"Son 10 ildə Azərbaycanda böyrəklərin alqı-satqısı olmayıb" - Komissiya üzvü

"Son 10 il ərzində Azərbaycanda böyrəklərin alqı-satqısı halı qeydə alınmayıb. Mən bunu tam qətiyyətlə deyirəm".

Trend -in məlumatına görə , bunu Səhiyyə Nazirliyinin “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

" Azərbaycan vətəndaşları başqa ölkələrdə - Pakistanda , Iranda, Türkiyədə yazılı izahat verməklə öz böyrəklərini könüllü olaraq , kiməsə vermək üçün əməliyyat aparıblar. Lakin son 10 ildə Azərbaycanda belə hal olmayıb. Camaat bu barədə danışsa da, bunların heç bir əsası yoxdur. Çünki Azərbaycanda böyrəklərin transplantasiyası üçün qohum olmayan şəxslərin böyrəyindən istifadə olunmur. Heç bir tibbi mərkəzdə belə bir əməliyyat aparılmayıb".

Səhiyyə Nazirliyinin sektor müdiri Elxan Əzizovun orqan transplantasiyası üçün orqanların alqı-satqısına qanuni şəkildə icazənin verilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən F.Babayev deyib ki, bu təklif insanların sağlamlığına yönəlib. Amma bununla bağlı prosedurin hüquqi bazası olmadığı üçün müəyyən neqativ hallar baş verə bilər:"Aydın məsələdir ki , həkimin işi böyrəkköçürmə əməliyyatını icra etməkdir. Bu prosedurun sosial və hüquqi bazası mütəxəssislər tərəfindən hazırlanmalıdır".

F.Babayev onu da əlavə edib ki , b u günə qədər 758 xəstəyə böyrək köçürülüb. Keçən il isə 78 xəstəyə bu əməliyyat icra olunub.

F.Babayev qeyd edib ki, qanunvericiliyə əsasən, Azərbaycanda yalnız qohumlar xəstənin donoru ol a bilir. Lakin h ər bir ailə üzvinin də böyrəyinin öz xəstəsinə uyğunlaşmama ehtimalı böyükdür. Müəyyən göstərişlər uyğun gəlmədiyi üçün xəstələrin əksəriyyətinə böyrəkköçürmə əməliyyatı etmək mümkün olmur.

F.Babayev deyib ki , ə sasən cavan yaşlı xəstələrə və donoru qohum olan insanlara böyrəkköçürmə əməliyyatları apaılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə çıxış edərkən təklif etmişdi ki, transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürülsün və buna icazə verilsin: “Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda krimimal əməl kimi saxlanılıb. Biz bəlkə də buna icazə verməliyik. Biz bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamasını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün vacib məsələlərdən biri donorların xəstənin qohumunun olmasıdır: “Qanunda qohumluq məsələsi yoxdur. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir". Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar