Restoranın bacasından çıxarılan kişi oğurluğa giribmiş – DİN təfərrüatları açıqladı

Dərc olunub: 24/02/2018 - 13:04

1519460925_bacaBakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub.

“AzPolitika” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A. Mehralıyevın guya kimlərsə tərəfindən bacaya atılması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə ki, A. Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A. Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A. Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.

Hazırda A. Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, A. Mehralıyev dünən çəkilən videoda havalandırma sisteminə kimlərsə tərəfindən atıldığını demişdi. Ətraflı məlumatı buradan oxuya bilərsiniz: Bakıda vətəndaşa qarşı inanılmaz vəhşilik – VİDEO








loading...


Fikrinizi bildirin