Gəl gedək

Nurəddin İsmayıl

Gəl gedək, canım-gözüm,

Gedək,

könüllərin sıxılmayan yerinə.

Qapısından içəri

kimsənin girmədiyi,

insanın insandan hələ

söz alıb

söz vermədiyi,

hər şeyin ilkini olan yerinə.

Gedək,

könüllərin sıxılmayan yerinə.

Nə işimiz var

hamının gözü olan bu şəhərdə.

Bizim işimiz şəhərlik deyil,

Gedək,

çiçəklər üstünə təzə şeh salan

səhərlərin

dan şəfəqli üzünə.

Gedək,

qoy bilsinlər

sevgisi dalana dirənən

bu şəhərin

astarı nə, üzü nə.

Gedək,

könüllərin sıxılmayan yerinə.

Gəl gedək, canım-gözüm,

Gecədən səhərə

süd yolu açan

ay işığına sarı.

Gedək,

sevgisi sularla oynaşan

günəşin

bizi tamaşaya səsləyən

ayna tək göz qaytardığı

yaraşığına sarı.

Gedək,

iz düşməmiş hələ

təmiz sevgilər izinə,

Gedək ,

könüllərin sıxılmayan yerinə.

Üz qoyaq,

küləklər yanağını sığallayan

yaşıl otlar üzünə.

Baxaq,

bizə göydən

göz-qaş atan ulduzların

çiçək-çiçək gözünə.

Gedək,

quş qanadlı arzularla,

göydən

yaşıl işıq sevgi payımızı alaq.

Əl götürək

üzünün suyu tökülmüş yerdən,

Yolumuzu

telləri ağlı qırmızılı,

nur selindən hörülmüş

qövsi-qüzehdən salaq.

Əvvəl gözəl

Bizdən əvvəl əvvəl vardı,

Əvvəl gözəl, əvvəl gözəl.

Nə ayrılıq, hicran vardı,

Əvvəl gözəl, əvvəl gözəl.

Düşdük eşqin sevdasına,

Könül verdik Leylasına,

Fanidir, uyma fənasına,

Əvvəl gözəl, əvvəl gözəl.

Ətəkdən üzülüb gəldik,

Pətəkdən süzülüb gəldik,

Getməyə düzülüb gəldik,

Əvvəl gözəl, əvvəl gözəl.

Ruhum bədənə calandı,

Atəşə, oda qalandı,

Sındı, könüllər talandı,

Əvvəl gözəl, əvvəl gözəl.

Aşiq odur yana, yana,

Bülbül tək boyana qana,

Eşq əvvəldən düşdü cana,

Əvvəl gözəl, əvvəl gözəl.

Eşqinlə bağladım dastan,

Eşq qurtarar səni yasdan,

Əl üzmə vəfalı dostdan,

Əvvəl gözəl, əvvəl gözəl.

31 Yanvar 2013

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar