“Heydər Əliyev mənə “sağlıq olsun, baxarıq” dedi...” - Fəzail Ağamalı

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir.

Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər. Modern.az saytının “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.

Budəfəki müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalıdır.

Deputat bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib.

Heydər Əliyevlə ilk görüşündən xatirə...

“Müstəqil dövlətimizin qorunub saxlanılmasında yeganə qarant rolunu oynaya biləcək tarixi şəxsiyyət, Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə birinci görüşümü çox böyük məmnuniyyətlə xatırlayıram. Bu görüş Naxçıvanda baş tutdu. Görüşümüz 40-50 dəqiqə aralığında oldu. Orada Azərbayacanda baş vermiş hadisələr və həmin hadisələrin gedişi, müstəqilliyə gedən yollar ətrafında söhbətlərimiz oldu. Mən bu görüşdən çox şey götürdüm və öyrəndim. Görüşdən sonra Heydər Əliyevlə sağollaşanda üzümü ona tutub söylədim ki, “tarix sizin kimi şəxsiyyətləri çox nadir hallarda dünyaya gətirir, formalaşdırır və millətə təqdim edir. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondadır ki, sizin kimi nəhəng siyasətçisi və dövlət xadimi var. Bu tək mənim yox, Azərbaycan xalqının arzusudur ki, siz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün ölkənin böyük siyasətinə qayıtmalısınız. Sizdən xahişim odur ki, Azərbaycan xalqı sizə əlini uzadanda onun əlləri göydə qalmasın”. Heydər Əliyev isə mənə “sağlıq olsun, baxarıq” deyərək, təbəssümlə yola saldı”.

“Elə bir şərait yaratmırdım ki, o mənə əsəbləşsin”

Deputat xatırladıb ki, Heydər Əliyevlə onun çoxsaylı görüşləri olub.

“Mən onunla münasibətlərimdə son dərəcə ölçülüb-biçilmiş sözümlə, hərəkətimlə, məsuliyyətimlə olurdum. Elə bir şərait yaratmırdım ki, o mənə əsəbləşsin, mənim davranışlarıma görə narahat olsun. Ola bilərdi ki, Heydər Əliyev ümumi tədbirlərdə zarafat edirdi. Amma mənimlə görüşdə bunu etmirdi. Mən ona atam yaşda olan insan , şəxsiyyət kimi yanaşırdım və hörmət edirdim. Etik davranışlarına da birmənalı olaraq hörmət edirdim. Şükürlər olsun ki, xalqımız ən çətin vəziyyətdə olanda üzünü məhz Heydər Əliyevə tutub. O da xalqla bərabər oldu”.

Deputatın ən yadda qalan görüşlərindən biri də Azərbaycanın digər mərhum eks -prezidenti Əbülfəz Elçibəylə olub.

“Elçibəy Kələkidə, Ayaz Mütəllibov Moskvada oturub deyirdi ki, prezident mənəm”

“Əbülfəz Elçibəy mənim müəllimim olub. Mən Bakı Dövlət Universitetində üçüncü kursda oxuyarkən Əbülfəz Elçibəy mənə dərs deməyə başlamışdı. Onunla universitetdə tanış olduq və dostlaşdıq. Onunla fikirlərimiz üst-üstə düşürdü. O da Azərbaycanın müstəqil olmasının və əsarətdən qurtarılmasının bir nömrəli tərəfdarı idi. Mən də eyni zamanda, onunla görüşəndə bu hissləri özümdə daşıyan bir insan idim. Onunla münasibətlərimiz dostluq səviyyəsinə yüksəlmişdi. Hərəkat dövründə bir yerdə olduq. Onunla mənim bəzi məsələlərdə fikir ayrılığımız olurdu. Mən öz fikirlərimi bildirirdim. Amma etiraf etməliyəm ki, ona böyük hərmətim olub. Onun 1993-cü ilin iyunundan Bakını tərk etməsi məndə münasibətlərimizə ciddi təsir göstərə biləcək ciddi suallar doğurdu. Bu suallar hələ də cavabsız qalıb.

Daha sonra isə Heydər Əliyev xalqın tələbi ilə Milli Məclisin sədri vəzifəsinə gətirildi. Bundan sonra Əbülfəz Elçibəy bəyanatla çıxış etdi ki, “mən prezidentəm!”.

Referendum keçirildi və Əbülfəz Elçibəyə tam olaraq etimadsızlıq göstərildi. Xalq ona “Yox!” dedi. Bu referendum çox demokratik, ədalətli və şəffaf keçirilmişdi. Çünki Əbülfəz Elçibəy və onun komandası xalqın etimadını itirmişdi. Ondan sonra da Əbülfəz Elçibəy bəyanatlarla çıxış edirdi ki, “ölkənin prezidenti mənəm”.

1993-cü ildə Heydər Əliyev seçkilərdə xalqın etimadını qazanaraq Azərbaycanın prezidenti seçildi. Yenə də Əbülfəz Elçibəy Kələkidə oturub deyirdi ki, “mən bu ölkənin prezidentiyəm”. Ayaz Mütəllibov da Moskvada oturub deyirdi ki, “mən Azərbaycanın prezidentiyəm”. Mən burada da öz sözümü dedim. Xüsusi bəyanatlarımla çıxış etdim”.

“Elçibəy məni bir gün qəbul etmədi”

Deputat 1994-cü ilin oktyabr ayının sonlarında öz təşəbbüsü ilə Kələkidə Əbülfəz Elçibəylə görüşdüyünü xatırladıb.

“Mən Elçibəylə görüşə oğlum Elçinlə getmişdim. Amma Elçibəy məni bir gün qəbul etmədi. Nəhayət, onunla görüşümüz baş tutdu. Ona dedim ki,” xalqın böyük etimadı ilə ölkənin prezidenti seçilib. Bu da Heydər Əliyevdir. Siz burada deyirsiniz ki, ölkənin prezidenti mənəm, Ayaz Mütəllibov da Moskvada deyirki, mənəm. Bu ölkənin neçə prezidenti olmalıdır ki? Hüquqi və faktiki baxımdan ölkənin prezidenti Heydər Əliyevdir. Xahiş edirəm, gəlin Bakıya müxalifətdə durun və müxalifət partiyalarını ətrafınıza yığın. Bununla da ölkə normal şəkildə idarə olunsun”.

Əbülfəz Elçibəy mənə dedi ki, “öz prinsiplərimdən dönən deyiləm”. Soruşdum ki, “sizin prinsiplər nədir?” Dedi ki, “mən ölkənin prezidentiyəm və mənim hüquqlarım pozulub”. Mən isə ona söylədim ki, “sizin baxışlarınızla mənimki tamamilə ziddiyət təşkil edir. Ona görə də bizim yollarımız ayrılır”. O da mənə dedi ki, olsun. “Sağolun, salamat qalın” deyib Bakıya qayıtdım. Bundan da sonra Əbülfəz Elçibəylə ara-sıra məclislərdə görüşürdük. Mən yenə də müəllim kimi onun hörmətini saxlayırdım. Beləcə də bizim münasibətlər yekunlaşdı”.

“Elçibəyin ailəsi ilə əlaqələrim var”

Fəzail Ağamalı deyib ki, Əbülfəz Elçibəyin ailəsinə qarşı münasibəti bir qram da dəyişilməyib.

“Onun yaxınları , ailəsi ilə bu gün də əlaqələrim var. Onlar mənə, mən onlara zəng vururam. Onların bir problemi olursa, həll etməyə çalışıram. Bu gün də Əbülfəz Elçibəyə millətini sevən, Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər yeri və rolu olan Azərbaycanın görkəmli oğlu kimi yanaşıram. Çoxlarından, ona xəyanət edənlərdən fərqli olaraq münasibətim bu günə qədər dəyişməyib”.

635x100

Şərhlər

turksoy 2018-02-28 19:30:31

salam. .....goresen buna basa salan yoxdur ki bu durust adam deyil.......Allah rehmet etsin Elcibeye.Gunahdir ki onun adini fezail kimisi hallandirir. Men cox gozel bilirem ki Heydar Aliyev de onunla bağlı yaxşı fikirdə deyildi

ABDULQADIR- SUAL 2018-02-28 19:30:31

........

SUAL 2018-02-28 19:30:31

BAŞA DUŞMƏDİK ƏBULFƏZ ƏLİEVƏ SƏDAQƏTDƏ VƏ YA XƏYANƏTDƏ MUNASİBƏTİNİZ DƏYİŞMƏYİB? CUNKİ MUNASİBƏT DEYİLİR AMMA ADİ YOX. NƏDƏN?

Son yazılar