Ziya Məmmədovun qürubu - Həzin son
Nəqliyyat şefi nazirnin bir sıra böyük obyektləri, eəcə də “Trump Tower Baku” əllərindən alınıb, media layihəsinin üstündən isə birdəfəlik xətt çəkilib
Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə “Yeni Müsavat”a daxil olan son məlumatlara görə, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər. Məlumatda qeyd edilir ki, Z.Məmmədov mərhələ-mərhələ tərk-silah olunmuş vəziyyətə gətirilib və onun iri layihələri əlindən alınıb.
Z.Məmmədovun həm nazir kimi bir sıra səlahiyyətləri əlindən alınıb, həm də qeyri-rəsmi imtiyazları, imkanları məhdudlaşdırılıb, biznes obyektlərinin böyük qismini təhvil verməli olub. Z. Məmmədovun “Qarant holdinq”dəki payının böyük hissəsi də başqa bir ələ dövr edilib. Həmçinin onun və oğlu Anar Məmmədovun Bakının mərkəzində köhnə tramvay parkının yerində tikdirdiyi möhtəşəm bina - "Baku Trump Tower" artıq Məmmədovlardan alınıb. Bundan başqa, nazir oğlunun “Qarant holdinq”in tərkibində yaratdığı media holdinq layihəsinin də üzərindən birdəfəlik xətt çəkilib. İlk dəfə olaraq hansısa nazir-oliqarx açıq şəkildə media sektoruna girmək izni almışdı. Z.Məmmədovun yaratmaq istədiyi media holdinqlə bağlı bir sıra işlər görülmüşdü və hətta bir sıra jurnalistlər də bu layihəyə cəlb olunmuşdu. Amma son vaxtlarda Z.Məmmədov və ətrafının hakimiyyətin xoşuna gəlməyən davranışları, onların gənc nümayəndələrinin ictimai xuliqanlıq hərəkətləri bütövlükdə klanın vurulmasına və bir sıra layihələrinin əllərindən alınmasına, bəzi layihələrin isə dayandırılmasına səbəb olub.
Vəziyyəti getdikcə ağırlaşan Z.Məmmədovun mümkün qədər zərərsizləşdirildikdən sonra yola salınacağı bildirilir. Məlumatlara görə, hazırda Z.Məmmədov və ona bağlı qrupların mal-mülkləri, biznes obyektləri, sərvətləri ilə bağlı dəqiqləşdirmələr aparılır, bir sıra iş adamlarına zamanında səflərini dəyişdirmək tələb olunur. Z.Məmmədov və ətrafı ilə bağlı baş verənləri ümumiləşdirən məlumatlı mənbələr, nazirin indiki durumunu onun qüruba doğru getməsi kimi qiymətləndirirlər. Onların sözlərinə görə, Z.Məmmədovun bu şəkildə və sürətlə vurulmasının dəqiq səbəbi yalnız dar bir dairəyə bəlli olduğundan bu barədə konkret fikir söyləmək çətindir. Amma Z.Məmmədovun hakimiyyətdən yola salınacağı artıq bir çoxlarına bəllidir və bu səbəbdən də iqtidar daxilində xeyli yüksək vəzifəli şəxs onunla haqq-hesab çürütmək üçün start vəziyyətindədir.
Maraqlıdır ki, son günlərdə barəsində bir iş adamını bitirəcək ziddiyyətli xəbərlər yayılan H.Məmmədovun özü, yaxud nümayəndəsi tərəfindən hər hansı bir açıqlama verilməyib. Faktiki olaraq “Hafka”nın saxlanılması ilə bağlı xəbərlər nə təkzib, nə də təsdiq edilib.
Əgər H.Məmmədov azadlıqdadırsa, az qala dünyanın dörd bir yanında biznesi olan bir şəxs kimi onun haqqında yayılan xəbərlərlə bağlı açıqlama verməməsi absurddur. Onun iş gördüyü adamlar, çevrələr panikada, şirkətlərinin səhmləri sıfırda - lakin Hafiz Məmmədovdan heç bir xəbər yoxdur. Həm bu baxımdan, həm də gələn məlumatlar onu göstərir ki, H.Məmmədovun saxlanılması ilə bağlı xəbərlər ciddidir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.