ƏDALƏTLİ ŞƏXSİYYƏT

(İlyas İsmayılov haqqında düşüncələrim)

Çox hörmət etdiyim, mənim üçün əziz bir şəxsiyyət olan İlyas müəllimin bugünlərdə yubiley yaşı qeyd olunacaq. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, Allahın verdiyi ömrü özünün ürəyi istədiyi kimi yaşamasını arzu edirəm.

İlyas müəllim mənim üçün kimdir, onu necə təsəvvür edirəm?

Mən İlyas müəllimi universitet illərindən tanıyıram. Həmin illərdə onunla yaxınlığımız olmasa da, fakültənin ən yaxşı tələbəsi kimi hörmətim var idi. Onu Respublika Prokurorunun köməkçisi, müavini və Respublika Prokuroru işlədiyi müddətdə daha yaxından tanımışam. İlyas müəllimin bütün vəzifələrdə öz sözünü deyən, haqqa, ədalətə xidmət edən bir şəxs olduğunu görmüşəm. Onun bütün fəaliyyəti haqqa, ədalətə, xalqa layiqli xidmət etməklə qanunun aliliyinin təmin edilməsinə yönəlmişdir. O, bu fəaliyyətini kadrların düzgün seçilib yerləşdirilməsində, seçdiyi kadrların savadlı, ədalətli, təmiz, Azərbaycan ənənələrinə uyğun olmasında görürdü. İlyas müəllim kadrları kiminsə vəzifəli qohumuna və digər göstəricilərinə görə deyil, məhz yuxarıda göstərdiyim prinsiplər əsasında seçirdi.

İlyas müəllim Respublika Prokuroru təyin edildikdən sonra arxalı qohumlarına güvənən yüksək vəzifəli prokurorluq işçilərini vəzifələrdən uzaqlaşdırıb, onların yerinə savadlı, çalışqan, öz zəhməti hesabına yüksələn işçiləri təyin edirdi. Buradan belə nəticə çıxmasın ki, bu hərəkəti ilə O öz gücünü göstərirdi. Yox! O, yol verilmiş ədalətsizliyi aradan qaldırmaqla haqqı bərpa edirdi.

Məhz bu prinsipləri əldə rəhbər tutan İlyas müəllim Respublika daxilində və Respublikadan kənarda olan savadlı kadrları prokurorluğa işə götürməkdə çox maraqlı idi. Belə ki, hamının yaxşı tanıdığı, çox savadlı, təmiz, işbilən Vaqif Nəzərov və İldar Dadaşov onun vaxtında prokurorluğa işə qəbul edilib, yüksək vəzifə tutmuşdular.

İlyas müəllim xalqına xidmət edən, onun adət-ənənəsinə hörmət bəsləyən bir şəxsiyyətdir. Bununla əlaqədar bir misal göstərə bilərəm. Rayonların birində xırda xətaya görə gənc qız uşağını bir axşam polis idarəsində saxlamışdılar. Bu hadisə İlyas müəllimə çatmışdı. Növbəti kollegiyada həmin rayonun prokurorunu qaldıraraq onu çox ciddi tənbeh etdi və nə üçün gənc bir qızın polisdə saxlanmasını soruşaraq, əsəbi şəkildə bildirdi ki, bu halın həmin gənc qızın taleyində nə qədər çətinliklər yaradacağını başa düşürsünüzmü? O, hərkəsin belə hallara qarşı gələcəkdə kəskin mübarizə aparmalı olduğunu tapşırdı. Onun belə göstərişləri hər bir prokuror üçün dərs olurdu.

İlyas müəllim işçilərinin nüfuzlu olmasına fikir verirdi. Rayonların birində birinci katib prokurorun raykomda növbətçi salınmasına göstəriş vermişdi. Bunu eşidən İlyas müəllimin həmin katiblə çox ciddi danışığı olmuşdu.

Bərdə RPK-nin birinci katibi Rüstəm Səfərəliyev Respublikanın ən nüfuzlu katiblərindən biri idi. Sosialist Əməyi Qəhrəmanı, Ali Sovetin deputatı, sədr müavini və Mərkəzi Komitənin üzvü idi. Olduqca işgüzar və ciddi adam idi. İlk əvvəllər münasibətlərimiz normal olsa da, 1984-cü ildən yaxın ətrafının öyrətməsi ilə mənə qarşı qərəzli davranırdı. Hətta məzuniyyətdə olarkən, bir neçə nəfəri çağırtdırıb mənim əleyhimə izahat almaq istəmişdilər. Bir müddətdən sonra Rüstəm Səfərəliyevin mənə qarşı münasibəti qismən yumşaldı. Təxminən 1 ildən sonra bu “yumşalmanın” səbəbini bildim.

