“RUSİYA PREZİDENTİ MONARX ROLUNU OYNAYIR...” – “Putin SSRİ-nin apardığı siyasəti təkrarlayır”

"Amerikalılar 1996-cı ildə Yeltsinin yenidən seçilməsinə açıq şəkildə kömək ediblər"

Rusiya prezidentləri Boris Yeltsin və Vladimir Putinlə şəxsi tanışlığı olan ərəbşünas, diplomat və siyasətşünas Vladimir Fedorovski, həmçinin Rusiya siyasətinin pərdə arxasının mahir bilicisidir. Bu səbəbdən dolayı, Qərb mediası Fedorovskiyə böyük maraq göstərir.

“AzPolitika” Fedorovskinin Fransanın məşhur “Le Figaro” qəzetinə müsahibəsinin tərcüməsini təqdim edir:

- Rusiyanın tarixi barəsində sizin fikriniz necədir?

- Bizim tariximiz hədsiz qəddardır. Aleksandr Yakovlev (Sovet və Rusiya siyasi xadimi-red.) bunu 3 rəqəmlə ümumiləşdirir: 25 milyon insan Lenin, Trotski və Stalin idarəetməsinın qurbanı olub; 27 milyon insan İkinci Dünya Müharibəsində ölüb; SSRİ-nin dağılmasından sonra inflyasiya 2500% olub. Bu rəqəmlərin heç biri insan ağlına sığmır: mənim xalqımın əzabları bütün təsəvvürlərin sərhəddini aşır. Nəhayət, bu ağır dramın hökmünə tabe olmayan nəsillərin bir-birinə ötürdüyü ənənə mövcuddur: bu sivilizasiya dünyaya Çaykovski və balet, Tolstoy və ya Dostoyevski kimi yazıçılar bəxş edib.

- Siz 90-cı illərdə Putinlə görüşübsünüz, onda o, Sankt-Peterburq meri Anatoli Sobçakın köməkçisi idi. Həmin vaxtlar Siz onun gələcəkdə kim ola biləcəyini təsəvvür edə bilərdinizmi?

- Xeyr, mən heç zaman təsəvvür edə bilməzdim. Putin qapalı adam olub, ilk öncə o öz gücünü göstərməyib. Eyni zamanda da o, hələ DTK agenti olub və həmsöhbəti mimikriyanın köməyilə özünə cəlb etmək baxımından kəşfiyyat xidmətinin texnikasını gözəl bilib. Putin söhbət etdiyi adamların jestini təkrar edərək, sakitcə özünə qarşı inam yaradıb.

- Siz yazırsınız ki, Putin “21-ci əsrin birinci çarıdır”. Bunu deməklə nəyi nəzərdə tutursunuz?

- Rusiya prezidenti praktik olaraq monarx rolunu oynayır. O, əmindir ki, ölkədə siyasi sabitlik vacibdir və istəyir ki, bunu həyata keçirsin. Rusiyanın bütün siyasi əsatirinin böyüklüyə can atması xüsusiyyəti rejimin imkanları çərçivəsinə sığışmır. Bizdə indiyədək Birinci Pyotrla müqayisədə Stalin daha çox populyardır. Ruslar artıq sovet hakimiyyətinin cinayətləri barəsində söhbətləri eşitmək istəmirlər. Onların fikrinə görə, Stalin dünyanı Hitlerdən xilas edib və onun möhtəşəm fiquru mənim müasirlərimi heyran qoyub. Stalin Yeltsin rəhbərliyi zamanı yaşadığımız və geniş yayılmış korrupsiyadan fərqli olaraq, daha barışmaz kommunizmi təcəssüm etdirir.

Putin SSRİ-nin övladıdır. O, bir fraza ilə bunu çox yaxşı ifadə edib: “Kim ki, Sovet İttifaqının dağılmasından təəssüf duymursa, onda onun qəlbi yoxdur. Kim ki, təəssüf edir -onun başı yoxdur”. O hesab edir ki, inqilab, daha sonra kollektivləşdirmə faydalı və maraqlı təcrübə olub. Bundan əlavə bugünkü rusiyalıların 80%-i SSRİ dövrü üçün nostalgiya hissləri keçirir. Putinin bunu diqqətə almaması axmaqlıq olardı. Buna baxmayaraq, mən ən azından iki məqamı tənqid edirəm. Birincisi - Rusiyada azad mətbuatın olmamasını. Biz bunu əldə etmək naminə mübarizə aparmışıq və bu gün müxtəlif ideyaların müzakirə edilməsi ölkəmiz üçün çox vacibdir. İkincisi - iqtisadi inkişaf. Biz elə əvvəlki kimi yenə də neft və qazdan hədsiz dərəcədə asılıyıq.

- Siz öz kitabınızda casusluq və SSRİ zamanındakı gizli intriqalar barəsində yazırsınız. İndi rus hakerləri digər ölkələrin seçkilərinə müdaxilə edirlər, nə əcəb Şərqdə xarici siyasət sahəsində heç nə dəyişilməyib?

- SSRİ zamanı təbliğat daha incə idi. Bu gün Rusiyanın 2016-cı ildəki ABŞ prezident seçkilərində mühüm rol oynamasına inanmıram. Amma amerikalılar 1996-cı ildə Yeltsinin yenidən seçilməsinə açıq şəkildə kömək ediblər. Rusiya təbliğatından danışarkən, həmişə nəzərə almaq lazımdır ki, təbliğat bu və ya digər düşərgənin təbliğatı məfhumuna aid olmur. O ki qaldı Yaxın Şərqə, Putin SSRİ-nin apardığı siyasəti təkrarlayır. Bu strategiyanın əsası hələ 1917-ci ildən qoyulub. Putin Rusiyanın islamizmə qarşı qalxan olduğu ideyasını səsləndirir. Bu ideya ən azından 16-cı əsrə - İvan Qroznının dövrünə aiddir. Buna onun Şərqdəki xristianları dəstəkləməsi şahidlik edir. Qahirədə olarkən Rusiya prezidentinin portretinin bazardan tutmuş, hər yerdə olması məndə təəccüb doğurdu. Bu məsələdə Putin özünün sağ əli olan Medvedyevə güvənir. Moskva patriarxı Kiril isə Qərb dünyası barəsində çox kəskin sözlər söyləyir.

- Siz, özündə improvizasiya və naşılıq elementləri birləşdirən soyuq müharibənin dirçəlməsinin şahidi olmağımızla razısınızmı?

- Soyuq müharibə dövründə tarazlığın qorunmasına imkan verən qaydalar indi ortadan qaldırılıb. Amerikanlar Rusiyanın rekord bir müddət ərzində öz ordu modelini bərpa edə biləcəyini dəyərləndirə biməyiblər. İndi bəlkə də, Rusiya ordusu dünyada ən güclü olub. Rusiyaya qarşı ticarət sanksiyası Putini yalnız daha da güclü edib. Halbuki, bu sanksiyalar onun vəziyyətini sabitsizləşdirməli idi. Sanksiyalar ilk növbədə xalqın dərin nifrət bəslədiyi Rusiya oliqarxlarına toxunub. Bütün bunların hamısı Qərbdəkilərin vəziyyəti tamamilə görmədiklərini nümayiş etdirir.

Qərbin Rusiyaya olan marağının itməsi, onu Çinlə münasibətləri möhkəmləndirməyə yönəltdi. Qərb ölkələri onların maraqlarına cavab verən siyasətə üstünlük verməlidirlər. Aktual istiqamət terrorizmlə mübarizədir ki, burada da, Yuqoslaviya münaqişəsində olduğu kimi beynəlxalq koalisiya yaradılmalıdır. Həmin koalisiyada Rusiyanın iştirakı isə çox vacibdir. Hillari Klintonun rusiyalılara qarşı ikrahla yanaşması onların qətiyyən xoşuna gəlmir. Ruslar özlərini təhqir olunmuş hiss ediblər. Həmçinin Obamanın 2014-cü ildə Rusiya barəsində BMT-də söylədiyi fikir mənim həmvətənlərimin heç xoşuna gəlməyib. Həmin çıxışı zamanı Obama demişdi ki, Ebola virusundan sonra dünyaya ən böyük təhlükə Rusiyadır!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar