MTN-nin sabiq əməkdaşından şok açıqlamalar

İbrahim Musayev Turac Zeynalovun Naxçıvan MTN-də qətlə yetirilməsinin səbəblərindən danışdı

Rusiyanın Yaroslavl Vilayət Məhkəməsində Azərbaycana ekstradisiyası məsələsinə baxılan Naxçıvan MTN-in keçmiş əməkdaşı İbrahim Musayev "Kavkazskaya Uzla" qəzetinə sensasion açıqlamalar verib.

MTN Rusiyaya niyə agent göndərib?

Musayev Azərbaycanın ekstradisiya tələbini belə şərh edib ki, məqsəd onu ölkəyə qaytarıb öldürməkdir. O, qeyd edib ki, 2012-ci ildə Rusiyaya getməsi Naxçıvan və Azərbaycan MTN-in tapşırığı əsasında olub. "Mən hansı məqsədlə gəldiyimi deməyəcəm. Onlar 10 gündən sonra həyat yoldaşımı da bura göndərdilər. Bundan sonra mən MTN-lə bütün əlaqələrimi kəsdim. Ona görə də məni axtarışa verdilər", - deyə Musayev bildirib.

“Məni Azərbaycana aparıb öldürmək istəyirlər”

Onun sözlərinə görə, 2012-ci ilin dekabr ayına qədər ailəsi ilə birlikdə Yaroslavlda yaşayıb. Sonra bilib ki, onu və yaxınlarını naməlum şəxslər izləyir. Buna görə də Moskvaya köçmək qərarına gəlib: "Biz qərara aldıq ki, Moskvaya köçək və qaçqın statusu alaq. Mənim axtarışa verilməyimi Azərbaycan xüsusi xidmət orqanları elan etmişdi. Məqsəd isə məni Azərbaycana aparıb, başqalarını susdurduqları kimi susdurmaqdır".

Musayev deyib ki, sonradan Moskvada qalmağın da təhlükəli olduğunu başa düşüb və 3-cü ölkəyə keçmək haqqında düşünüb.

Turac Zeynalovun dəhşətli qətli

MTN-in keçmiş əməkdaşı qəzetə Naxçıvanda baş vermiş səs-küylü ölüm faktından - Turac Zeynalovun öldürülməsindən də danışıb: "Turac Zeynalov Türkiyəyə PKK üçün göndərilən silahlarla bağlı sənədləri ələ keçirmişdi. Həmin sənədlərin sürətləri onda var idi. Naxçıvan MTN-i üçün bu şok vəziyyət yaratmışdı. Çünki Turac Zeynalov həmin sənədləri bir neçə adama vermişdi. Buna görə bir neçə gün ərzində Turac Zeynalova dəhşətli işgəncələr verilmişdi. Daha çox ona elektriklə işgəncə verirdilər. İşgəncə verməkdə məqsəd, ondan İran kəşfiyyatına işləməklə bağlı ifadə almaq idi. Hətta dəhşətli işgəncələrə baxmayaraq o, belə bir ifadəyə imza atmaqdan imtina etmişdi".

Musayevin sözlərinə görə, Turac Zeynalovun öldürülməsi əmri Bakıdan verilib.

Turac Zeynalova Naxçıvan MTN-də verilən işgəncələri Musayev belə təsvir edib: "Baş verənləri videoya çəkmişdilər. Həmin görüntülərdə dəhşətli işgəncə üsullarından istifadə olunduğu görünür. Başına kəndir keçirib, ayağını "danqrata" bağlayıb dartırlar. Daha sonra müzakirə etməyə başlamışdılar ki, Zeynalovun ölümünü yaxınlarına necə izah etsinlər. Bədənindəki işgəncə izlərini dəri xərçəngi kimi izah etmək qərarına gəldilər. Boynuna keçirilmiş ipin iziylə bağlı isə belə bir varianta əl atdılar: başını kəndirin izi üzrə kəsməyə və bunu həkim ekspertin işi kimi təqdim etməyə qərar verdilər".

50 min manatlıq sövdələşmə

Keçmiş MTN əməkdaşı bu ölüm işinin ictimailəşməsi və bundan sonra Zeynalovun həyat yoldaşına qarşı əməliyyatın hazırlanması barədə də danışıb: "Meyiti qohumlarına vermədilər. Yalnız hüquq müdafiəçisi Məlahət Nəsibova məsələni ictimailəşdirəndən sonra verdilər. Qohumları meyiti videoya çəkdilər və internetdə yaydılar. MTN Turac Zeynalovun qohumlarına 50 min manat vəd etdi, ancaq pulu vermədi. Turacın atası və həyat yoldaşı Məlahət Nəsibova ilə Bakıya gedib, böyük səs-küy qaldırdılar. Bundan sonra mənə Turac Zeynalovun həyat yoldaşı ilə əlaqəyə girmək tapşırığı verdilər. Mən tapşırığı yerinə yetirdikdən sonra qadını məcbur etdilər ki, ərinin xərçəngdən vəfat etdiyini söyləsin. Bir müddət sonra Turacın həyat yoldaşı Naxşıvan MTN-in rəhbəri Vəli Əsgərova zəng edib demişdi ki, jurnalistlərə əsl həqiqəti danışacaq. Bundan sonra mənə tapşırıq verildi ki, Turacın həyat yoldaşını aradan götürüm. Mən isə, bundan imtina etdim".

İbrahim Musayev deyib ki, onun yaxınlarına ciddi təzyiqlər var. Qardaşının Naxçıvanda fəaliyyət göstərən mağazası dağıdılıb, yaxınları işdən çıxarılıb və s.

PKK və "Ucubir" postu

Xatırladaq ki, İbrahim Musayev Turac Zeynalovun qətli və onun xanımına qarşı qurulan əməliyyat barədə ilk dəfə olaraq "Azadlıq" qəzetinə danışıb. Lakin o zaman MTN-nin sabiq əməkdaşı bəzi təfərrüatları açıqlamamışdı. İbrahim Musayev bildirmişdi ki, zamanı gələndə Turac Zeynalovun qətli ilə bağlı detalları da danışacaq. MTN-nin sabiq əməkdaşı yalnız bunu demişdi: "Sizi əmin edirəm ki, bu olayın əsl səbəbləri barədə danışacağam. Amma hələlik yalnız iki məqama diqqət yetirmənizi tövsiyyə edirəm. Birincisi, Ermənistanla sərhəddə, Sədərək rayonu ərazisində yerləşən "Ucubir" postu, digəri isə PKK. Bu iki amili yadda saxlayın".

İbrahim Musayevin indi açıqlamalarından görünür ki, Haxçıvandan PKK-ya silah yardımı gedirmiş. Güman ki, silahlar "Ucubir" postundan keçirilmiş. Özü də Bakının da bundan məlumatı var imiş. Hər halda İbrahim Musayev deyir ki, Turac Zeynalovun qətli ilə bağlı tapşırıq Bakıdan gəlib.

İbrahim Musayev sıravi şəxs deyil. MTH-nin sabiq əməkdaşıdır. Onun bu açıqlaması ciddi siyasi qalmaqala səbəb ola bilər. Bakı bütün bunlarla bağlı Ankaraya izahat verməli olacaq.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar