Ötən il Əfqanıstanda on mindən çox dinc sakin silahlı münaqişələrin qurbanı olub

2017-ci ildə Əfqanıstanda silahlı münaqişələr nəticəsində 10 mindən çox mülki şəxs həlak olub və ya yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Əfqanıstana yardım üzrə missiyasının fevralın 15-də dərc olunan məruzəsində öz əksini tapıb. Məruzəyə əsasən, silahlı toqquşmalar nəticəsində ölkədə 3438 nəfər ölüb, daha 7015 nəfər yaralanıb. Həlak olanların 359-u qadınlar, 861-i uşaqlardır.

Ötən il ölən və yaralananların ümumi sayı 2016-cı ilin göstəricilərindən 6 faiz azdır. Bu halların təxminən 20 faizi hökumət qüvvələrinin və onları dəstəkləyən beynəlxalq koalisiyanın fəaliyyəti nəticəsində baş verib.

Əfqanıstanda 2009-cu ildən bəri davam edən sonuncu münaqişə ümumilikdə 28 mindən çox dinc sakinin həyatına son qoyub, 52 mindən çox insan isə yaralanıb.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar