"İNTİHAR ETMƏKDƏN BAŞQA ÇARƏM QALMAYIB..." - EHM Zavodunun işçisinin ailəsi kömək istəyir

"Daha bu qədər haqsızlğa dözə blmirəm. İntihar etməkdən başqa çarəm qalmayıb". Bunları Birinci vitse-prezident Mehriban Əliyeva və Daxili işlər naziri Ramil Usubova müraciət edərək, onlardan kömək istəyən Bakı şəhər sakini Sultan Həsənova bildirib.

Yenidən "AzPolitika.info"nun redaksiyasında olan şikayətçi Sultan Həsənova Elektron Hesablayıcı Maşınlar (EHM) Zavodunun rəhbərliyinin öz işçisinə sahib çıxmamasından, 96 nömrəli Mənzil Kommunal Təsərrüfat Birliyinin əvvəlki rəhbərliyinin saxtakarlığa yol verməsindən, həm də Xətai Rayon İcra Hakimiyyətinin bunlara göz yummasından şikayətçidir: "Yoldaşım haqsızlıqlara, şəraitsizliyə dözməyərək, ağır xəstəliklərə düçar oldu. Hazırda birinci dərəcəli əlildir.  Dolanışığımız həddən artıq ağırdır. Ancaq  bilmirik bunların dərdini çəkək, yoxsa pozulan hüquqlarımızın. 26 ildir ki, bizim mənzil hüququmuz pozulur. Həyat yoldaşım Firdovsi Həsənov 36 il Elektron Hesablayıcı Maşınlar (EHM) Zavodunda mühəndis işləyib. Bu zavoda təyinatla gəlib. Qaldığımız yataqxanadakı mənzilin iki otağını zavodda işləməyən bir şəxs mənimsəyib. Ümidim ancaq Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya və Daxili işlər naziri Ramil Usubova qalıb. Ancaq Mehriban xanım bizi bu müsibətdən qurtara, uzun illər boyu yaşadığımız 12 kvadrat metrlik bir otaqda şəraitsizlikdən xilas edə bilər. Hörmətli nazirimiz Ramil Usubovdan isə bizim haqqımız olan otaqları saxtakarlıqla başqalarına verənləri, həmin mənzilləri saxta sənədlərlə ələ keçirənləri cəzalandırılmasına dair göstəriş verməyi xahiş edirik".

Sultan Həsənovanın sözlərinə görə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dəfələrlə onların problemini həll edəcəyinə söz versə də, vədinə əməl etməyib: "Ötən ilin sonlarında Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizov işdən azad ediləndən sonra başçının qəbuluna getmişdim. Bizə verilməli olan otaqların saxtakarlıqla ələ keçirilməsinə 2001-ci ildən 2017-ci ilə kimi Xətai rayon İcra Hakimiyyətində Hüquq şöbəsində əvvəlcə hüquqşünas, sonra isə hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış Teymur Əzizovun da göz yumduğunu bildirdim. Razim Məmmədov elə ordaca İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri İsmayıl müəllimə tapşırdı ki, bu ailənin məsələsini təcili həll etmək lazımdır. Dedi ki, bu xanım dəfələrlə bura gəlib, təcili zəbt olunan evi boşaldıb, onlara qaytarmaq lazımdır. Ancaq həmin vaxtdan neçə ay keçsə də, problem həll olunmadı. Bu gün (Martın 5-də) yenidən Xətai İcra Hakimiyyətinə getmişdim. Bu dəfə məni heç dinləmək belə istəmədilər, polis çağırıb İcra Hakimiyyətindən uzaqlaşdırdılar. Biz dərdimizi kimə deyək, kimdən kömək istəyək?".

Sultan Həsənova bildirdi ki,  Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi faktiki olaraq onların mənzilinin zəbt olunmasına şərait yaradıb: "Yoldaşım Həsənov Firdovsi Alırza oğlu Azərbaycan Dövlət Unversitetinin tətbiqi-riyaziyyat fakültəsini bitirib. Gənc mütəxəssis kimi təyinatla EHM zavoduna göndərilib və 36 il orada işləyib. Bizim hazırda yaşadığımız Şıxlinski 59 ünvanındakı 3 otaqlı mənzil də vaxtilə gənc mütəxəssislər üçün müvəqqəti yaşayış sahəsi kimi 3 ailəyə verilmişdi. 29 sentyabr 1986-cı ildə otaq bölgüsü aparılmışdı. Otaqlardan biri bizə, digərləri isə Məmmədov Eldəniz Yəhya oğluna və Şükürov Şamil Əvəz oğluna verilmişdi. 1986-cı ildə ayrılmış bu yataqxana yalnız gənc mütəxəssislərə verildiyinə və Şamil Şükürov gənc mütəxəssis olmadığına görə, 96 nömrəli Mənzil Kommunal Birliyi qeydiyyata götürmürdü. Ancaq bir il sonra o, hansısa yolla zavoddan saxta məktub əldə edərək (03.06.1987 tarixli verilmiş saxta məktuba), mənzildə gənc mütəxəssis kimi qeydiyyata düşdü. Bu saxtakarlığın sonrakı illərdə davam etdirilməsi bizim ailəmiz üçün faciələrə səbəb oldu".

Sultan Həsənovanın sözlərinə görə, Şamil Şükürov sonrakı illərdə də saxta yolla onların haqqını mənimsəyib: "Bizimlə birgə yaşayan Eldəniz Məmmədov 1984-ci il 5 dekabr tarixində gənc mütəxəssis kimi işə qəbul edilmişdi. 7 il işlədikdən sonra 1991-ci ilin yanvar ayında işdən azad edildi və yaşadığı otağın qapısını bağlayaraq başqa yerə köçdü. Sonradan öyrəndik ki, Rusiyada bizneslə məşğuldu. Buna görə də ona verilən mənzil geri alınmalı idi. Ancaq 96 nömrəli Mənzil Kommunal Təsərrüfat Birliyi saxtakarlıq edərək, onu 2007-ci ilə qədər qeydiyyatda saxladı. Həmin ilə qədər kommunal xərcləri də o ödəyib. Bunu sənədlər də sübut edir.

Ancaq bizimlə birgə yaşayan 3-cü şəxs - Şamil Şükürov hansısa yolla yenə zavodun Həmkarlar Komitəsindən saxta sənəd əldə edib ki, guya 1993-cü ildə Eldəniz Məmmədovun boşaltdığı otaq ona verilib. Halbuki, Şamil Şükürov özü 1991-ci ildə zavoddakı işindən azad edilib. Bunu sübut edən konkret sənədlər, şahidlər var.  Yəni, Şamil Şükürov da ümumi qaydalara əsasən, 1985-ci ildə işə götürülmüş və 5 il işlədikdən sonra 1991-ci ilin fevral ayıında işdən azad edilmişdir. İşdən çıxdıqdan sonra şəxsi biznesini qurmuşdur və zavodla heç bir əlaqəsi olmamışdır. Bu üzdən də zavod tərəfindən ona verilən otaq da geri alınmalı idi.

Bunu əsas götürən həyat yoldaşım Firdovsi Həsənov dəfələrlə hazırda yaşadığımız yataqxananın mənzil kimi bizə verilməsi üçün zavod rəhbərliyinə müraciət etsə də, müsbət bir nəticəsi olmadı. Gözlədikləri pulu vermək imkanımız olmadığına görə, şikayətlərimizə baxılmamışdır. Əvəzində Şamil Şükürov, nəinki vaxtilə ona verilmiş, ancaq işdən çıxdıqdan sonra qaytarmalı olduğu otağa, hətta fırıldaqçılıqla Eldəniz Məmmədovun da otağına sahibləndi. Belə ki, Eldəniz Məmmədovun qapısını bağlayıb getdiyi otağına Şamil Şükürov əvvəlcə pəncərədən qanunsuz şəkildə girərək, oranı zəbt etdi. Sonra da məhkəməyə saxta sənədlər təqdim etməklə, Eldəniz Məmmədovun otağını da ələ keçirməyə nail olub. 96 nömrəli Mənzil Kommunal Təsərrüfat Birliyinin əvvəlki rəhbərliyi və Xətai Rayon İcra Hakimiyyəti bu saxtakarlığa göz yummaqla, qanunsuzluğa şərik olublar".

Sultan Həsənovanın sözlərinə görə, Şamil Şükürov zavodda işdən çıxdıqdan sonra dəfələrlə müraciət etsələr də, onun həmin otaqdan çıxarılması üçün heç bir tədbir görülməyib: "2007-ci ilədək dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Ancaq heç bir tədbir görülməyib. 2007-ci ildə EHM zavodu tərəfindən Şamil Şükürova 25 illik saxta əmək kitabçası verilib. Eyni sənədi heç yerdə işləmədiyi halda həyat yoldaşına da alıb. Özü 1991-ci ildən işdən çıxdığı halda, saxtakarlıq edilərək, 2006-ci ilədək EHM-də çalışdığı göstərilib. Eyni zamanda o, 1985-ci ildə ümumi qaydalarla qəbul olmasına baxmayaraq, saxta sənədlər əsasında 1981-ci ildən gənc mütəxəssis kimi işlədiyi göstərilib. Bütün bunların saxta olduğunu sübut edən sənədlər əlimizdədir. Eldəniz Məmmədovu qeydiyyatdan çıxarmaq üçün həmin saxta sənədləri təqdim edərək, məhkəməyə müraciət etdik. Eldəniz Məmmədov da həmin vaxt bizi "oynuna salaraq" aldatdı. Otağın 36 ildir həmən zavodda işləyən yoldaşıma veriləcəyini desə də, Şamil Şükürovun saxtakarlığında iştirak etdi".

Sultan Həsənova bildirir ki, bu saxtakarlıqlarla bağlı dəfələrlə ölkə rəhbərliyinə müraciətlər edib. "Həmin müraciətlər də baxılmaq üçün Bakı Şəhər İcra Hakimyyətinə, ordan da Xətai Rayon İcra Hakimyyətinə və EHM zavoduna göndərilir. Ancaq onlar da heç bir tədbir görmürlər. Xətai Rayon İcra Hakimyyətinin hüquqşünası İsmayıl müəllim deyirdi ki, məsələ zavodluqdur. Ancaq zavod rəhbərliyi üzərindən atır.  Görünür, Şamil Şükürov hansısa yollarla hamını "razı salmağı" bacarıb. 96 nömrəli Mənzil Kommunal Təsərrüfat Birliyinin əvvəlki rəhbərliyi saxtakarlığa yol verərək, 3 otaqlı evi 4 otaqlı kimi göstərib ki, 2 otaq Şamil Şükürova verilsin. Ancaq hüquq-mühafizə orqanları bu saxtakarlığı araşdırmaq istəmirlər."

Sultan Həsənova qeyd edir ki, Şamil Şükürovun saxtakarlıqla ələ keçirdiyi həmin otaqlara nə hüququ, nə ehtiyacı var: "1991-ci ildən sonra zavodla hec bir əlaqəsi olmayıb, biznesini qurub. 2 yerdə evi, 2 maşını var. Bunu Xətai Rayon İcra Hakimyyətində də, zavodda da yaxşı bilirlər. Ancaq heç kim tədbir görmür. Nəticədə də biz 32 ildir ki, 12 kv.metrlik bir otağa sığınıb qalmışıq. Bir övladımı da həmin mənzildə şəraitsizlikdən itirmişəm. Yatmağa normal yeri olmadığından başına soyuq oldu, miningit xəstəliyinə tutularaq vəfat etdi. Özüm ürək, zob, şəkər tapmışam. Yoldaşım da əsəbdən, stresdən epilepsiya xəstəliyinə tutuldu, 1-ci qrup əlil oldu. Hazırda da yaddaş pozğunluğundan (atrafiyadan) əziyyət çəkir. Şəraitsizlik bizim ailə üçün belə ağır nəticələr verib".

Sultan Həsənova deyir ki, hazırda oğlu evlənmək yaşına çatsa da, şəraitsizlikdən ailə qura bilmir: "Öladlarımızın yanında xəcalət çəkirik. Biz zəhmətkeş insanlar olmuşuq, daim dövlətimizə xidmət etmişik. Yoldaşım EHM zavoduna həyatını verib. Bizim gunahımız nədir ki, bizə zülm etdirlər? 32 ildir 12 kv.metrlik bir otaqda yaşayırıq. 26 ildir mənzil hüquqlarımız pozulur. Özü də saxta sənədlərlə... Ona görə də aidiyyəti qurumlardan haqqımız olan otaqların bizə verilməsinə köməklik göstərmələrini xahiş edirik. Mən, bir ana kimi hörmətli vitse-prezidentimiz, imkansızların ümid yeri olan Mehriban xanım Əliyevaya müraciər edirəm. Mehriban xanımdan bu haqsızlığa son qoyulmasına göstəriş verməsini  xahiş edirəm.Qanunla bizə çatmalı olan otaqların boşaldılaraq, ailəmizin ixtiyarına verilməsini təmin etmələrin xahiş edirəm. Bir ana olaraq, bir zəhmətkeş qadın olaraq ümidim hörmətli vitse-prezidentimizədir. Onun bizim səsimizi eşidəcəyinə inanıram!

Eyni zamanda hörmətli nazirimiz Ramil Usubova müraciət edirəm. Saxta sənədlərlə bizim mənzilimizi zəbt edənlərin, buna bilavasitə şərait yaradanların məsuliyyətə cəlb olunmasına göstəriş verməsini xahiş edirəm".

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. 

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar