YOL POLİSİ BABƏK PROSPEKTİNDƏN “KÜSÜB”… – Təmir aparılan yolda xaos

Dərc olunub: 17/02/2018 - 16:17

babek_prospekti_repair_051114_02Hal-hazırda paytaxtın Babək prospektində davam edən yol-təmir işlərilə bağlı yaranan situasiya bir daha göstərdi ki, bu prosesi həyata keçirən və nəqliyyat axınını tənzimləməli olan qurumlar öz işlərinə və insanların rahatlığına olduqca etinasız və hörmətsiz yanaşırlar.

Babək prospektindən istifadə edənlər yəqin bizim dediyimizi təsdiqləyərlər ki, hazırda, xüsusilə də həftənin iş günlərində Babək prospekti əsl işgəncə zonasına çevrilir. Hər gün tıxac, hər gün xaos, özbaşınalıq, nizamsızlıq və sair.

Avtomobillərin xaotik hərəkəti – kim haradan istəyir dönür, geri qayıdır, sağdan ötür, soldan keçir, onsuz da daralmış yolun kənarında saxlayıb, yolu biraz da daraldır – bir sözlə, yaranmış durum Hindistan yollarını xatırladır. Hindistan polisindən geri qalmayan bizim Bakı Dövlət Yol Polis İdarəsində isə bu vaxt deyəsən hind filmlərindəki kövrək səhnələrə baxıb, xəyallara dalırlar.

04

Belə olmasaydı, bu ərazidə hərəkəti tənzimləyən bircə YPX avtomobilinə rast gəlmək olardı. Ancaq yoxdur, görə bilməzsiniz. Sanki, küsüblər bu prospektdən. Xüsusilə prospektin NZS və Keşlə qəsəbəsi istiqamətlərindəki giriş-çıxışları bərbad vəziyyətdə olur. Təmirlə bağlı NZS istiqamətinə dönmək üçün dar yol saxlanılıb ki, o da yaşayış evlərinin arasından keçir. İri marşrut avtobusları bu istiqamətdə işlədiyindən, hər gün burada tıxac və dözülməz vəziyyət yaranır. Hansı ki, bircə dənə YPX maşını və tənzimləyici əməkdaş kifayət edər ki, hərəkəti nizama salsın və keçid üçün növbəlilik yaratsın.

Vəziyyət o yerə çatıb ki, sürücülər, xüsusilə də avtobus sürücülərinin özləri avtomobillərindən düşüb hərəkəti tənzimləməli olurlar ki, bir təhər bu “cəhənnəmdən” canlarını qurtarsınlar. Hər gün də bu biabırçılıq təkrarlanır. Hələ güclü yağış və qar yoxdur, yağıntı olsa, burada vəziyyət daha da acınacaqlı olacaq.

Təmirdən əvvəl paytaxtın yol polisi rəhbərliyi elan verdi ki, təmir hissə-hissə aparılacaq və yol tam bağlanmayacaq. Ancaq görünən odur ki, tam bağlansaydı, bundan daha yaxşı olardı, insanların əsəbləri və sağlamlığına bu qədər ziyan dəyməzdi.

03

Hələ yaranan tıxac, özbaşınalıq və xaos bir tərəfə, YPX avtomobilləri “Ramstore” kimi tanınan ərazidə də tez-tez həm də uzun müddətə Babək prospektindən gələn avtomobilləri Yusif Səfərov küçəsinə, Neftçilər Xəstəxanası istiqamətinə buraxmır. Prospektin təmir gedən hissəsindən güc-bəla ilə çıxan sürücülər sonradan gəlib burada “ilişirlər”. Çox vaxt bunu dövlət tədbirləri ilə əlaqələndirsələr də, Heydər Əliyev prospektindən gələn nəqliyyat axını həmin yola daha rahat şəkildə buraxılır və hərəkətini davam etdirir. Məsələn, özümüz şahid olduq ki, 2 gün öncə səhər təxminən 11.00-dan 12.30-a qədər, düz saat yarım YPX avtomobili sözügedən yolu bağladı. Və bu zaman kəsiyində də oradan heç kim keçmədi, yalnız ən sonda kortej göründü. Belə olan təqdirdə, daha qısa müddətə yolu bağlamaq olmazdımı? Xeyr, yol polisi rəhbərliyi öz işlərinin rahatlığı üçün və vətəndaşların adi hüquqlarına hörmətsizlik və saymazlıq göstərərək, kefləri istədiyini etməli, istədiyi vaxt yolu açıb-bağlamalıdır! Hansı ki, dəfələrlə ölkə rəhbərliyi səviyyəsində insanların rahatlığının təmin edilməsi və keyfiyyətli xidmət göstərilməsinin vacibliyi önə çəkilib.

01

Babək prospekti və ətrafında baş verənlər isə bir daha göstərir ki, paytaxt YPX-sinin bu adın X-sindən, yəni “xidmət” anlayışından xəbəri yoxdur! Əslində, sözsüz ki, bu əraziyə hər gün bir neçə YPX avtomobili ayrılır. Ancaq onlar hansı ağacın dibində, hansı binanın tinində, hansı restoranın qarşısındakı kolluğun arxasında “xidmət aparırlar” bilmirik, lakin rəisləri yəqin ki, bilir və hər gün onlardan hesab sorulur…

CƏLAL
AzPolitika.info

 


loading...




Fikrinizi bildirin