ASLAN İSMAYILOVUN HALI VƏ VALI

Dərc olunub: 17/02/2018 - 11:47
Bölmə:
1737 dəfə baxılıb

talehTaleh Şahsuvarlı

Lap çoxdanın söhbətidir. 1990-cı illərin. Rusiyada nəşr olunan populyar qəzetlərin birində bir müsahibə dərc olunmuşdu. Müsahibənin girişində jurnalistin istifadə etdiyi diktafonun markasından – “Sony”-dən danışılırdı. Bu məqamın yazıya salınması bir fənd idi. Müsahibin maraq dairəsini, ən əsası səmimiyyət və dürüstlüyünü açıqlayırdı.

Bu günlərdə haqqında dəfələrlə yazı qələmə alaraq iç üzünü cəmiyyətə faktlarla dönə-dönə təqdim etdiyim Aslan İsmayılov bir video müraciət yaymışdı. Videonun titrində onun “vəkil” olduğu yazılırdı. Halbuki Azərbaycanda belə bir vəkil yoxdur, Vəkillər Kollegiyasının üzvlüyündən çoxdan qovulub. Ən yaxşı halda özünü “qovulmuş vəkil” kimi təqdim etməli olduğu halda özünü saxta sosial statusla təqdim etməsi onun müraciətinin səmimiyyət və dürüstlüyünü də bəribaşdan şübhə altına alır. “Sony” söhbətini buna görə xatırladım. Sözün açığı, bu detal üzə çıxandan sonra vaxtımı daha önəmli adamlara, daha vacib işlərə sərf edə bilərdim. Amma səbrimi basıb videonu izlədim.

Məlum oldu ki, Səbail rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən məhkəmə icraçıları Aslan İsmayılovdan iş adamı Mürvət Həsənlidən üzr istəməsini, haqqında söylədiyi böhtan və təhqirlərlə bağlı təkzib yayınlamasını və nəhayət, dəymiş mənəvi zərərə görə çox da böyük olmayan məbləğdə təzminat ödəməsini tələb edir. Əgər qətnamə icraya yönəlibsə, deməli, məhkəmə çəkişməsi müxtəlif instansiyalarda uzun müddət davam edib, Aslan İsmayılov isə hər dəfə məğlub olub. İndi virtual məkanda yetənə yetib, yetməyənə də daş-kəltən qolazlayan, müştəbeh bir şəkildə özündən “yerli” Alaksey Navalnıy düzəltməyə çalışan İsmayılov iş adamından üzr istəməli, bunun üçün dadlı-duzlu ərizə yazaraq Musavat.com saytında yayınlamalıdır.

Lap elə bu yaxınlarda onun Hafiz Hacıyevlə də məhkəmə çəkişməsi olmuşdu. Hafiz Hacıyev şou düzəltmək qabiliyyəti güclü olan bir partiya sədridir, məlum. Amma həmin məhkəmə prosesi ətrafında yaratdığı şou onu təsdiq etdi ki, Müasir Müsavat Partiyası sədrinin eləcə adı bədnammış, Aslan İsmayılov bütün parametrlər üzrə Hafiz Hacıyevin mən deyim beş, siz deyin beş yüz mislidir. Gah dedi məni tutacaqlar, gah söylədi məni iclasda döyəcəklər, gah minnət qoydu ki, heç kimin müdafiəsinə ehtiyacım yoxdur, gah da səhifəsinin bütün izləyicilərini məhkəmənin qabağına çağırdı. Həm də təkcə özü çağırmadı, müxalifət düşərgəsinin guya nüfuzlu fəalları da xalqı Səbail məhkəməsi önündə etiraz piketinə səslədilər. Cəbhəçilər, müsavatçılar, “Real”çılar atışıb Aslan İsmayılova bir süni piket təşkil etdilər, axırda məlum oldu ki, onun sırf öz çağırışına məhəl qoyanların sayı yenə də üç-beş nəfəri keçmir.

Həmin piketdə mənim adımı xüsusi hövllə çəkmişdi. Başa düşürəm. Bir zamanlar məzmununda heç bir təhqir və böhtan elementi olmadığı yazıma görə məni məhkəmə ilə hədələyirdi, elə bilirdi ki, onun “xox”undan çəkinib haqqında susacam. Bəlkə də səbirsizliklə gözləyir ki, hansısa məqaləmdə bir səhv buraxım, bu da ondan yapışıb barəmdə iddia qaldırsın. Amma Aslan İsmayılovu təhqir etməyə, ona böhtan atmağa lüzum yoxdur ki?! Öz əməllərini və açıqlamalarını qoyursan qabağına, qaynaqları, istinadları da yerində, adamın cəsarəti çatmır çıxıb deyə ki, bəli, bu sözləri mən söyləmişəm, bu açıqlamalar mənim haqqımda verilib, bu ömrü mən yaşamışam! Bu adamın öz ömür yolunu müdafiə eləməyə təpəri çatmır, gözə kül üfürməklə deyil axı… Quyruğu bir balaca qapı arasında sıxışan kimi də başlayır ki, mən Sumqayıt hadisələri barədə kitab yazmışam. Lap əcəb eləmisiz, bəs niyə dövlət ittihamçısı olaraq etdiyiniz çıxış həmin kitabda yoxdur? Niyə dəfələrlə opponentlər tərəfindən təklif edildiyi halda, həmin çıxışı yayınlamaqdan qorxursunuz?

Həyatım boyu məni qaralamaq, əzmək, sındırmaq istəyən adamlar az olmayıb. Məni şəxsən tanımadığı, mənim də ilk dəfə rastlaşdığım halda üzümə “Taleh Şahsuvarlı ilə bir zamanlar dostluq etdiyini” söyləyərək mənə məndən qeybət edən adamlar görmüşəm, inanın! Çevrəmi böyütmək kimi bir dərdim, statuslarıma “like” yağsın deyə bir arzum yoxdur. Fəqət insana verdiyim dəyərdə yanılmaqdan həmişə narahat olmuşam. Aslan İsmayılovla da heç zaman xüsusi münasibətim olmayıb, nə yaxşıya, nə pisə. Ancaq bir siyasətçi kimi təqdir etdiyim, bir insan kimi isə özümə dost, böyük qardaş sandığım Qüdrət Həsənquliyevə təhqiramiz formada hücuma keçəndən sonra onu siyahımdan birdəfəlik sildim, düşüncələrimi özünə də yazdım. Düz etmişəm, əcəb eləmişəm! O zamandan görürdüm ki, Aslan İsmayılov bu minvalla, nüfuzlu insanlara şər və böhtan yağdırmaqla, virtual addiksiyanın təsiri ilə içində gizlənən “super mən”in əsirinə çevrilərək uzağa getməyəcək. Qırx illik həyatım boyu məni qaralamaq, əzmək, sındırmaq istəyən adamların hamısının aqibətini belə görmüşəm. Bəli, “40” şərq folklorunda mistik, Aslan İsmayılov kimilərinin həyat yolunu dəyərləndirə bilmək üçün ibrətamiz rəqəmdir.

1483787580_murvetaslan

Rusiyanın əyalətdə yerləşən autsayder ali məktəblərinin birindən “hüquqşünas” diplomu əldə etmiş keçmiş tornaçı öz video-müraciətində iş adamı Mürvət Həsənli haqqında məhkəmə çəkişməsinə səbəb olmuş sözlərini dəyişə-dəyişə bəyan edir ki, məhkəmənin qərarını yerinə yetirməyəcək. Bu bəyanat artıq ciddi hüquqi məsuliyyət yaradır, özü bilər. İstəyir üzrxahlıq etsin, istəyir etməsin. Onun böhtançılığı məhkəmə qərarı ilə təsdiq olunub. Sadəcə bunun da bilinməsi vacibdir ki, məhkəmələr Azərbaycan Respublikasının adından qərar çıxarır və Azərbaycan Respublikası bir dövlət olaraq öz qərarlarını hüququn cızığından vətəndaşlarına yerinə yetizdirəcək, əks halda qanunların digər tələblərini tətbiq edəcək qədər həm güclü, həm də prinsipial dövlətdir. Məsələni ayrı yerə çəkməyə də kimsə müvəffəq olacaq deyil. Mürvət Həsənli yüksək ranqlı dövlət məmuru, nazir, deputat deyil, onun hər hansı formada hər hansı məhkəməyə, həm də müxtəlif instansiyalarda təsir göstərmək imkanı yoxdur. Azərbaycanda fəaliyyət göstərən minlərlə iş adamından biridir. Məhkəmə qətnaməsində də əks olunduğu kimi, Aslan İsmayılov onun haqqında hədyanlar yağdırıb, şərəfini hədəfə alıb, işgüzar nüfuzunu zərbə altına qoyub, indi də üzr istəməli, etirafda bulunmalıdır.

Söz və ifadə azadlığı ilə şərəf və ləyaqət anlayışı arasında qırmızı bir cizgi var. O cizgini keçən Aslan İsmayılov keçməyən Elçin Mirzəbəyli, Əli Həziquliyev kimi tanınmış jurnalistlərə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Yəni onları həbs etdirmək istəyirdi. Həmin məhkəmələr bu gün də davam edir. Hafiz Hacıyev Aslan İsmayılov haqqında xüsusi ittiham qaydasında iddia qaldıranda bu, hakimiyyətin azad sözə təzyiqi olur da, Aslan İsmayılovun iki təcrübəli qələm sahibini eyni qaydada məhkəməyə verməsi ifadə azadlığının təntənəsimi olur? Bu nə riyakarlıqdır belə? Əsl demokratik düşüncə örnəyini Mürvət Həsənli nümayiş etdirdi, onun həbs edilməsini nazirdən birbaşa xahiş etdiyini öz dili ilə söyləyən birini - Aslan İsmayılovu öz səbri və iradəsi ilə illərlə davam edən prosesin sonunda Mülki Məcəllə əsasında məğlub etdi. Nəticədə Azərbaycanın Navalnısının valı qırıldı, indi o, eyni cümlələri təkrarlayır.


loading...




Fikrinizi bildirin