Belə ki, Respublika Prokurorluğunun ən nüfuzlu işçilərindən İdris Əsgərov mənə aşağıdakıları dedi:

- Rüstəm Səfərəliyev mənim Bərdə rayonundan dəyişilməyim barədə İnzibati Orqanlarla iş şöbəsinin müdiri Sabir Hüseynova müraciət edir. Sabir Hüseynov bu məsələ ilə əlaqədar Respublika Prokuroru İlyas İsmayılova müraciət etməsini məsləhət bilir. Rüstəm Səfərəliyev İlyas müəllimin yanında olarkən, İdris müəllim də orada iştirak edir. Katib mənim rayondan dəyişilməyim barədə İlyas müəllimə müraciət edərkən o səbəbini soruşur. Qəbahət kimi Rüstəm Səfərəliyev mənim yerli qəzetin redaktoru ilə dostluq münasibətində olmağımı göstərir.

İlyas müəllim deyir:

- Qəzet RPK-nın orqanıdır. Həmin redaktoru birinci katib kimi vəzifəyə siz təyin etmisiniz. Əgər redaktor doğrudan da pis adamdırsa, onu nə üçün vəzifədə saxlayırsınız?

Rüstəm Səfərəliyev xahişinin yerinə yetirilməməsinə görə narazı görkəmdə ayrılarkən, İlyas müəllim ona müraciətlə deyir:

- Rüstəm müəllim, ola bilər ki, prokuroru müzakirə edib partiya cəzası verəsiniz. Biləsiniz ki, mən onu müdafiə edəcəyəm.

Əsas demək istədiyim budur ki, bu hadisəni İlyas müəllim bir dəfə də olsun mənim yanımda hallandırmamışdır. Yəni mənə etdiyi yaxşılığı heç vaxt dilinə gətirməmişdir. Bu əsl kişilik nümunəsidir!

Bir məsələyə də toxunmaq istəyirəm. İlyas müəllimi istəməyənlər “pambıq işlərini” onun adına bağlamaq istəyirdilər. Bununla əlaqədar məsuliyyətlə deyə bilərəm ki, həmin dövrdə İlyas müəllim Respublika Prokuroru olmasaydı Respublikamız Özbəkistanın gününə düşə bilərdi. SSRİ Baş Prokuroru Rekunkovun İlyas müəllimə olan hörməti nəticəsində həmin işlərin aparılması Respublika Prokurorluğuna tapşırılmışdır. Bir çox ağzıgöyçəklər deyirlər ki, Özbəkistanda pambıq işlərinin istinataqını aparan müstəntiq Qdlyan Azərbaycanda olub. Qdlyan pambıq işləri ilə əlaqədar heç bir vaxt Azərbaycanda olmayıb. Azərbaycanda Pambıqçılıq Sənaye naziri Salmanovun barəsində aparılan cinayət işinin istintaqı ilə əlaqədar SSRİ Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq Maydanyuk familyalı şəxs Bakıda və Bərdədə olub.

Bu məsələ ilə əlaqədar bir müqayisəni göstərmək istəyirəm. Şəmkir rayonunda “pambıq işi” SSRİ Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən aparılırdı. Həmin rayonda nələr olduğunu şəmkirlilər yaxşı bilir. Şəmkir rayonu üzrə məhkəməyə verilənlərin sayı respublikamızın digər rayonlarında aparılan pambıq işləri üzrə məhkəməyə verilmiş şəxslərin sayından çox olmuşdur. Mən deyərdim ki, İlyas müəllim bir növ respublikanı xilas etmiş oldu.

İlyas müəllim həm prokuror kimi, həm alim kimi, həm də ictimai xadim kimi hər cür tərifə layiqdir. İlyas müəllimlə işləmək çox böyük, şərəfli işdir. Onun haqqında hər cür yaxşı sözləri səmimiyyətlə demək olar. Bir daha ona can sağlığı, uzun ömür arzulayıram.

Hüseyn İlyas oğlu Hüseynov,

Prokurorluğun keçmiş əməkdaşı

635x100

Şərhlər

Amin 2018-03-16 00:02:22

İlyas müəllim qız uşağının mototsikletlə milis şöbəsinə gətirilməsinə görə, həmin prokuroru işdən çıxartmışdı.

Gəncəli 2018-03-16 00:02:22

İlyas ismayilovu ürəkdən təbrik editr, ona can sagligi arzulayıram.

qorxmaz 2018-03-16 00:02:22

Yaxshiliq va pislik itmir insanlar vicdanin itirir

Son yazılar