“Real”ın PSJ üzərində qələbəsi ədalətsizlikdir” – Xavi

Dərc olunub: 18/02/2018 - 15:05

xavi“Düzdür, “Real” PSJ ilə oyunda müəyyən şeylər etdi. Amma gərək, onlarla oynayanda fürsətləri əldən verməyəsən. Çünki buna görə rəqibi cəzalandırırlar”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Goal.com” saytına açıqlamasında “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi deyib. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Real” – PSJ matçı (3:1) barədə fikirlərini bölüşən veteran futbolçu “kral klubu”nun qələbə qazanmasını ədalətsizlik adlandırıb:

“Ən pisi odur ki, “Real” əslində heç nə etmədiyi halda PSJ-ni məğlub etdi. Əks-hücumlar qələbədə həlledici rol oynadı. Bu isə demək olar ki, ədalətsizlikdir. Çünki PSJ həmin gün daha yaxşı idi. Hesab 1:1, 2:2 və ya 2:1 fransızların xeyirinə olmalıydı. PSJ “Barselona” kimi oynayırdı.

Bu, izaholunmaz bir şeydir. “Real” oynamadı, amma qələbə qazandı. Bu matçda bir-birindən fərqlənən bir neçə məqam oldu. PSJ uzun müddət oyuna nəzarət etdi. Mənə görə, “Real” həmin gün heç də oyunun ən yaxşısı deyildi. Amma onlar üçün fərqi yoxdur. Pis oynasalar da, fəlsəfələri çox sadədir: meydana qələbə üçün çıxırlar. Ona görə də “Santyaqo Bernabeu”da bu komandaya qarşı oynamaq çox çətindir”.

Qeyd edək ki, “Real” – PSJ matçı ispan klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.








loading...


Fikrinizi bildirin