Növbədənkənar

Dərc olunub: 17/03/2018 - 20:19

Zamin HZamin HACI

Hökumət bayamqabağı lütfkarlığını uca millətimizdən əsirgəmir. Təbrik təbrik ardıyca, maaşların qalxması, qiymətlərin enməsi…
Hətta Bakı şəhər icra hakimiyyəti həftədə 3 dəfə “Məhsul” stadionunda dombalaq aşmaq üçün müxalifətə yer ayırdı, lakin onların sözü olmadığından iki dəfəsindən imtina etdilər. Düz də elədilər, çünki müxalifətin yerinə biz olaq: çıxıb orda nə deyəcəyik, kimə etiraz edəcəyik? Bəyənilməyəcək heç zad qalmamışdır. Bircə 3-4 siyasi dustaq qalmışdır, ümid edirik hökumət onları da bu Novruz bayramının əhvali-ruhiyyəsinə bağışlayar. Nəticədə hamımız hakimiyyətin ətrafında sıx birləşib Marsı, Süd yolunu, uzaq Andromeda dumanlığını kəşf etməyə gedərik. Zeynəb xanımın o köhnə, lakin köhnə olduğu qədər də həmişə aktual mahnısında sanki bugünkü müstəqil Azərbaycanımız tərənnüm edilmişdir: “Gəzir dünyaları nəğməm dünyada, Dünyanın xoşbəxti mənəm dünyada”.

Özü də bu xoşbəxtlik quşu, səadət günəşi, gözəllik ilahəsi bizim çiynimizə, təpəmizə heç gözləmədiyimiz istiqamətlərdən qonmaqdadır. Süpürgə və badımcanın, su şlanqı və eşşək qanqalının, at əti və dinozavr pətənəsinin qiymətlərində sıfır tam mində bir qram endirimin olmasını, müvafiq fərmanlarla burun-boğaz-qulaq həkimlərinin maaşının 20 qəpik, əmək təlimi müəllimlərinin əmək haqqının isə düz 45 qəpik artırıldığını qeyd etmişik. Ancaq 2 milyard borcumuzun silinməsi…

Nə deyim, nə yazım bilmirəm. Ürəyim qürurdan parçalanır, sinəmdən çıxmaq istəyir. Tanınmış manıslarımızdan Güləndam Lütəndamlının “Mən səni sevirəm, sən də məni sevirsən, biz bir-birimizi sevməliyik, ey yar” hit-mahnısında deyilən kimi: “Ürəyim sənindir, sənin ürəyin də mənimdir”. Son illər belə mənalı mahnılarımız çoxdur. Adam səsin sehrindən heç müğənninin sponsorluq hissələrinə baxmağa macal tapmır.

Bəs bu iki milyard manat nə məsələdir, geniş yazım. Xəbər lentində gördüm: “Hökumət əhalinin 2 milyard borcunu sildi”. Pis çıxmasın, mən də əhalidən sayılıram səhv eləmirəmsə, hərçənd hər dəfə kommunal ödənişlər edəndə avtomat qurğunun ekranında “qeyri-əhali” düyməsini tıklamaq istəyirəm. Uzun sözün qısası, baxdım görüm bu nə milyardlardır, haçan xərcləmişik. Sən demə bu, hələ 2017-ci ilin yekunlarına aiddir, sadəcə indi acıqlamaq Nazirlər Kabinetinə vacib olmuşdur. Seçkiylə əlaqəsi yoxdur, əlbəttə. Artur müəllim o qədər seçki görüb ki, onun üçün bunlar xırda, əhəmiyyətsiz məsələlərdir. Borcumuzun məbləği isə hələ saytda yuvarlaq yazılıbdır, ümumən 2 milyard 285 milyon 354 min manat 80 qəpik (!) imiş. Vergi borcları imiş. Axı biz hamımız sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Mən cırcırama quyruğu yığıram, qonşum xoruz beli yağlayır, qohumlarım səbətdən tökülən gilaslardan mürəbbə bişirir. Hər bir yaşayış məskəni, hər oba, oymaq, kənd, aul, qəsəbəmiz bu dəqiqə sənaye məhəlləsi, azad iqtisadi zona, Ələt dəniz limanı, Bakı-Qars dəmiryolu, Şəki-Saturn peykyoludur!

Vallah, min kərə halal olsun. Orda borcumuz yığılıb, xəbərimiz yoxdur. Belə getsə bu millət Qarabağı da verər. Nə yaxşı hökumət yatmır, gecə-gündüz çalışır – Lalə xanım demişkən.

Məncə, bu quruculuq işləri Novruz bayramından sonra da davam etdirilməlidir. Çünki hələ də dünyanın qara-qura dəlmədeşiklərində uğurlarımızdan ürəyi partlamayan erməni qırıntıları qalmaqdadır. Təklif edərdim biz Novruz bayramından dərhal sonra bir növbədənkənar Novruz bayramı da keçirdək. Növbədənkənar Yel çərşənbəsi olsun. Keçəlin ala başını növbədənkənar yağlayaq. Düzdür, kərə yağı bahadır, nədənsə bu yağ heç əfv sərəncamına düşmədi, ancaq adət-ənənələrimiz əzizdir.

Bayramınız mübarək, əziz həmvətənlər! (Neçə ildir bu müraciəti yazmağın həsrətində idim)/musavat.com


loading...




Fikrinizi bildirin