"KORRUPSİYANIN KÖKÜNÜ KƏSƏCƏYİK, HEÇ KİMƏ GÜZƏŞT OLMAYACAQ..." - Mikayıl Cabbarov hədəflərini açıqladı

"Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib,bu ödəmələrin həcmi ilbəil artırılıb..."

Bu gün Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, ictimayyə nümayəndələrinin, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirir. Konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişiklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyıb.

Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmətlərin sayını artıracaq

Vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib ki,  2018-ci ildə Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. "APA-Economics" xəbər verir ki,nazir deyib: "İlk növbədə Vergilər Nazirliyi "Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq.

İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq".

"Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək"

Mikayıl Cabbarovun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək: "Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq.

Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq. Burada pul, iqtisadi, monetar siyasət, iqtisadi mübahisələrə ədalətli baxılması və digər əhəmiyyətli təsir göstərən amillər nəzərə alınır".

"Vergilər Nazirliyi yoxlamaların sayını azaldacaq"

Mikayıl Cabbarov bildirib ki, vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq: "Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir".

"Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib"

Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb. O, Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: "Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. "Çağrı Mərkəzi", "Bir pəncərə" sisteminin əsası bu nazirlikdə qoyulub".

Nazir Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamlara da aydınlıq gətirib:"Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir".

"Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik"

Mikayıl Cabbarovun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır: "Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır".   .

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

"Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir", deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: "Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".

"Vergi işçiləri vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görməlidir"

Vergilər naziri Mikayıl Cabbarov deyib Kİ, Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Onun sözlərinə görə, vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var: "Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik".

Nazir qeyd edib ki, bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. "Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərinin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı hüquqları da var. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır", - deyə M.Cabbarov vurğulayıb.

"Xarici şirkətlərin vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur"

Nazir qeyd edib ki, prezident İlham Əliyevin apardığı siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın liderliyini təmin edir: "Lakin biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir. Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bugün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapını döyməsinə hazır olun.

Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir. Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat leqal iqtisadiyyatda dövriyyə etməlidir".

"Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi..."

Konfransda çıxış edənlərdən biri, deputat Ziyad Səmədzadə deyib ki, o dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.

Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: "Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq".

Ziyad Səmədzadə deyib ki, hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir. O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir".

Milli Məclisin komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın".

"ƏDV differensiallaşdırılsın, sadələşdirilmiş vergi ödəyicisi hüququ üçün dövriyyə həddi artırılsın"

Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb: “ Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib, bunun üzərindən 17 il keçir, dünya dəyişir. Təklif edirəm ki, Vergilər Nazirliyi yeni məcəllə hazırlayıb parlamentə təqdim etsin. Əhalinin Bakıya axınının qarşısını almaq üçün gərək yerli vergilər daha çox yerli qurumlara ödənilsin. Sadələşdirilmiş verginin miqdarı 200 min manatdır, amma artıq manat devalvasiya uğrayıb. Bu məbləğə yenidən baxış keçirilməlidir. Əlavə dəyər vergisi niyə bütün məhsullar üçün 18 faizdir? Avropada elə məhsul var 5, elə məhsul var əlavə dəyər vergisi 30 faizdir. Bu rəqəm də differensiallaşdırılmalıdır”.

"Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki..."

Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

Millət vəkili bildirib ki, Hesablama Palatasının rəyində bununla bağlı nöqsanlar olduğu da göstərilib. "Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. Bundan başqa, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var. Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır. Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər  Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm"-deputat bildirib.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2018-02-13 13:55:41

İqtisadçı alimlər araşdırma aparan zaman aydın olub ki,büdcəyə yığılan vəsaitin 60 %-i dövlətin idarə edilməsi strukturlarının saxlanılmasına xərclənir.İri vəzifəli şəxslər isə vicdanla işləmək əvəzinə moşennikliyi özlərinə peşə seçmişlər.ABB və kecmiş mtn buna əyanı sübutdur. Talandan əldə etdiklərini isə Avropadakı ofşor hesablarda gizləyir, Böyük Britaniyada və Dubayda mülk və saraylar sahibləri olurlar. Əlbəttə belə olanda dövləti idarə etməyə vəsait catışmayacaq.

Axundov Cahangir Ələkbər o. 2018-02-13 13:55:41

...Sən get bacarırsansa ABB-də oğurlanan 10 milyard dollar həcmində vəsaiti yerinə qoydur......

talib 2018-02-13 13:55:41

mikayil cabbarov vergində halalliq etmək fikrindəsənsə birinci sahbkarardan qeyd etdiyin kimi ilbə-il artiq vergi yixan auditin rəisi habil məmmədovun əmlakinhaqqinda arayis tərtib edin.ondan sonra onun yixib ozunə xərclədiyi sahibkarlarin pulinu dovlətə keciriməsini təmin edin. bunlar quldur olublar, inanin və yxlayin.

Manaf 2018-02-13 13:55:41

Səsi yaşçı gəlir,oxuduğu quran olsa.Təhsildə də çox danışdı.Sonu nə oldu? Korrupsiyanın kökünü kəsmək yalnız bir nəfərdən asılıdır.O da Mikayıl deyil.

Vergi ödəyicisi 2018-02-13 13:55:41

Vergi sisteminə korrupsiya və rüşvəti gətirən sudan quru çıxıb indi daha yüksək vəzifədə işləyir.Habil Məmmədov sadəcə icraçı olub.

Koko moko 2018-02-13 13:55:41

Men Mikayil muellime tam inaniram tehsilde korrupsiyanin kokunu tamamile kesdi vergidede kesecek sonra onu teyin edecekler gomruye ordada kesecek.....

Sabir 2018-02-13 13:55:41

Vergi də təhsilin gününə düşMikayıl təhsili bərbad etdi,indi növbə verginindir.Allah bu ölkəyə kömək olsun.

Redaktor 2018-02-13 13:55:41

Hec inanmağim gəlmir ki, yeni nazir kohnə komanda ilə bu sisdemdə ədaləti təmin edib, qanunlarin aliliyini qorusun.O ki qaldi sahibkarlardan qanunsuz vergi tələb olunmasina , olkədə biznesin fəaliyyətinə qənim kəsilənlər hələ də vəzifəsinin başindadirlar..... Mikayil Cabbarovun fəaliyyəti o qədər də asan olmayacaq.Təbii ki, isdərdik ki olsun.Bəzi sahibkarlara xəbərlər gedir durun

Abit 2018-02-13 13:55:41

Gülmekde üreyim getmişdi skoru geldi,menim şerhimi vermeyen....

Hasan 2018-02-13 13:55:41

Cenab Mikayıl Cabbarov korrupsiyanın kökünü kesmek üçün, ölkede ilk olaraq "vezifeli şexslerin gelir beyannamesi" haqqında qanun qebul olunmalıdır. Olunubmu.?.. olunmayıb. Odur ki, gelin biri-birimizi aldatmayaq....

naxçıvanlı 2018-02-13 13:55:41

İnanırıq ki, Mikayıl Cabbarov təhsil sahəsindəki gördüyü "iri miqyaslı işləri", vergi sahəsində də görəcək və təhsil sahəsində olduğu kimi vergidə də yeni tarix yazacaq. Bəs necə? Azərbaycan məktəbinin tarixində 132-134 məktəbdəki kimi seks qalmaqalı olmuşdumu? Xeyr, olmayıb! Bu Mikayıl Cabbarovun təhsili biabırçı vəziyyətə salmasının məntiqi nəticəsidir. Ən maraqlısı budur ki, məktəblər təmir olunur, yaxşı pullar yeyilir, məktəbin içərisində təlim və tərbiyəyə isə fikir verilmir.

Elçin 2018-02-13 13:55:41

İnanan daşa dönsün.....damlar 400 manat maaş alır altında 40, 60 minlik cipi var.

SUAL 2018-02-13 13:55:41

VERGİ ODƏYİCİLƏRİNDƏN ARTİQ VERGİ TƏLƏB OLUNUR DEYƏN NAZİRƏ BİR SUALİMİZ VAR, BUNU EDƏN AUDİTİN RƏİSİ HABİL MƏMMƏDOV SİZİN KABİNETİNİZİN SAĞ TƏRƏFİNDƏ OTURUR. ONA DEMƏK, ONDAN SORUŞMAQ YAXŞİ OLMAZMİ MİKAYİL CABBAROV?YA DA ONUN FƏALİYYƏTİ İLƏ QAZANDİĞİ MİLYONLARİ NECƏ ƏLDƏ ETMƏSİ NƏDƏN SİZİ MARAQLANDİRMİR?

Ferahim 2018-02-13 13:55:41

Cenab nazir biz size inaniriq.inaniriq kimi Sabirabada da gelessiniz.ve Mensimov Memmed kimi ..... vegiden yayinan ve bizim emmek haqqimiza gozunu dikeni cezalandiracaqsiniz

Serlok Holms 2018-02-13 13:55:41

Mikayil muellim, Nece deyerler ---- Iclas caqiraq iclaslari levq eylemek ucun! Korrupsiyanın kokunü korrupsioner memurlarla nece keseceksiniz!

G.M 2018-02-13 13:55:41

Mikayıl məllim zarafatından heç qalmır də..yaradıcı,qurucu olmaq ayrı şeydi.

Zər Müfəttiş 2018-02-13 13:55:41

MÜTLƏQ NAZİR ideyası özü elə korrupsiyaya mühit deyilmi? 2003-2005-ci illərdə heç kəs rüşvətə-korrupsiyaya cürət etməzdi! Banklar kreditlə, tikinti bəzək-hasarla, siyasət diaspora-mətbuat-idman-kultura ilə "özü-özünü yedi". Baş problem-cəmiyyətin, xüsusilə bir milyon qarabağlının ata mülkünə hüquqları təxirə salındı. "Şirinlik", adətən qohum-əqrəba arasında ötürülür. Bu adət sərhəddi keçib və Qarabağdan evindən qovulmuşlarla, onları qovan hərbi (hay) terrorçular az qala eyni hüquqlara malikdirlər!?

Son yazılar