Ötən il ARDNF valyuta hərracında 3,6 mlrd. dollar satıb

Dərc olunub: 21/02/2018 - 14:16

merkezi-bank-32017-ci ildə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş kompleks tədbirlər, makroiqtisadi dayanıqlığın təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar məzənnə rejiminin çevikliyinin daha da artırılmasına əlverişli zəmin yaradıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

Bildirilir ki, 2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən, ümumilikdə 99 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-nin xarici valyuta satışları 3 597,8 mln. dollar təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 26,3% azdır.

Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 1,065 mlrd. dollar olub.

“2017-ci il ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. İl ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə – 1.9200 manata qalxıb, 06.12.17 tarixində isə minimum həddinə – 1.7000 manata enib. 2017-ci ilin sonuna manata nəzərən dollar ilin əvvəlindən 4% ucuzlaşıb. İl ərzində dolların manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1,7206 manat təşkil edib. İl ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 4,1% bahalaşıb,” – deyə icmalda qeyd olunub.








loading...


Fikrinizi bildirin