“HƏR ZAMAN TƏMƏNNASIZ, GÖZÜTOX…” – Sabiq prokuror, sabiq Baş prokurordan yazır

Dərc olunub: 16/02/2018 - 15:25

Gözəl söz, zəka və əməl sahibi

ilyas_ismayilov_0209_2187

İllər ötdükcə hərdən arxaya çevrilib, keçdiyin ömür yollarına baxırsan. Zaman baxımından müqayisə etdikdə çox şeyin dəyişdiyi hiss olunur. Elə bil ki, çörəyin dadı, gülün ətri, təbiətin gözəlliyi də əvvəlki kimi deyil. Hərdən dağlar da, çaylar da niskilli görünür. Dəyişən həm də insanlardır. Bir anda sadə, səmimi, müdrik, mərd, qayğıkeş insanların sorağına çıxırsan…

Amma yox! Dünya yaxşılardan xali deyil. Nə qədər ki, gecənin zülmətindən qurtulan ümid səhəri var, nə qədər ki, aydın səma, günəş var, yaxşı insanlar həmişə olacaqdır. Yaxşı insanlar da, bir Tanrı töhfəsidir.

Həyatımızın böyük bir hissəsini işimizə, sənətimizə həsr edirik. Prokurorluqda çalışdığım uzun illər ərzində bu orqana rəhbərlik etmiş 9 Respublika Prokuroru ilə işləmək mənə nəsib olmuşdur. Adı və mahiyyəti etibarı ilə Prokurorluq qayğı göstərən, qanunların düzgün yerinə yetirilməsinə nəzarət edən orqandır. Orada şərəflə çalışan bir çox insanlar, bu adı uca tutmuşlar.

İnsanların haqqını bərqərar edib, onlara inamını qaytarmaq, həm də ilahi bir işdir. Bu müqəddəs işin öhdəsindən gəlmək üçün şəxsin əqidəli, ədalətli, cəsarətli olması vacibdir.

Müstəntiq, daha sonra prokuror işlədiyim müddətdə, hüquqları pozularaq, Allaha sığınanların ümid çırağını yandırmaq, onların haqlarını özlərinə qaytarmaq mənim üçün, məhz bu orqanın sayəsində mümkün olmuşdur. Hesab edirəm ki, o vaxtlar öz xidməti vəzifəmi yerinə yetirməklə, həm də savab sahibi olmuşam.

Həyatımızda, fəaliyyətimizdə bizə örnək olan, kamilliyi ilə seçilən insanları böyük ehtiramla xatırlamaq hər birimizin mənəvi borcudur.

Prokurorluq orqanlarında belə nurlu simalardan biri də, İlyas müəllim İsmayılov olmuşdur. O, Prokurorluğa yeni ruh gətirmişdir. Son dərəcə səmimi, ədalətli, qayğıkeş bir rəhbər olan İlyas müəllim, həm də gözəl söz, zəka və əməl sahibidir.

Xatırlayıram ki, Respublika Prokurorunun kadrlar üzrə müavini olduğu dövrdə, mən Nəsimi Rayon Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyirdim. Bəzən iştirak etdiyim geniş kollegiya iclaslarından sonra, ayrı-ayrı idarə rəisləri tərəfindən Respublika Prokurorluğuna dəvət edilməklə, mənə mühüm işlər üzrə müstəntiq, idarə prokuroru vəzifələri təklif olunurdu. O vaxtlar işgüzar, intizamlı, savadlı gənclər vəzifədə irəli çəkilirdi. Başa düşürdük ki, bütün bunlar yaxşı fəaliyyəti ilə fərqlənən işçilərə İlyas müəllimin diqqətinin, qayğısının təzahürüdür.

Sonralar Respublika Prokurorluğunun idarə prokuroru vəzifəsindən, Suraxanı rayon prokuroru təyin olunmağım da məhz onun mənə göstərdiyi etimadın nəticəsi idi. Yadımdadır ki, o vaxt gözləmədiyim halda, Respublika Prokuroru işləyən İlyas müəllimin xidməti otağına dəvət edildim. O, mənə rayon prokuroru vəzifəsinə təyin olunmağım barədə bildirdi və öz tövsiyyələrini verdi. Bu tövsiyyələr qanunun aliliyini qorumaq, prokurorluğun nüfuzunu qaldırmaq, insanlara qayğı ilə yanaşmaq, köməksizlərə, arxasızlara arxa olmaqdan ibarət idi. Təmənnasız mənə verilən vəzifənin əvəzində, məndən tələb olunan bunlar idi. Ona görə də, rayon prokuroru işlədiyim bütün illər ərzində Respublika Prokurorunun bu tövsiyyələrinə əməl etməyi özümə borc bilirdim.

İlyas müəllim, bir rəhbər kimi şəxsin mənəvi, əxlaqi keyfiyyətlərini dəyərləndirirdi. Ancaq layiqli işçilərin vəzifəyə yüksəlməsinə önəm verirdi və onlara qayğı ilə yanaşırdı. Ümumiyyətlə, insanlara qayğı hissi, İlyas müəllimin daxili aləminin tələbatı idi. Tamahkar, yaltaq, haqsız, təkəbbürlü adamları xoşlamırdı. Güclünün zəlili, gücsüzün qənimi olanlara da hiddətini gizlətmirdi.

İlyas müəllim, həyatın bütün anlarında ədalətli olmağı üstün tutub. Məncə, ədalət hissi onun ruhunun əsasını təşkil edir.

Yadımdadır, başqa bir rayonda trikotaj fabrikinin direktoru barəsində başlanmış cinayət işi, istintaqın davam etdirilməsi üçün xüsusi tapşırıq əsasında Suraxanı Rayon Prokurorluğuna göndərilmişdi. İlkin araşdırma səthi aparılmaqla, bir xeyli müddət keçmişdi. Müəssisənin direktoru çox mötəbər şəxslər tərəfindən müdafiə olunurdu. Respublika Prokuroru cinayət işini nəzarətə götürmüşdü.

Tərəfimizdən çoxsaylı və hərtərəfli istintaq hərəkətləri aparılmasına baxmayaraq, ittiham vermək üçün sübutlar kifayət qədər deyildi. Rayon prokuroru olaraq istintaqın gedişini və nəticələrini Bakı şəhər prokuroruna, daha sonra Respublika Prokuroru İlyas müəllimə məruzə etdim. Həmin şəxsin cinayət məsuliyyətinə alınması üçün kifayət qədər əsaslar olmadığını bildirdim. Məruzə vaxtı bir anlıq sükut yarandı. Sonra çox çəkinə-çəkinə soruşdum ki, İlyas müəllim, bütün hallardamı həmin şəxs məsuliyyətə cəlb olunmalıdır? Sualın belə qoyuluşu bəlkə də bir qədər düzgün deyildi. O vaxt İlyas müəllim ciddi tərzdə mənə baxıb, bildirdi ki, qanunun tələblərinə uyğun və kifayət qədər əsaslar olduğu təqdirdə, həmin şəxsin məsuliyyətə cəlb olunması məsələsinə baxılmalıdır.

Məsələnin ciddiliyinə, həmin şəxsin cəzalanmağa layiq olmasına baxmayaraq, sonradan cinayət işinin icraatına xitam verildi. Belə bir qərarın qəbul edilməsinin təməlində ədalətlilik və qanunun aliliyi dururdu.

Elə həqiqətlər var ki, zəmanənin qara buludları, onun üzərinə kölgə sala bilmir. Çünki qayəsində günəşin ziyası, nuru vardır. İşlədiyi bütün dövrlərdə hamı İlyas müəllimi təmənnasız, gözütox bir insan kimi tanımışdır. Bu cəhət onun şəxsiyyətinin ən parlaq tərəfidir.

Rayon prokuroru olduğum dövrdə, bir dəfə İlyas müəllim zəng edərək bir neftçinin iş telefonunu soruşdu. Mən telefon nömrəsini verdikdən sonra, həmin şəxsə (o, quyuların qazılması və təmiri idarəsinin rəisi idi) zəng edib, məsələ ilə əlaqədər mənə məlumat verməsini xahiş etdim. Aradan bir qədər keçdikdən sonra, idarə rəisi bildirdi ki, narahat olmayın, vaxtı ilə müqavilə əsasında bağda su quyusu qazmışıq, quyuda nasazlıq olduğundan İlyas müəllim onu axtarıb. Şəxsi zəmində olan, çox adi bir məsələnin prokurorluğun rəhbəri tərəfindən, rayon prokuroruna həvalə edilməməsi bu gün bəlkə də çoxuna təəccüblü və qəribə görünər. Amma həqiqət bundan ibarətdir ki, İlyas müəllim, özü ilə bağlı heç vaxt kimsəyə tapşırıq verməsini məqbul bilmirdi. Çünki bu cür hallar onun əqidəsinə, qüruruna müqabil deyildi.

O, həmişə düzgünlüyün, haqqın tərəfində olmuşdur. Sözün əsl mənasında ədalət fədaisidir. Burada bir neçə il bundan əvvəl qələmə aldığım sətirlər yadıma düşür:

Qoruyar həyatda insanı, Tanrı
Əgər ki, ədalət olsa, məramı

Qoy, Tanrı, İlyas müəllimi həmişə qorusun. Mən ona möhkəm can sağlığı arzulayıram.

Sərdar Əliyev,
Prokurorluğun keçmiş əməkdaşı


loading...




Fikrinizi bildirin