların əsas qida məsələsi saxlanıldıqları yerdə həll olunur. Həmin mal-qaraların ət və süd baxımından isə məhsuldarlığı çox yüksəkdir. Bu məhsuldarlığın hesabına ölkənin ət və südə olan tələbatının ödənilməsi hədəflənir. 2 milyon baş qara maldansa, 500-600 min daha məhsuldar olan qara malın saxlanmasına üstünlük verilib. Əldə etdiyim məlumata görə Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasətin kökündə bu dayanır ki, xaricdən mal-qara gətirilsin. Burada həmin heyvanların süni mayalanması üçün yerləri yaradılır. Gələcəkdə bu heyvanların hesabına ölkənin daxili bazarında ətə və südə olan tələbatın tam ödənilməsi nəzərdə tutulub. Ətin qiymətinə gəlincə isə hazırda bazarda sabitlik var. Hesab edirəm ki, bu il qiymətlər belə də davam edəcək. Xüsusilə də yemin qiymətində ucuzlaşma varsa, bu, ətin, südün qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Yəni bahalaşma yox, ucuzlaşma tendensiyasına şahid ola bilərik. Kəndə dönüş hallarının da bu məsələdə rolu var. Yəqin ki, kəndlilər artıq yonca əkib satmaqdansa daha çox gəlir gətirən, səmərə verə bilən məhsulların becərilməsinə üstünlük verəcəklər. Kənd yerlərində böyümüş insanlar hər zaman torpaqla bağlı olublar. Gəlib şəhərdə tikintidə çalışanlar belə, bir müddət sonra başa düşürlər ki, torpağa bağlıdır. Ona görə də bu insanların son zamanlar kəndlərə qayıtması müsbət haldır. Düşünürəm ki, bu tendensiya ölkənin ərzaq təminatında öz müsbət təsirini göstərəcək. Nəticədə həm də heyvandarlığın da bütün sahələrində inkişaf nəzərə çarpacaq”.

635x100

Şərhlər

ARİF 2018-02-12 23:02:31

ƏTİN QİYMƏTİNİN ENMƏSİ KASIBLARI SEVİNDİRƏCƏK.

t.ədalət 2018-02-12 23:02:31

Ətin qiymətinin enməsi üçün dövlət təsiri olmalıdır.Yoxsa,insafsız ət mafiyası bir addım geri atmaz.Qiymətin enməsi üçün ayrı-ayrı nazirliklərin nəzdində ət istehsalı üzrə yardımçı təsərrüfatlar yaradılmalıdır.Bazarda dövlətə məxsus istehsalçılar da məhsul çıxarmalıdır.Bizim iş adamları xalqın alıcılıq qabiliyyətini nəzərə almırlar.

arif 2018-02-12 23:02:31

bizdə bir dəfə qaxan qiymət bir daha enmir

Son yazılar