PUTİNİN SUPERSİLAHLAR HƏDƏSİ QƏRBİ QORXUDUR – Rusların isə xoşuna gəlir!

Dərc olunub: 07/03/2018 - 00:19

putin01

Rusiya prezidenti öz çıxışında bir qədər uzağa gedib, amma onun bu cür aqressiv mövqeyinə səbəb ABŞ-ın bəzi hərəkətləridir. Federal yığıncaq zamanı Vladimir Putinin sərt və döyüşkən tondakı çıxışı dünyada təəssüratsız ötüşə bilməzdi. Prezident Putinin çıxışı soyuq müharibədən sonra Rusiya və Qərb arasındakı münasibətlərin inkişaf dinamikasının məntiqi nəticəsidir.

Başlanğıc üçün onun çıxışının daha neytral olan hissəsinə diqqət edək. Prezident hər il rəsmi surətdə ölkəyə ünvanlanmış müraciət səsləndirir. Lakin bu dəfə həmin müraciət yerinə Putinin seçki kampaniyası çərçivəsindəki çıxışı yer aldı. Öncədən gözlənildiyi kimi, 18 mart seçkilərində o, dördüncü prezidentlik müddətinə seçiləcək.

Beləliklə, onun iki saatlıq çıxışı əsas etibarıyla daxili auditoriyaya istiqamətlənib. Öz çıxışının birinci saatında prezident növbəti altı illik müddətinin sonuna kimi Rusiyadakı əhalinin adam başına düşən gəlirini iki dəfə artıracağı və yoxsulluq həddində yaşayan (20 milyon nəfər) vətəndaşların sayını isə iki dəfə azaldacağı barəsində söz verib. Amma bunlar üçün pulun haradan götürülməsi haqqında isə heç bir şey söylənilməyib: seçki kampaniyası elə seçki kampaniyasıdır.

Lakin bütün dünya üçün onun çıxışının son hissəsi gözlənilməz oldu. Prezident, tamamilə qeyri-adi tərzdə ictimaiyyətə Rusiyanın yeni strateji silahlarını nümayiş etdirdi. Bu silahlar qalib gəlmək və ya qarşıdurmanın gedişində müharibədən qaçmaq üçün nəzərdə tutulub. Bu istiqamətdə Rusiya ilə rəqabətdə olan yeganə dövlətin kimliyini tapmaq çətin deyil. Əlbəttə, burada söhbət Birləşmiş Ştatlardan gedir. İxtiyarında istifadəyə hazır 1710 ədəd nüvə silahı olan adam, heç də hər gün qrafik animasiyanın təqdimatı ilə rəqibin necə bombardman ediləcəyi mövzusunda çıxış etmir.

Rusiya prezidentinin dünyada anoloqu olmayan bu yeni silah barəsində söylədiklərində fantaziya payının nə qədər olmasını hərbi ekspertlər hələ uzun müddət müzakirə edəcəklər. Ancaq elə şeylər var ki, onu demək lazımdır: ”Sarmat” Qitələrarası Ballistik Raketi reallıqdır. ”Dünyanın sonu” adlandırılan bu torpedo ABŞ tərəfindən təhlükə kimi qəbul edilir. Həm də ki, rusların özləri də uzun müddətdir ki, manevr edən hipersəs raket bloklarının hazırlanması barəsində danışırdılar.

İndi aydındır ki, Putinin təşəbbüsü ilə 2008-ci ildən aparılan modernləşdirmədən sonra Rusiya özünün yeni hərbi gücünü nümayiş etdirməyə hazırdır. 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə müdaxilə olunması öz nəticəsini verdi. Həmin müdaxilə bir tərəfdən öz silahlarını sınaqdan keçirmək üçün Rusiyanı poliqonla təmin etdi, digər tərəfdən isə ona öz hərb maşınını fəaliyyətdə göstərməyə imkan yaratdı.

Ümumiyyətlə isə, Rusiya ordusunun modernləşdirilməsi Qərb KİV-lərinin diqqətini az çəkirdi. Bəlkə də onlar acı həqiqəti etiraf etmək istəmirlər. Putin öz aqressivliyinin səbəbini izah edir: geosiyasət!

Rusiya soyuq müharibədən zəif və taqətdən düşmüş halda çıxdı, bunun əksinə olaraq, ABŞıın başçılıq etdiyi NATO keçmiş sovet təsir sferasında olan ərazilər hesabına tədricən genişləndi. Genişlənmə hərəkatının kulminasiyası 2004-cü ildə Baltik ölkələrinin NATO-ya daxil olmasıdır.

Hələ 1997-ci ildə Amerika diplomatiya korpusunun başçılarından biri Corc Kennan bildirmişdi ki, NATO-nun irəliləməsi Rusiyanı demokratiyadan uzaqlaşdıracaq və onun Qərbə qarşı aqressiyasına səbəbi olacaq. O, tamamilə haqlı idi.

Gürcüstan ilə müharibə (2008) və Ukraynadakı hadisələr (2014) NATO-nun genişlənməsinin yaratdığı vəziyyətin əyilmə nöqtəsi oldu. Öz çıxışında Putin deyib: ”Rusiyanın önünü kəsmək alınmayıb”.

Lakin digər cəbhələr açıq qalmışdı. 2002-ci ildə ABŞ Raket Əleyhinə Müdafiə sistemlərini məhdudlaşdıran müqavilədən çıxanda, bu Moskva üçün həyəcan siqnalı idi. Bu məqsədlər üçün Polşa və Rumıniyada yaradılan bazalar Putinə olan etibarsızlığı möhkəmləndirdi. Çünki hələ 2004-cü ildə Putin yeni silahın işlənib hazırlanmasının vacibliyini söyləyərək, xəbərdarlıq etmişdi.

Nəhayət, siyasi meydanda Donald Tramp var. Bu ilin əvvəlində özünün ardıcıl olmayan siyasəti ilə, Amerika prezidenti ABŞ-ın nüvə silahı arsenalına yenidən baxılacağını bildirir. Tramp, müharibədən qaçmaq istəyinə bəraət qazandırmağa çalışsa da, amma praktikada o, Rusiya hərbi doktrinasınını müddəlarında nəzərdə tutulduğu kimi, nüvə bombasından adi hücumlara cavab olaraq istifadə edilməsini önə çəkir. Belə ki, o, hazırki dağıdıcı döyüş başlıqlarından fərqli olaraq, daha yaxşı manevr qabiliyyətli və istifadə zamanı daha əlverişli bombaların yaradılmasına çağırışlar edir.

Hər iki tərəfin qarşıdurmadan qaçmasını iddia etmək və Moskvanın qorxusunun şişirdilməsini söyləmək olar. Həmçinin, 80 faizli reytinqi ilə Putinin seçicilərin gözündə yüksəlmək istəyini də nəzərə almalıyıq. Digər tərəfdən, Putin qorxuya düşmüş Qərb qarşısında daha əzəmətli görünmək niyyətindədir.

Amma unutmaq olmaz ki, Çindən fərqli olaraq, Rusiya çöküş yaşayan dövlətdir. Geosiyasətin atası sayılan Corc Fridmanın sözlərini yadınıza salın. Deməli, məhz çöküş keçirmə səbəbindən irəli gələrək, Rusiyanın özünü təsdiq etmək cəhdləri böyük təhlükə hesab edilməlidir.

İş ondadır ki, “Atomçu alimlərin bülleteni” jurnalı “Məşhər günü” ilə əlaqədar saat əqrəbini təhlükəli gecəyarısı nöqtəsinə tərəf çəkməkdə haqlıdırlar (1947-ci ildən jurnalın ekspertləri dünyadakı nüvə təhlükəsi səviyyəsini göstərmək üçün “Məşhər günü saatı” alleqorik terminindən istifadə edirlər).

(“Folha”)


loading...




Fikrinizi bildirin