AMERİKAYA QARŞI OPEK-RUSİYA ALYANSI?! – Moskva və ər-Riyad nə planlaşdırırlar?

Dərc olunub: 25/02/2018 - 15:30

mbs-putin

Amerikan şist neft sənayesinin sıçrayışı Ər-Riyad və Moskvaya nəzərəçarpacaq təsir göstərib. Neftin qiymətinin aşağı düşməsinə səbəb olmuş ABŞ şist neftinə qarşı rəqabətə tab gətirmək üçün, 2016-cı ilin noyabrında OPEK və Rusiya neft hasilatının azaldılması qərarına gəldilər. Buradakı başlıca məqsəd – neft tədarükünü, dünya neft ehtiyatını azaltmaq və qiymətin bahalaşmasına səbəb olmaqdır.

Müşahidəçilərin təəccübünə baxmayaraq, OPEK üzvləri, Rusiya və bəzi keçmiş SSRİ ölkələri hasilatı azalda bildilər ki, bu da neftin bir barelinin iyun ayında 42 dollar olan qiymətini fevralda 62 dollaradək, yəni ciddi şəkildə yüksəldə bilib.
İndi alyansın bəzi iştirakçıları bu sxemin daimi əsaslarda işləməsinə çağırışlar edirlər. Bu il OPEK-ə rəhbərlik edən Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl-əl Mazuri bildirib ki, OPEK-in iyunda keçiriləcək yığıncağında hasilatın azaldılması təklifi müzakirə olunacaq. O, həmçinin OPEK-in Rusiya ilə əməkdaşlığının genişlənməsini istəyir.
“Röyter” agentliyinə müsahibəsində Mazuri deyib: ”Əgər bu ölkələr qrupu gələcəkdə müştərək işləməyi davam etdirsələr, onda bu, dünya iqtisadiyyatı üçün faydalı olacaq və eyni zamanda da, tələb-təklif arasındakı balansın kəskin şəkildə pozulmasından qaçmağa imkan verəcək”.

- Bazarın sabitləşdirilməsi

Amma buna baxmayaraq, o, dərhal dediklərinə düzəliş edərək bildirib ki, bu əməkdaşlığın miqyası haqqında danışmaq hələ tezdir. Mazurinin bəyanatı bu yaxınlarda ümümi maraqlar sayəsində birləşən ölkələr arasında daha sıx əməkdaşlıq üçün yol açır. Yanvar ayının sonunda Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirləri bildiriblər ki, onlar uzunmüddətli əməkdaşlıq barəsində fikirləri bölüşürlər. Xalid-əl Faleh deyib: “OPEK, bazara təkbaşına nəzarət etmək üçün kifayət qədər təsirli təşkilat olub. Amma indi bizdə təşkilatın artıq bunu edə bilməyəcəyi təəssüratı yaranıb”.

Rusiya Energetika naziri Aleksandr Novak deyib: “Biz hesab edirik ki, ölkələrimiz arasındakı əməkdaşlıq uzunmüddətli əməkdaşlıqdır. İki iri neft ixrac edən ölkə bir-birlərini inkar edə bilməzlər və onlar bazarın sabitləşməsi üçün birlikdə işləyə bilərlər”.

Qeyd edək ki, OPEK-Rusiya danışıqlarından öncə hər iki nazir nümayişkəranə şəkildə görüşə birlikdə gəliblər. Bu işə maraqlı olan ölkələrin rəhbərləri bildirirlər ki, söhbət Rusiyanı və OPEK-i özündə birləşdirəcək hansısa ”superkartel”in yaranmasından getmir. Lakin neft bazarında vəziyyət elədir ki, o, əsas oyunçuları variantlara baxmağa məcbur edir. Bir neçə il bundan əvvəl isə belə şeylər mümkün deyildi.

İki neft nəhəngi arasında bu cür yaxınlıq, əsasən bir məqsəd daşıyır: Amerikanın şist neft sənayesinin böyüməsinə qarşı dayanmaq. Beynəlxalq enerji agentliyinin proqnozlarına əsasən, ABŞ 2018-ci ildə dünyada ən böyük neft hasilatçısı və ixracatçısı olmalıdır. 2014-cü ildə Amerikan şist neftinin meydana gəlməsi neftin qiymətinin aşağı düşməsi ilə nəticələnib.

Səudiyyə Ərəbistanı aşağı neft qiymətlərinin ABŞ şist neft hasilatı mövcudluğuna son qoya biləcəyinə ümid bəsləyirdi. Amma buna baxmayaraq, onlar xərcləri azaldaraq möhkəm dayana bildilər. Bu, OPEK-in düşdüyü tələ oldu: sözsüz ki, OPEK ölkələri və Rusiya hasilatı azaltmaqla neftin qiymətinin qalxmasına təsir göstəriblər, ancaq neftin qiymətinin artması, həmçinin ABŞ istehsalçılarına da fayda gətirib və onlar daha çox quyu qazmağa başlayıblar.

Səudiyyəlilərin və rusların daha bir problemi isə neft qiymətinin qalxmasına baxmayaraq, kəşfiyyat və qazma işlərini stimullaşdıracaq investisiyaların qoyulmamasıdır. Fransa neft institutunun illik hesabatına görə, 2017-ci ildə investisiya 389 milyard dollar təşkil edib. Bu, 2014-cü ilin göstəricisindən xeyli azdır. Belə ki, həmin ildə bu sahəyə 683 milyard dollar investisiya qoyulub. Əgər yaxın illərdə iri neft şirkətləri investisiya qoymazlarsa, onda dünya üzrə neft təklifi kifayət etməyəcək.

Rusiya və Səudiyyə, həmçinin daxil siyasi məqsədlər də güdürlər. Səudiyyə Ərəbistanında yalnız neftin yüksək qiymətləri sayəsində şahzadə Mühəmməd ibn Salman özünün ambisiyalı “2030 Üfüqləri” islahat proqramını həyata keçirə və “Saudi Aramco” neft nəhənginin səhm kapitalını əlverişli şərtlərlə açmağa imkan verə bilər. Rusiyada isə uzunmüddətli Qərb sanksiyaları və iqtisadi çətinliklər Vladimir Putin üçün ciddi problemə çevrilib və o, neftin qiymətinin yüksək səviyyədə qalması naminə əlindən gələni edir.

Əgər belə bir alyans yaranarsa, onda bu Səudiyyə Ərəbistanın əsas müttəfiqi ABŞ üçün ciddi strateji problemlər yarada bilər. Əlbəttə ki, Vaşinqtonda Ər-Riyad və Moskvanı birləşdirəcək daimi strukturun meydana gəlməsinə çox pis yanaşırlar.

(“Le Monde”-Fransa)








loading...


Fikrinizi bildirin