Bahalı saat, gizli görüş, yüksək sürət… - Yalana görə vəzifəsini itirən məmurlar

Fevralın 14-də Niderlandın xarici işlər naziri Halbe Zeylstra istefa verdi. Buna səbəb nazirin 2006-cı ildə Putinlə görüşdüyü barədə dediyi yalan idi. Zeylstra etiraf etdi ki, Putinə istinadən səsləndirdiyi fikirləri Rusiya prezidentindən yox, başqa birindən eşidib. Sadəcə olaraq mənbəni gizli saxlamaq və Rusiyanın aqressiyanın nə dərəcədə real olduğunu göstərmək üçün məlum addımı atıb. 

Nazir bildirmişdi ki, Putin həmin görüşdə qüdrətli Rusiyanın Rusiya, Belarus, Ukrayna və Baltikyanı ölkələrdən  ibarət olduğunu deyib. Zeylstra qeyd edib ki, qalıb işini davam etdirə də bilərdi. Lakin bundan sonra səsləndirəcəyi bütün fikirlər şübhə ilə qarşılanacağı üçün istefa verməyi qərara alıb. Halbe Zeylstra dörd ay idi ki, nazir təyin olunmuşdu və fevralın 15-də onun Rusiyaya rəsmi səfəri olacaqdı. 

Strateq.az xarici mətbuata istinadla daha hansı məşhur dövlət xadimlərinin yalana görə kürsülərindən olduğunu öyrənməyə çalışıb.

Priti Patel, Britaniyanın beynəlxalq əlaqələr naziri 

Priti Patel

Priti Patel də oxşar səbəbdən ötən ilin noyabrında istefa verməyə məcbur oldu. Məlum olmuşdu ki, Patel məzuniyyətdə ikən İsrail hökumətinin təmsilçiləri ilə sanksiyalaşdırılmamış görüş keçirib. Nazir idda edirdi ki, bu görüşdən Britaniya Xarici İşlər Nazirliyi rəsmilərinin xəbəri olub. Bununla belə, Patel yaranmış qalmaqal fonunda vəzifədən uzaqlaşmağa qərar verdiyini açıqladı.

Maykl Flin, Trampın keçmiş müşaviri 

Maykl Flin

Ötən il fevralın 14-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flin vəzifədən getdi. Flinin vəzifədən getməyini Tramp özü istəmişdi. Buna müşavirin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla danışıqlar aparması və bu barədə rəhbərliyi məlumatlandırmaması səbəb olmuşdu.

ABŞ KİV-lərinin yazdığına görə, həmin görüşdə Trampın prezidentliyindən sonra Rusiyaya qarşı sanksiyalar məsələsinə yenidən baxılma imkanları müzakirə olunub.

Flin rus səfirlə danışıqları barədə yalan məlumat verdiyi üçün Trampdan və vitse-prezident Mayk Pensdən üzr istəsə də,  postunda qala bilmədi. O, Tramp prezident olandan sonra komandadan gedən ilk məmur oldu.

Kris Xyun, Britaniyanın energetika və iqlim dəyişikliyi üzrə keçmiş naziri 

Kris Xyun

Kris Xyun 2012-ci ildə vəzifədən getmişdi. Hələ 2003-cü ildə siyasətçini yalan danışmaqda ittiham etmişdilər. O avtomobil idarə edərkən sürət həddini aşsa da, xanımından bunun əksini iddia etmək üçün yalan ifadə verməyi istəmişdi. Xanımı bildirmişdi ki, həmin vaxt sükan arxasında həyat yoldaşı yox, o özü olub.

Lakin Xyunun xəyanətindən sonra nazirin xanımı insidentlə bağlı həqiqəti etiraf etmişdi. 2013-cü ildə keçmiş nazir və xanımı 8 ay həbs cəzasına məhkum edilmişdi.

Slavomir Novak, Polşanın keçmiş nəqliyyat naziri

Slavomir Novak

2012-ci ildə jurnalistlər nazir Novakın qolunda bahalı saat görmüşdülər. Məlum olmuşdu ki, nazir dəyəri 17 min zlotı (təqibən 5 min dollar) olan saatı barədə gəlir deklarasiyasında heç nə qeyd etməyib. Yerli qanunlara görə isə polşalı məmurlar qiyməti 10 min zlotıdan baha olan varidatları barədə deklarasiyada məlumat verməlidilər.

2013-cü ilin sonlarında Polşa prokurorluğu yalan ifadə verdiyinə görə Novaka ittiham elan etmişdi. Məhkəmə keçmiş naziri təqsirli bilsə də, növbəti instansiyada cinayət işinə xitam verilmişdi.

Bill Klinton, ABŞ-ın keçmiş prezidenti 

Klinton və Levinski

Klinton yalan ifadəyə görə az qala, prezident postunu itirəcəkdi. İkinci müddətə prezident seçiləndən sonra Klintonun Ağ Evin əməkdaşı Monika Levinski ilə intim münasibətlərinə dair məlumatlar yayılmağa başladı. Klinton əvvəlcə bu münasibətləri inkar etmişdi. Hətta məhəkəmədə də bu məsələ ilə bağlı yalan ifadə vermişdi. Lakin sonradan həqiqəti etiraf etməli olmuşdu.

Yalan ifadə verdiyi üçün Klinton impiçment təhlükəsi ilə üz-üzə qalmış, yalnız senatdakı səsvermə sayəsində bu təhlükə sovuşmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar