Sumqayıt hadisələrinə görə həbs edilən Eduard Qriqoryan 1991-ci ildə Ermənistana təhvil verilib

"İstintaqla müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb".

APA-nın məlumatına görə, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərilən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 064 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib.

N. Mirzəyevin sözlərinə görə, istintaq zamanı həmçinin müəyyən edilib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri dəfələrlə məhkum edilmiş, milliyətçə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub: “Eduard Qriqoryan öz ətrafında adamları çəmləşdirib onlara rəhbərlik edərək, «Ermənilərə ölüm», «ardımca» və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumları həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərəçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsi və zorlanmasına görə məhkum olmuş Eduard Qriqoryan 22 dekabr 1989-cu ildə hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman - 26 avqust 1991-ci ildə Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı "xidmətlərinə" görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 9 fevral 2015-ci il tarixdə Eduard Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib”.

Müstəntiq həmçinin qeyd edib ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin «Krunk» cəmiyyətinə pul vəsaiti köçürməsi müəyyən edilib: “Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən «Krunk» cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri «Krunk» cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, «Krunk» cəmiyyətinə pul köçürən ermənilərin evləri demək olar ki, hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan müsiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini «Krunk» cəmiyyətinə köçürüblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar