“Tualet müxalifəti”nin erməni sevgisi

Dərc olunub: 25/02/2018 - 16:16

qadir ibrQadir İBRAHİMLİ

Avropadan sığınacaq almış bir qrup artıq bütün qırmızı xətləri keçdi. Bu dəfə ermənilərə sevgilərini izhar etməyə başlayıblar. İddia edirlər ki, ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrinə toxunmayıb…

Xocalı soyqırımının ildönümü ərəfəsində ermənilərə bundan böyük hədiyyə ola bilməzdi. Bu ərəfədə Azərbaycanın diaspor təşkilatları soyqırımın tanıdılması üçün müyyən tədbirlər keçirir, yazılar dərc etdirir, ermənilər isə müdafiə olunur. Bu dəfə saxta siyasi mühacilərin ötürməsi sayəsində daha yaxşı müdafiə olundular, videonu paylaşıb, ermənilərin vandal olmadığını isbatlamağa çalışdılar.

Niyə saxta siyasi mühacir? Çünki onların Azərbaycanda siyasətlə məşğul olması və hökumətin təqiblərinə məruz qalması haqda heç bir məlumat yoxdur. Böyük ehtimalla, saxta yollarla müxalifət partiyalarından birinin vəsiqəsini əldə edib və Avropada təminatlı həyata sahib olublar. Hərtərəfli təminat altına alındıqdan sonra isə hökuməti söyməklə “müxalifətçi” imici qazanmağa başlayıblar. Hökuməti tənqid-filan etmirlər, sadəcə, küçə sözləri ilə söyürlər. Heç toplantıda, hansısa siyasi tədbirdə də yox, tualetdə söyüb, videonu çəkib paylaşaraq “qəhrəmana” çevriliblər. Konkret desək, tualet müxalifəti!

Çox təəssüf ki, Azərbaycanda da tərəfdarları tapılıb, dəstək verir, alqışlayırlar. O qədər qazlanıblar ki, artıq özlərini müxalifətin lideri kimi aparırlar. Sanki gündəmi onlar müəyyən edir. O həddə ki, ailəlikcə müsavatçı olan gənc xanıma “tərbiyəsiz mənə ağıl öyrədir, mən burada mübarizə aparanda, sen orada selfi çəkdirirdin, senin işin mənim çıxışlarımı yaymaqdır” deyə, dərs keçirlər. Xanımın “tərbiyəsizliyi” isə adamı etik qaydalara dəvət etməkdən ibarət olub. Bir azdan müxalifət partiyalarının sədrlərini də söyəcəklər. Buna tam əminəm. Çünki o qafada söyüşdən başqa heç nə yoxdur.

Erməni məsələsinə qayıdaq. Bu artıq daha ciddi məsələdir. Qərbin erməni lobbisinə yaxın çevrələri ermənilərə münasibəti dəyişmək üçün bəzi QHT və ictimai fəallarla təmaslar qurub. Təbii ki, Ermənistanı xəritədən silmək qüdrətimiz yoxdur. İşğal edilmiş ərazilərimiz azad edildikdən sonra ermənilərlə münasibətlər normallaşa bilər. Ancaq işğal faktına son qoyulmayınca buna getmək – şərəfsizlikdir! Şəxsən mən, Qarabağ müharibəsinin iştirakçısı olaraq, bunu təhqir hesab edirəm.

Məsələnin ağrılı tərəfi budur ki, Dağlıq Qarabağdan başqa 11 rayonumuz işğal olunub, 1 milyon insan tarixi torpaqlarından qovulub, didərgin həyatı yaşayıb, ancaq indiyə kimi heç bir erməni ziyalısı, yazıçısı, müxalifətçisi, mühaciri Azərbaycan xalqından üzr istəməyib. Ancaq bizim xalq yazıçısından tutmuş, mühacilərimizə qədər, xeyli məxluq ermənilərə sevgisini izhar etməklə məşğuldur.

Ermənilər Azərbaycanın tarixi abidələrini qoruyacaqdılarsa, niyə işğal edirdilər? 2 hədəf var – özününküləşdirmək, bu mümkün olmayanda isə məhv etmək! Bunu anlamaq çoxmu çətindir? Yoxsa erməni lobbisinin təsiri altında olan təşkilatlardan alınan qrantlar bu hissi də tualet müxalifətinə unutdurub?

Tualet müxalifəti o qədər harınlayıb ki, artıq Azərbaycanda yaşayan müxalifətə mübarizə dərsi keçir. Paradoks odur ki, 170 siyasi məhbusun olduğunu deyən müxalifətin bir qismi onlara haqq qazandırır. 170 siyasi məhbus, bildiyim qədər, MDB-nin heç bir ölkəsində yoxdur. Bu yaxınlarda YAP-ın rəhbərlərindən olan Siyavuş Novruzov siyasi məhbusların mövcudluğunu və buna görə Qərbin təzyiqinə məruz qalındığını etiraf etdi. Bir elə fədəkar insanları olan müxalifətin tualet müxalifətinin dəstəyinə nə ehtiyacı var?

Təbii ki, hakimiyyətin tualet müxalifətinin qohumlarını təqib etməsini qətiyyətlə pisləyirəm və buna haqq qazandırmıram. Ancaq tualet müxalifətini də qara yara hesab edirəm.

Müxalifət bu seçkini də artıq uduzub. Protest elektoratın namizədləri seçkiyə qatılmadığından hakimiyyət namizədinə problem yaradacaq namizəd yoxdur. Seçki qanunvericliyinə görə, 100 nəfər səsverməyə getsə və bunun da 51-i hakimiyyət namizədinə səs versə, o seçkinin qalibi olacaq. Nəzərə alsaq ki, istənilən hakimiyyətin 20-25 faiz sabit elektoratı olur, onda nəticələri hesablamaq çətin deyil. İndi müxalifətin əsas məqsədi qüvvələri qorumaq, tərəfdarlarının əlavə təqib olunmasına imkan verməmək və növbəti mərhələyə hazırlaşmaqdır.

P.S. Seçkidə iştirak etməyəcəyəm, heç bir namizədi də dəstəkləməyəcəyəm.










loading...


Fikrinizi bildirin